RU

“70 və ya 80 yaşının olmasının deputatın ağlına dəxli yoxdur”

Azərbaycan parlamentinin üzvləri hər zaman ictimaiyyətin maraq dairəsində olub. Bu da təsadüfi deyil. Xalq kimə səs verdiyini hər zaman diqqətdə saxlayır. 

Sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkiləri bu müzakirələri daha da qızışdırıb. Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də məhz deputatların yaşlarıdır. 

Cəmiyyətin bəzi nümayəndələri düşünür ki, parlamentin daha gənc və dinamik şəxslərdən formalaşmalıdır. Bu səbəbdən də yaşı 70-i ötmüş bir çox köhnə simanın deputat mandatı ilə vidalaşması istənilir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan aparıcı Kamran Həsənli bu yanaşmanın doğru olmadığını bildirib: 

“Atalardan bir misal var ağıl yaşda deyil, başdadır. Kiminsə 70 və ya 80 yaşının olmasının onun ağlına dəxli yoxdur, amma təbii ki, daha energetik, canında sağlamlıq olan insanların siyasətlə məşğul olması önəmlidir. 

Hazırda Amerikada da yaşlılıqla bağlı bəla var. Orada iki qoca adam Amerikanı gülünc vəziyyətə qoyublar. 

Bizdə bu gülünc vəziyyət isə çoxdan var, Azərbaycanda parlamentdə oturan cavanlar yararsızlıqda heç də qocalardan geri qalmırlar. Bir çoxları belədir. Düzdür, parlamentdə normal adamlar var, normal saydıqlarımızın da əksəriyyəti elə yaşlı adamlardır. Məsələn, Vahid Əhmədov və digər bir neçə deputat buna misaldır. Bu cür deputatlar bizə lazımdır. 

Bu məsələdə söhbət yaşda yox, doğru seçimdən getməlidir. Məsələ inamlı, etibarlı seçim olmalıdır. Ona görə də mən güman edirəm ki, 1-2 ayın ərzində, hazırlıqsız seçki etməyə toplum olaraq hazır deyilik, ola bilər ki, seçki komissiyası buna dəhşətli hazır olsun, amma söhbət xalqdan gedir. Yeni seçilən depuatatlar arasından əsl intellektualları, milli düşüncəsi olanlar seçmək üçün 7-8 aylıq seçki estafeti lazımdır”. 

O, bu seçkilərdə namizəd olmağı düşünmədiyini bildirib və bunun səbəbini açıqlayıb: 

“Deputatlığa namizəd olmaq elə-belə iş deyil, bunun üçün gərək maliyyən olsun. Həm də 1-2 ayın içində deputat seçmək olmaz. Məndə elə bir təəssürat yaranıb ki, deputatların öz kreslosunda oturması məsələsi indidən həll olunub. Ona görə də mən bu seçkilərdə iştirak etməyəcəyəm”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
105
yenisabah.az

1Источники