RU

Media nümayəndələrinə zəruri müdafiə fəndləri öyrədilib

Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” təlimləri davam edir. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 4-də media nümayəndələrinə təlimçilər tərəfindən nəzəri və praktiki dərslər keçirilib. Əvvəlcə müxtəlif ölkələrdən olan media subyektlərinin nümayəndələrinə qaçqın və məcburi köçkün arasındakı fərqlər, qaçqın düşərgələri və sığınacaqları, adam oğurluğu, siyasi səbəblərə görə öz ölkəsindən mühacirət edənlər və digər mövzular barədə ətraflı məlumatlar verilib. Hazırda dünyada qaçın məsələsi qlobal problemlər sırasında olduğu üçün jurnalistlərin də bu kateqoriyadan olan şəxslərlə münasibətdə davranış qaydaları izah olunub. Bundan əlavə, dərsdə Türkiyədəki miqrantların, deportasiya edilmiş şəxslərin ölkələr üzrə statistikası təqdim edilib.

Media nümayəndələrinin müharibə bölgəsində etməli olduğu hərəkətlər, xəbərlərin təqdim olunma standartları, müxtəlif mövzularda materialların hazırlanmasının vacibliyi, təhlükəli zonalarda müxbirlərin davranış qaydaları izah olunub.

Təlimin dördüncü gününün digər dərsləri isə zəruri müdafiə fəndlərinin öyrədilməsinə həsr olunub.

Türkiyə polisləri tərəfindən göstərilən fəndlər şəxsin özünü, xüsusilə də sağlamlığını müdafiə etməsi üçün gördüyü tədbirlərdən ibarət olub. Bildirilib ki, bu fəndlər, sadəcə özünümüdafiə üçün istifadə olunur və özündə müdafiə texnikalarını ehtiva edir. Yaxın məsafədən edilən hücumlar zaman təhlükəli ərazinin tərk edilməsi, zərbəyə qarşı müdafiə mexanizmləri polislər tərəfindən göstərilib və media nümayəndələri bu fəndləri praktiki şəkildə tətbiq ediblər.

Qeyd edək ki, təlimlərdə 10-u Anadolu Agentliyinin əməkdaşı, 15-i isə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, İraq və Qırğızıstandan olmaqla 25 media nümayəndəsi iştirak edir. Azərbaycandan bu təlimlərdə 4 nəfər media nümayəndəsi, o cümlədən AZƏRTAC-ın müxbiri, Vətən müharibəsinin iştirakçısı Elmir Səftərov da qatılıb.

Təlimlərin məqsədi müharibələr, təbii fəlakətlər və fövqəladə vəziyyətlər zamanı fəaliyyət göstərən müxbirlərin hazırlanmasına dəstək verməkdir. Media nümayəndələri 12 gün ərzində ümumilikdə 26 istiqamət, o cümlədən jurnalistika, şəxsi təhlükəsizlik, müharibə qanunları, ilk tibbi yardımın göstərilməsi, qabaqcıl sürücülük texnikalarından istifadə, suda sağ qalma, kimyəvi və bioloji hücumlardan qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət, media idarəçiliyi və digər mövzulardan ibarət təlimlərdə iştirak edəcəklər.

Təlimləri uğurla başa vuran media nümayəndələri beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.

Избранный
73
2
sia.az

3Источники