RU

Tamaş “Qarabağ”ı “Neftçi”dən böyük klub sayır

“Neftçi”nin macarıstanlı futbolçusu Mark Tamaş “Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Fehervar”ın rəsmi saytına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, “Fehervar”ın yetirməsi macarlara “Sumqayıt” barədə məlumat verib.

– Sekeşfexervarda doğulan və bu şəhərdə böyüyən bir oyunçu kimi hazırda “Neftçi”nin futbolçususunuz. Bakıya necə getdiyiniz barədə məlumat verə bilərsiniz?

– “Fehervar”, “Puşkaş Akademiyası” və “Dioşdyor”da oynadıqdan sonra legioner həyatı yaşamağa başladım. İndi isə Bakıdayam. Adrian Mutunun istəyi ilə ötən il “Sepsi”dən bura gəldim. O, məni Rumıniya çempionatından tanıyırdı. İddia etmirəm ki, transfer olunanda Azərbaycan futbolu barədə hər şeyi bilirdim. Amma liqa haqqında çox məlumatım var idi. Əsasən də, “Qarabağ”a görə. “Neftçi” Azərbaycanın “Qarabağ”dan sonra ikinci ən böyük klubudur.

– Azərbaycanda ilk mövsümünüz necə keçdi?

– Təəssüf ki, ötən ilimiz istədiyimiz kimi getmədi, son turdan əvvəl 2-ci yerdə olsaq da, evdə 0:1 hesabı ilə uduzduq. Digər nəticələr isə elə oldu ki, 5-ci pilləyə düşdük, avrokuboklardan kənarda qaldıq. Bütün mövsüm bir az xaotik keçdi. Ancaq ümumilikdə özümü yaxşı hiss edirəm, ümid edirəm ki, növbəti mövsüm bizim üçün daha yaxşı olacaq. Mənim üçün ən çətini yerli iqlimə alışmaq idi. İlk vaxtlar bu baxımdan əsl kabus oldu. Təkcə həddindən artıq isti ilə deyil, həm də böyük rütubətlə mübarizə aparmalı oldum. Başlanğıcda çox tez nəfəsim kəsilirdi, amma yavaş-yavaş uyğunlaşmağa nail oldum. Azərbaycan çempionatı Macarıstan liqasına bir az bənzəyir. Ona görə ki, “Qarabağ” “Ferensvaroş” kimi görkəmli komandadır. Ondan başqa fəxri kürsü üçün mübarizə aparan daha dörd yaxşı komanda var. İkinci və beşinci yer arasındakı fərq cəmi 2 xal idi. Digər komandalar bir-birlərinə qarşı oynamağa üstünlük verir və onlar cədvəlin ikinci yarısında yer alırlar. Macarıstan və Azərbaycan çempionatları həm də ona görə oxşardır ki, komandalar bir neçə dəfə bir-birləri ilə oynayırlar. Azərbaycanda bir mövsümdə hər komanda ilə dörd dəfə oynayırsan. Bununla belə, bütün Azərbaycan komandalarının liqada riayət etməli olduğu xüsusi qayda da var və bu, hər klubun start heyətində ən azı 4 azərbaycanlı futbolçunun olmasıdır.

– “Fehervar”ın Konfrans Liqasındakı rəqibi Azərbaycan çempionatınını sizdən 1 xal öndə tamamlayan “Sumqayıt” olacaq. Bu komanda haqqında nə bilmək lazımdır?

– Onlar haqqında bilmək lazım olan ən vacib şey odur ki, sizi tam yeni stadionda qəbul edəcəklər. Keçən il orada bir oyun keçirdik. “Sumqayıt” da əks-hücumlara çox önəm verən komandalardandır. Təhlükəsiz müdafiədən hücumlara başlayırlar və bunda kifayət qədər bacarıqlıdırlar. Ancaq gördüyüm kimi, son bir neçə həftədə onların bütün hücumçuları satılıb və bu futbolçuları kimlərin əvəzləyəcəyi hələ məlum deyil. Həm də komanda üçün xarakterikdir ki, onlar daim yarımmüdafiə xəttində hərəkətlidirlər. Əgər bunun qarşısını ala bilsən, o zaman Azərbaycan komandasını qapından uzaq tuta bilərsən. Sizin üçün böyük çətinlik yarada biləcək şey burada artıq qeyd olunan iqlimdir. Həqiqətən də, bunun öhdəsindən gəlmək asan olmayacaq.

– “Fehervar”ı da izləyirsiniz?

– “Fehervar” barədə məlumatlıyam. Bu komanda həmişə ürəyimdə olub və bu dəyişməyib. Azərbaycanda bu komanda ilə bağlı xəbərləri gündəlik izləyirəm.

– Necə düşünürsünüz, bu dueldə şanslar necədir?

– Düşünürəm ki, “Fehervar” daha da irəli gedəcək. Azərbaycandakı matç iqlimə görə daha çətin ola bilər. Amma radikal dəyişiklik olmasa, evdəki matçda iki komanda arasında keyfiyyət fərqini hiss edəcəksiniz.

CAVAD

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
2
futbolinfo.az

4Источники