RU

Fransada siyasi böhran- ŞƏRH

Ölkədə ixtişaşların qarşısını almaq üçün 30 min polis əməkdaşı cəlb edilib

Dünyaya az qala "demokratiya dərsi" keçməyə cəhd edən Fransada siyasi böhran hökm sürür. Xüsusən Fransada keçirilən parlament seçkilərinin birinci turundan sonra ölkəni xaos və anarxiya bürüyüb. Parlament seçkilərinin ikinci turunda isə ixtişaşların daha geniş vüsət alacağı proqnozlaşdırılır. Xatırladaq ki, iyunun 30-da keçirilən növbədənkənar parlament seçkilərinin birinci turunun nəticələrinə görə, Milli Birlik 33 faiz səslə irəli çıxıb. "Yeni Xalq Cəbhəsi" 28%, "Birgə Respublika Naminə" koalisiyası isə 20% səs toplayıb. İyulun 7-də isə Fransada növbədənkənar parlament seçkilərinin ikinci turu baş tutacaq. Fransa qanunvericiliyinə görə, parlament seçkilərinin ikinci turu həlledici olacaq. Elə bu səbəbdən də ölkədə ixtişaşların daha geniş əraziləri, xüsusən əyalətləri əhatə edəcəyi deyilir.  
Bir daha qeyd edək ki, Fransada parlament seçkilərinin  birinci turunun nəticələri açıqlandıqdan sonra etiraz aksiyaları başlayıb. Lion şəhərinin mərkəzində nümayişçilər yanğınlar törədib, mağazaların vitrinlərini sındırıb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmçinin Parisdəki Respublika meydanında iğtişaşlar baş verib. Nümayişçilər seçkilərdə liderlik edən "Milli birlik" partiyasının əleyhinə şüarlar səsləndiriblər. Etiraz aksiyasına səbəb sağçı "Milli birlik" partiyasının  33,4 faiz səs toplayaraq birinci turun qalibi olmasıdır. 
Ötən dövrdə isə ölkədə bir sıra siyasi gedişlər edilib. Belə ki, Milli Assambleyaya (Fransa parlamentinin aşağı palatası) növbədənkənar seçkilərin ikinci turuna daxil olan 100-ə yaxın namizəd Jordan Bardella və Marin Le Penin sağçı Milli Birlik partiyasının qələbəsinə mane olmaq üçün daha güclü namizədlərin xeyrinə öz namizədliklərini geri götürüb. Həmçinin "Birgə Respublika Naminə" prezident koalisiyasından və "Yeni Xalq Cəbhəsi" solçu alyansdan olan namizədlər də namizədliklərini geri götürüblər. Məlumata görə, birinci turda birmandatlı dairələrində üçüncü yeri tutan, lakin eyni zamanda ikinci tura keçmək üçün kifayət qədər səs toplayan siyasətçilər mübarizəni davam etdirməkdən imtina ediblər. Onu da qeyd edək ki, seçkilərin birinci turundan sonra Fransanın baş naziri Qabriel Attal daha əvvəl demişdi ki, "Birgə Respublika Naminə" prezident koalisiyasının 60-a yaxın namizədi parlament seçkilərinin ikinci turunda səslərini solçulara vermək və parlamentin qələbəsinin qarşısını almaq üçün yarışdan kənarlaşdırılacaq. Yeri gəlmişkən qeyd edək ki,  Milli Assambleyanın 577 deputatı var və mütləq çoxluğu əldə etmək üçün bir partiya 289 mandat qazanmalıdır.
Artıq hökumət iknci turda baş verə biləcək ixtişaşların qarşısını almaq məqsədilə konkret tədbirlər görməyə başlayıb. İlkin məlumata görə, Fransada seçkilərin növbəti turundan sonra potensial iğtişaşların qarşısının alınmasına daha çox polis əməkdaşı cəlb olunacaq. İyulun 7-də parlament seçkilərinin mühüm ikinci turundan sonra bazar günü axşam saatlarında bütün Fransada təxminən 30 min polis əməkdaşı yerləşdiriləcək, çünki iki namizəd seçki kampaniyasında hücumların qurbanı olduğunu bildirib. Daxili işlər naziri Jerald Darmanin "France 2" telekanalına müsahibəsində bildirib ki, radikal sağçı və radikal solçuların vəziyyətdən istifadə edərək ölkədə təxribat törətməsinin qarşısını almaq üçün 30 min polisdən 5 minə yaxını Paris və onun ətrafında yerləşdiriləcək. Çərşənbə günü keçirilən sorğunun nəticələri göstərib ki, əsas partiyaların ifrat sağçıların tam səs çoxluğu əldə etməsinə mane olmaq cəhdləri nəticə verə bilər. 
