Azərbaycan özünün "balanslı siyasəti" çərçivəsində formalaşdırdığı xarici siyasətinə uyğun olaraq çoxtərəfli diplomatiya əsasında hərəkət edir, ölkənin hər hansı bloka daxil olması əvəzinə çoxölçülü münasibətlərə üstünlük verir.
Day.Az xəbər verir ki, bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.
O qeyd edib ki, bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın diqqətini cəlb edir.
"44 günlük Vətən Müharibəsi sonrası həm Türk Dünyasında, həm də beynəlxalq aləmdə effektivliyini artıran Azərbaycan ŞƏT-ə üzv ölkələrin, xüsusilə Rusiya və Çinin əməkdaşlıq etmək istədiyi ölkəyə çevrilib. ŞƏT-in üzv ölkələri həm coğrafi, həm də iqtisadi baxımdan Azərbaycanla sıx əlaqələri olan ölkələrdir. Ona görə də Azərbaycanla ŞƏT arasında əməkdaşlıq Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Çünki ŞƏT regional təhlükəsizlik, iqtisadi inkişaf və mədəni əməkdaşlıqda mühüm rol oynayır və beynəlxalq münasibətlərdə diqqətlə izlənilməli olan bir aktordur.
Azərbaycanla belə bir qurum arasında əməkdaşlıq hər sahədə Azərbaycana xeyir verəcəkdir. Əslində, Astanada keçirilən Zirvə görüşündə Azərbaycan və Çin Xalq Respublikası arasında strateji əməkdaşlıq sazişinin imzalanması və Azərbaycan, Türkiyə və Pakistan arasında keçirilən üçtərəfli görüşü Azərbaycanın regional və qlobal təsir dairəsini gücləndirəcək. Azərbaycanın ŞƏT-ə üzv ölkələr, xüsusilə Çin, Rusiya və Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələri Azərbaycanın iqtisadi inkişafına mühüm töhfə verəcək. Azərbaycanın ŞƏT-ə üzv ölkələrlə enerji sahəsində əməkdaşlığı həm Azərbaycanın enerji təchizatı təhlükəsizliyinə müsbət təsir edəcək, həm də Azərbaycana öz enerji resurslarını daha geniş bazara təqdim etməyə və enerji infrastrukturunu inkişaf etdirməyə imkan verəcək.
Nəticədə ŞƏT Azərbaycan üçün iqtisadi, təhlükəsizlik, diplomatik və mədəni baxımdan mühüm imkanlar təklif edir. Azərbaycanın ŞƏT ilə əlaqələri ölkənin iqtisadi inkişafına dəstək verəcək, regional təhlükəsizliyi artıracaq və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə töhfə verəcək", - deyə M.Yüce bildirib.