RU

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Ankara, 3 iyul, Elmir Səftərov, AZƏRTAC

Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” təlimlərinin üçüncü günü yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, iyulun 3-də media nümayəndələrinə günün birinci yarısında fövqəladə vəziyyətlərdə media idarəçiliyi, şəxsi təhlükəsizlik məsələləri, günümüzdə kibertəhlükəsizliyin önəmi, bu istiqamətdə önləyici addımların atılması, jurnalistlərin savaş bölgəsində fəaliyyət göstərərkən olduğu ölkə, region barədə məlumatlı olmasının əhəmiyyəti barədə mühazirələr deyilib.

Günün ikinci yarısında keçirilən təlimlərdə isə media nümayəndələrinə fövqəladə vəziyyətlər, sosial hadisələr, aksiyalar zamanı müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib. Həmçinin jurnalistlər qaz bombası atılarkən və təzyiqli su altında necə davranılması barədə praktiki çalışmalar yerinə yetiriblər.

Qeyd edək ki, təlimlərdə 10-u Anadolu Agentliyinin əməkdaşı, 15-i isə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, İraq və Qırğızıstandan olmaqla 25 media nümayəndəsi iştirak edir. Azərbaycandan bu təlimlərdə 4 nəfər media nümayəndəsi, o cümlədən AZƏRTAC-ın müxbiri, Vətən müharibəsinin iştirakçısı Elmir Səftərov da qatılıb.

Təlimlərin məqsədi müharibələr, təbii fəlakətlər və fövqəladə vəziyyətlər zamanı fəaliyyət göstərən müxbirlərin hazırlanmasına dəstək verməkdir. Media nümayəndələri 12 gün ərzində ümumilikdə 26 istiqamət, o cümlədən jurnalistika, şəxsi təhlükəsizlik, müharibə qanunları, ilk tibbi yardımın göstərilməsi, qabaqcıl sürücülük texnikalarından istifadə, suda sağ qalma, kimyəvi və bioloji hücumlardan qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət, media idarəçiliyi və digər mövzulardan ibarət təlimlərdə iştirak edəcəklər.

Təlimləri uğurla başa vuran media nümayəndələri beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.

Избранный
97
5
azertag.az

6Источники