RU

Güclənən mövqe, artan nüfuz, yüksələn etimad

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in Zirvə toplantısında iştirak edib. 

Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib. 

Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında təşkil olunan görüşdə Prezident İlham Əliyev bildirib ki, “Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk”. 

Azərbaycan dövlət başçısının Şanxay Əməkdşalıq Təşkilatının Zirvə toplantısında iştirakı, burada keçirdiyi mühüm görüşlər ictimaiyyət nümayəndələri, ziyalılar tərəfindən yüksək dəyərləndirilir.

VI çağırış Milli Məclisin deputatı Tahir Rzayev “Cebhe.info”-ya bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astana Zirvə görüşü ölkələrin gələcək inkişafı üçün yeni imkanlar yaradır: 

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Zirvə toplantısında qonaq qismində ikinci dəfə qatılmasına baxmayaraq, görüşün bütün mərhələlərində yüksək səviyyədə iştirak etməklə bir çox görüşlərin keçirilməsinə nail oldu.

Prezidentimizin Zirvə görüşünə dəvət alması sözsüz ki, ölkə başçısının dünyada artan nüfuzunun və ona göstərilən böyük etimadın ifadəsi kimi qiymətləndirilməlidir. Çünki bu görüşdə dünyanı narahat edən bir çox məsələlər, problemlər və qarşıda duran vəzifələr müakirə olunur və onların həlli üçün yollar axtarılır. 

Zirvə görüşünün çoxtərəfli dialoqun möhkəmləndirilməsi, qazanılmış sülhə və inkişafa nail olmaq mövzusuna həsr olunması da bunu bir daha sübut edir. 

Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti  Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşləri və həmin görüşlərdə ölkəmizin gələcək inkişaf və təhlükəsizliyi üçün bir çox məsələlərin gündəmə gətirilməsi ölkəmizin milli təhlükəsizliyinin təmin olunması və inkişafı baxımından çox əhəmiyyətlidir. 

Məlum olduğu kimi, Çin Xalq Respublikası bu gün dünyada iqtisadi cəhətdən ən inkişaf edən ölkələrdən biridir və son illər Azərbaycanın Çinlə münasibətlərə böyük önəm verməsi və əməkdaşlığın genişləndirilməsi gələcək inkişaf üçün yeni imkanlar yaradır.

Bu baxımdan da Azərbaycan Çin Respublikası ilə əlaqələrin möhkəmləndirilməsinə, bir çox sahələrdə münasibətlərin yaxşılaşdırılmasına böyük önəm verir. 

Bu görüşdə də Çin Xalq Respublikası ilə strateji tərəfdaşlığın qurulması haqqında “Birgə Bəyyannamə”nin qəbul edilməsi dövlətimizin yeni uğuru hesab edilməlidir. Bəyannaməyə əsasən tərəflər terrorizmin, separatizmin, ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhlükə yaratdığını nəzərə alaraq bunun qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səyləri birləşdirməyi qarşıya məqsəd qoydular”. 

T.Rzayevin sözlərinə görə, Prezident öz çıxışında bir daha xatırlatdı ki, Çinlə münasibətlərin yaxşılaşdırılmasına böyük önəm verilir və bu əlaqələr bundan sonra genişləndiriləcək: 

“Ölkə başçısı çıxışında bildirdi ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir. O bu gün 3 milyard dollara çatıb və artım potensialına malikdir və Çindən Azərbaycana ixracın artmasından məmnunuq.  Zirvə görüşündə Azərbaycan Türkiyə və Pakistan dövlət rəhbərlərinin bir araya gəlməsi və mühüm sənədlərin imzalanması, vacib problemlərin gündəmə gətirilməsi gələcək sülh və təhlükəsizlik baxımından çox vacibdir, dünyada əmin-amanlığın təmin olunmasına bir zəmanətdir. 

Sözsüz ki, Azərbaycan-Türkiyə- Pakistan arasında sıx dostluq və əməkdaşlıq əlaəqləri var və son illərdə bu əlaqələr daha da möhkəmlənməkdədir. 44 günlük müharibə, eləcə də aniterror tədbirlərində Türkiyə dövləti yanımızda olmaqla bərabər Pakistan rəhbərliyi də Azərbaycanın haqq mübarizəsinə yaxından dəstək verdilər. Bu üçtərəfli görüş hər  üç ölkə üçün strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətdə genişlənməsinə imkan verir və bu gələcək inkişafa, təhlükəsizliyə hesablanıb. 

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatında iştirakı, burada keçirilən çox mühüm görüşlər və bir sıra sənədlərin imzalanması problemlərin aradan qaldırılması, əməkdaşlığın möhkəmləndiirlməsi və uğurların əldə edilməsi üçün Azərbaycana yeni dividentlər qazandırır. ŞƏT dünyada sayılan və yüksək mövqeyə malik olan bir təşkilatdır.

İlham Əliyevin bu görüşdə iştirakı və bir sıra mühüm görüşlərin keçirilməsi bir daha sübut edir ki, üzv ölkələr Azərbaycanın inkişafına, ölkə rəhbərinin fəaliyyətinə böyük önəm verir. Bu fəaliyyət yüksək qiymətləndirilir və ölkə rəhbərimizin dünyada sülhün, əmin-amanlığın, demokratiyanın genişləndirilməsi uğrunda apardığı mübarizəyə böyük dəyər verilir.

Bu, bəşəriyyət, ilk növbədə Azərbaycanın gələcəyi, milli təhlükəsizliyinin təmin edilməsi və insanların xoşbəxt həyatı üçün vacib və əhəmiyyətlidir.

ŞƏT-in Zirvə görüşü bir daha sübut etdi ki, ölkələrin birgə səyləri problemlərə dəstək verilməsi dünya ölkələrinin xoşbəxt gələcəyi üçün mühüm əhəmiyyt kəsb edir və belə görüşlər dünyada sülhün, əmin-amanlığın yaradılması baxımından çox qiymətlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
105
cebheinfo.az

1Источники