RU

Şanxay Təşkilatı ölkəmizin tranzit imkanlarına böyük maraq göstərdi...

Image

Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı bu gün beynəlxalq miqyasda xüsusi diqqət mərkəzinə gətirən məqamlardan biridir. Elə bu fonda Azərbaycanla əməkdaşlığa can atanların sayında indi dinamik bir artım müşahidə olunur. Bura dünyanın ən aparıcı qurumları da daxildir. Şanxay Əməkdaşlıq Təşkilatını buna konkret misal göstərmək olar.

Azərbaycanın tranzit imkanları bu təşkilat üçün getdikcə daha böyük önəm kəsb edir. Bununla bağlı prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışında qeyd edib: “Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tiflis-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir”. Dövlət başçısı qeyd edib ki, Azərbaycan, həmçinin, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır: “Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq”. Xatırladaq ki, Şimal-Cənub dəhlizinin əsas məqsədi, ilk növbədə, cənubdan - Hindistandan başlayaraq Rusiyaya, Şimali və Qərbi Avropaya, eləcə də Körfəz ölkələrinə daşınan yüklərin çatdırılma müddətini azaltmaq, daşıma qiymətlərini ucuzlaşdırmaq və dəhlizin funksionallığını artırmaqdan ibarətdir. Dəhliz bir neçə əsas istiqamət: Hindistan-Rusiya-Qafqaz-Körfəz ölkələri; Mərkəzi Asiya-Körfəz ölkələri; Xəzər dənizi-İran -Körfəz ölkələri üzrə yükdaşıma fəaliyyətini nəzərdə tutur. Bu istiqamətlər içərisində Azərbaycan üçün ən maraqlı istiqamət yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirilməsi, sonra qatar və avtomobillərlə İranın mövcud dəmir və avtomobil yolları ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir və avtomobil yollarına ötürülməsi və buradan da Azərbaycan vasitəsilə Rusiyaya, Şimali Avropa ölkələrinə çatdırılmasıdır. Əslində, bu marşrut digər iştirakçılar üçün də maraqlıdır. Elə Şanxay Əməkdaşlıq Təşkilatı da marşrutun bu qoluna xüsusi diqqət edir. İlk növbədə o baxımdan ki, Bakı-Tiflis-Qars, Bakıdan Gürcüstandan keçməklə Türkiyəyə qədər uzanan avtomobil yolları, Xəzər dənizində və Qara dənizdə Azərbaycanın inşa etdiyi limanlar, o cümlədən Türkiyə və Gürcüstan ərazisindəki dəniz və dəmir yolu limanları bu dəhliz vasitəsilə birləşir. Həm də Şərq-Qərb üçün çox önəmlidir. Dəhlizlərin yaratdığı imkanlardan Azərbaycanla yanaşı, Rusiya, İran, Gürcüstan, Türkiyə, Avropa ölkələri, Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları da çox fayda götürəcəklər. Bunlar fonunda Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verən dövlət kimi tanınmaqdadır. Həmçinin, ölkəmizi xarici aləmlə bağlayan əksər avtomobil və dəmir yolları, hava və su nəqliyyatı infrastrukturları, rabitə-informasiya texnologiyaları modernləşdirilərək yenidən qurulub.  

O da nəzərə alınmalıdır ki, Şimal-Cənub dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya və Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Zəngəzur dəhlizi buna misal ola bilər. Həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin tranzit potensialının genişləndirilməsinə mühüm təsir göstərə və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola biləcək Zəngəzur dəhlizinə də mara qböyükdür. Çünki ən qısa və təhlükəsiz tranzit dəhlizi olan Zəngəzur dəhlizinin tikintisi Çinlə Mərkəzi Asiya ölkələri arasında Avropa istiqamətində nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək və regionun bütün ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq.  

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
baki-xeber.com

1Источники