RU

Azərbaycanla Çin arasında imzalanmış birgə bəyannamə bir çox məhsulun qiymətinə birbaşa təsir edə bilər

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.

“Operativ Media” xəbər verir ki, birgə bəyannmənin müddəaları arasında xüsusi ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün vacib bəndlər var. Belə ki, bəyannamədə qeyd edilir ki, Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyalar, yaşıl enerji, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin təşviqinə diqqət yetirməyə hazırdırlar.

Çindən Azərbaycana idxal kəskin artacaq

İyul ayından başlayaraq isə Çinin Sian limanından Bakıya Orta Dəhlizlə gündə bir dəfə olmaqla müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb. Məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 12 günə Bakıya çatacağı gözlənilir. Çindən Azərbaycana məhsulların belə qısa müddətə çatması isə logistika xərclərini azaldacaq.

Xüsusilə qeyd edilməlidir ki, iki ölkə arasında son 9 ildə mal mübadiləsi 6 dəfə yüksəlib və Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Bunun əsas səbəbi isə Çində qiymət artımının olmamasıdır. Azərbaycanın məhsul idxal etdiyi digər ölkələrdə devalvasiya müşahidə edilməkdədir. Qonşu Türkiyədə bu rəqəm bir neçə dəfə artıb. Çində isə son bir il ərzində qiymətlərdə artım görünmür. Qiymətlər durğunluq dövründədir ki, bu da Çindən məhsul gətirməyi sərfəli edir. Qiymət artımının Çində aşağı səviyyədə olması cəlbediciliyini artırıb. Bu faktorlar Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin artmasına səbəb olur.

Hansı məhsullar ucuzlaşa bilər?

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 3 milyard dolları keçib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Çindən idxal edilən bəzi məhsulların həcmində artım olub.

Xam şəkər və şəkər idxalı, quş əti və onun əlavə məhsulları, mal əti, polad prokatı, hesablama maşınları, blok və qurğuları, məişət kondisionerləri, qara metallardan borular, sement və sement klinkerləri, məişət soyuducuları, tekstil və digər yüngül sənaye məhsullarının Çindən idxalında artım var. Çindən avtomobil daşıması isə 52 faiz artıb. Əvvəllər avtomobil sifarişi verən şəxslər 4 ay gözləməli olurdularsa, yeni qaydalarla bu proses 12 gün çəkəcək. İnvestisiya məbləğinin dövriyyə müddətinin az qalması da sahibkar üçün dövriyyənin bir neçə dəfə təşkilinə imkan verəcək. Əgər sahibkar qoyduğu məbləğin gəlirini ən az 4 ay gözləməli olurdusa, indi bu rəqəm 1 aydan da azdır. Nəticədə sahibkar satdığı məhsulun yerinə rahatlıqla əlavə malları daha tez vuracaq. Bazarda təklifin çox olması real rəqabət mühiti yaratmış olacaq. Xüsusilə yuxarıda qeyd edilən məhsulların qiymətində ucuzlaşma gözlənilir. Bununla yanaşı Azərbaycanda hökmran mövqedə olan bəzi şirkətlərə iri Çin şirkətlərinin rəqib olacağı da gözlənilir. Yeni bəyannamədə qeyd olunur ki, tərəflər iki ölkənin müəssisələri üçün əlverişli şərtlər və lazımi şərait yaratmağa, iki ölkənin əməkdaşlıq layihələrinin və müəssisələrinin heyətinin təhlükəsizliyini birgə təmin etməyə hazır olduqlarını bildirirlər. Bu isə hər iki ölkənin qarşılıqlı ticarətdə investorlar üçün yeni imkanlar yaradacağından xəbər verir. Hazırda Çin şirkətləri ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində təmsil olunur və onların sayı 120-yə yaxındır. O cümlədən, Azərbaycan Çinin  6 şəhərində ticarət evləri açıb, qeyri-neft istehsalımızın bu bazarlara çıxarılması üçün işlər aparılır. Yeni bəyannamə hər iki ölkə üçün yeni imkanlar açacaq.

Избранный
126
operativmedia.az

1Источники