“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın 2023/2024 mövsümündə çempion ola bilməməsinin səbəblərindən danışıb.
Arena.az xəbər verir ki, ispan mütəxəssis komandasının keyfiyyətli oyun nümayiş etdirməsinə rəğmən, ötən mövsüm İngiltərə çempionu ola bilməməsi ilə bağlı nə fikirləşdiyi haqda sualı belə cavablayıb:
“Hər şeyi təhlil etsəniz, statistika toplasanız və komandanın Premyer Liqada son 11 ayda etdiklərinə baxsanız, biz qalib olmalıydıq. Statistika belə deyir”, deyə Arteta vurğulayıb.
Xatırladaq ki, “Arsenal” 2023/2024-cü illər mövsümünü İngiltərə Premyer Liqasının gümüş mükafatçısı olaraq başa vurub. “Topçular” 2022/2023-cü illər mövsümünü də Premyer Liqanın 2-ci pilləsində bitirmişdilər.
“Mançester Siti” isə ardıcıl dördüncü mövsümdə İngiltərə Premyer Liqasının çempionluğunu qazanıb və bu, yarışın tarixində mütləq rekorddur.
Mikel Arteta “Arsenal”ı 2019-cu ilin dekabr ayından çalışdırır. Bu müddətdə ispan mütəxəssis “topçular”ı dirçəldib və rəqabətəqadir, tərəqqi etməkdə olan kollektivə çevirə bilib. Artetanın “Arsenal”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. İspan mütəxəssisin rəhbərliyi altında “Arsenal” 2019/2020-ci illər mövsümündə İngiltərə Kubokunu və 2 dəfə İngiltərə Super Kubokunu (2020, 2023) qazanıb.
Vurğulayaq ki, “Arsenal” 42 yaşlı Mikel Artetanın məşqçilik karyerasında ilk komandadır. İspan mütəxəssis indiyə qədər “topçular”ı 231 “döyüş”ə çıxarıb. 140 qələbə qazanmış “Arsenal” 34 heç-heçə edib və 57 məğlubiyyət acısı yaşayıb.