Artıq Fransada bazar günü, iyulun 7-də keçiriləcək parlament seçkilərinin ikinci turuna rəsmi hazırlıqlar başlayıb. Əksər seçki dairələrində cəmi iki namizəd qalıb: solçu və sağçı. Hər iki qüvvə indi tərəddüd edən fransızları öz tərəfinə cəlb etməyə çalışır. Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda iştirakdan imtina edən namizədlərin sayı 218 nəfərdir. Bu barədə "Le Monde" qəzeti məlumat yayıb. Onlar Jordan Bardell və Marin Le Penin sağçı "Milli Birlik" partiyasının qələbəsinin qarşısını almaq üçün daha güclü namizədlərin xeyrinə namizədliklərini geri götürüblər. Müxtəlif tərəflərdən olan müşahidəçilər razılaşırlar ki, Prezident Emmanuel Makron iyun ayında keçirilən ümumavropa seçkilərindən sonra üçüncü sarsıdıcı məğlubiyyətə uğrayıb, silahdaşlarını və bütün mərkəzçi düşüncəli fransız xalqını ümidsiz mübarizənin qızğın mübahisə subyektinə çevirib. Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Brüno Le Mer parlament seçkisinin I turundakı nəticələri Makronun koalisiyasının məğlubiyyəti adlandırıb. O, bildirib ki, son nəticələr eyni zamanda siyasi qüvvələr nisbətindəki mühüm dəyişikliyin göstəricisi hesab oluna bilər: "Növbədənkənar parlament seçkisinin I turundakı nəticələr Emmanuel Makronun liderlik etdiyi koalisiyanın məğlubiyyətidir". Nazirin sözlərinə görə, hazırda hakim koalisiya "Milli Birlik" Partiyasının qələbəsinə imkan verilməməsi məsələsi prioritet təşkil etməlidir. Brüno Le Mer eyni zamanda xalqı ikinci turda sosial-demokratlar, kommunistlər və ekoloji fəallardan ibarət partiyaların təmsilçilərini dəstəkləməyə çağırıb. Qeyd edək ki, 55 yaşlı Brüno Le Mer budəfəki seçkidə namizəd olmaqdan imtina edib. Keçmiş nazir qərarını gənclərə yol vermək istəyi ilə əsaslandırıb. Eyni zamanda o, 2027-ci ildə keçiriləcək prezident seçkisində iştirakını da istisna etməyib. 
Siyasi ekspertlər seçkinin birinci turunun nəticələrini Emmanuel Makronun partiyasının ciddi uğursuzluğu adlandırıblar və onun birmənalı məğlubiyyəti kimi dəyərləndiriblər. Həm Avropa Parlamentinə keçirilən seçkidə, həm də yerli seçkilərdə Le Penin partiyasının qalib gəlməsi Makronun siyasi karyerasına ciddi zərbə vurub. Fransa tarixində ilk dəfədir ki, prezident Makron hakimiyyətdə ola-ola onun partiyası seçkidə ağır məğlubiyyətə məruz qalır. Heç şübhəsiz ki, bu, Makronun apardığı destruktiv siyasətin nəticəsidir. Fransada keçirilən sosial xarakterli etirazlar artıq öz nəticəsini verməkdədir. Xalq hökumətin həyata keçirdiyi siyasətdən tam narazıdır və demək olar ki, onu yola salırlar. Bütün halda iyulun 7-də keçiriləcək seçkilərin ikinci turu Fransada Marin Le Penin ifrat sağçı "Milli Birlik" (RN) partiyasının ilk dəfə parlament çoxluğunu qazana və növbəti hökuməti formalaşdıra bilib-bilməyəcəyini müəyyən edəcək.
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
76
45
olaylar.az

10Источники