RU

Üç qardaşın yeni formatda ilk görüşü: Hərbi-siyasi əməkdaşlığın iki istiqaməti

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub.
Söhbət zamanı Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib.
Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə "Üç qardaş" şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib. Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulanıb.
Bəs bu əməkdaşlıq özündə nələri ehtiva edir?
Hərbi ekspert Ramil Məmmədli Oxu.Az-a açıqlamasında Azərbaycan, Türkiyə və Pakistanın hərbi-siyasi əməkdaşlığının iki istiqamətdə həyata keçirildiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, birinci yaxınlaşma ondan ibarətdir ki, hər üç ölkənin regional hərbi təhdidlərə qarşı birgə fəaliyyət göstərməsidir.
"Məsələn, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması prosesində siyasi-mənəvi birliyin nümayiş etdirilməsi. Yəni, həm Pakistan, həm də Türkiyə Azərbaycana siyasi dəstək nümayiş etdirdilər. Bu da öz növbəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində mənəvi cəhətdən rol oynadı.
Daha bir məsələ isə Avrasiya məkanında hərbi-siyasi kontekstdə yaradıla biləcək yeni formatın üzvü şəklində fəaliyyət göstərməklə bağlıdır.
Digər əməkdaşlıq isə hərbi-texniki kontekstdədir. Biz bilirik ki, Türkiyə, Azərbaycan və Pakistan mütəxəssisləri müxtəlif silah və texnikaların birgə modernləşməsi istiqamətində addımlar atırlar, həmçinin satınalmalar reallaşdırılır. Həm Azərbaycandan Türkiyəyə, həm Azərbaycandan Pakistana, həmçinin də qeyd olunan ölkələrdən Azərbaycana müxtəlif təyinatlı hərbi texniki vasitələr ixrac olunur. Məsələn, ən çox tanıdığımız hərbi texniki vasitələrdən biri Türkiyənin Azərbaycana satdığı "Bayrakdar TB2" və "Akıncı" silahlı pilotsuz uçuş aparatlarıdır. Uzun illərdir aparılan danışıqların ilkin nəticəsi olaraq Pakistan isə Azərbaycana "JF-17" çoxtəyinatlı döyüş təyyarəsi satıb.
Buna qədər Pakistan-Azərbaycan hərbi-texniki əməkdaşlığında müxtəlif çaplı mərmilərin satınalınması, modernləşmə layihələri icra olunub. Həmçinin hərbi dəniz qüvvələri sahəsində yaxınlaşmalar da var. Pakistanlı mütəxəssislərin Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə də əməkdaşlığı mövcuddur.
Ümumilikdə isə hesab edirəm ki, qarşıda Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə arasında hərbi-texniki sahədə daha ciddi layihələrin reallaşacağı gözləniləndir", - deyə hərbi ekspert bildirib.

Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
oxu.az

1Источники