RU

Ersin Tatar: ŞKTR-i dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdaram

Ankara, 4 iyul, AZƏRTAC

Şimali Kipr Türk Respublikasına (ŞKTR) göstərdiyi böyük dəstəyə və Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə Görüşündə iştirak etmək imkanına görə Azərbaycan Prezidenti İlham Əliyevə ürəkdən minnətdaram.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycana yola düşməzdən əvvəl jurnalistlərə müsahibəsində ŞKTR Prezidenti Ersin Tatar deyib.

Ersin Tatarın sözlərinə görə, TDT-nin sıralarında olmaq Lefkoşanın dünyada mövqeyini gücləndirir, ədalətsiz təcriddən çıxmağa kömək edir və maneələri aradan qaldırır.

Dövlət başçısı türk dövlətləri liderlərinin 2022-ci il noyabrın 11-də ŞKTR-in TDT-də təmsil olunması barədə qərarını yüksək qiymətləndirib. “Ölkəmiz tarixində ilk dəfə olaraq ŞKTR rəsmi adı ilə beynəlxalq struktura qəbul edilib. Bu, Kiprin türk xalqının maraqları baxımından çox mühüm addımdır. Bu qərarın verilməsində Türkiyə və Azərbaycan prezidentlərinin xüsusi rolu olub”, -deyə Ersin Tatar vurğulayıb.

O qeyd edib ki, TDT-də müşahidəçi statusu Lefkoşa ilə digər türk dövlətləri arasında əlaqələrin intensivləşməsinə kömək edir. ŞKTR Prezidenti əlavə edib: “Son illərdə ŞKTR TDT-nin müxtəlif tədbirlərinə dəvət alır ki, bu da Türk dünyasında əməkdaşlığın dərinləşməsi üçün əsasdır”.

TDT liderlərinin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə Görüşünü şərh edən Tatar deyib: “Biz birlikdə daim daha güclüyük. Ailəmlə görüşməyə gedirəm. Türk Kipri Türk dünyasının ayrılmaz bir parçası, cənub qalasıdır. Şimali Kipr Türk Respublikasının prioritet məqsədi Türk Dövlətləri Təşkilatında statusunu gücləndirməkdir”.

Tatarın sözlərinə görə, Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə Görüşünün gündəliyinə mühüm məsələlər və layihələr daxildir və yekun olaraq, Birgə Bəyannamənin qəbulu planlaşdırılır.

ŞKTR Prezidentini Azərbaycana səfəri çərçivəsində Şimali Kiprin xarici işlər naziri Tahsin Ertuğruloğlu müşayiət edir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
4
azertag.az

10Источники