Bu gün Ermənistan üçün müstəsna önəm kəsb edən məsələlərdən biri də Türkiyə ilə normal münasibətlərin qurulmasıdır. Bunun həm siyasi, həm də olduqca mühüm iqtisadi səbəbi var. Həmin səbəblər haqqında danışmazdan öncə qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tiflisdə gürcü həmkarı İlya Darçiaşvili ilə birgə keçirdiyi brifinqdə yenidən Türkiyə ilə sərhəd məsələsinə toxunub.
O qeyd edib ki, Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına və dövlət sərhədinin açılmasına hazırdır. Onun sözlərinə görə, ölkələr artıq sağlam dialoq qurublar: “İrəvanla Ankara arasında əldə olunan razılaşmaların həyata keçirilməsinin vaxtı çatıb”. Mirzoyan bildirib ki, Ermənistan qonşuları ilə münasibətlərin tənzimlənməsində maraqlıdır və bu istiqamətdə praktiki addımlar atır. Bu kontekstdə o, Bakı ilə sülh sazişinin imzalanması ilə bağlı İrəvanın mövqeyini təqdim edib. Mirzoyan qeyd edib ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişini imzalamağı real hesab edir. Ekspertlər hesab edir ki, Ermənistanın bu tələskənliyi təsadüfi deyil. Əvvəla, Ermənistan Qərb və Rusiyanın yeni poliqonuna çevrilə bilər. bundan xilas olmağın yeganə yolu isə məhz Azərbaycanla, Türkiyə ilə normal münasibətlərin qurulmasıdır. Hazırda Ermənistan yaxşı bilir ki, Azərbaycanla münasibətlərin normallaşması müəyyən vaxt aparacaq, amma Türkiyə ilə bu proses daha tez reallaşa bilər. Bu fonda qeyd edək ki, iyunun 18-də Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan telefon danışığında münasibətlərin normallaşmasını da müzakirə ediblər. Paşinyan bu xüsusda bildirib: “Ermənistan və Türkiyə arasında münasibətlərin heç bir ilkin şərt olmadan tam nizamlanması ilə bağlı siyasi iradələrin olduğunu vurğuladıq”. Liderlər, həmçinin, öz ölkələrinin xüsusi nümayəndələri səviyyəsində təmasları davam etdirmək barədə razılığa gəliblər, lakin o vaxtdan bəri heç bir görüş olmayıb. Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin edib. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, yüklərin birbaşa hava daşımalarının həyata keçirilməsi və bu istiqamətdə zəruri proseslərin başlanması barədə razılıq əldə olunub. Lakin məsələ hələ də həllini tapmayıb.
2023-cü ilin yanvarında Ankara İrəvana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib. Eyni zamanda, həmin ilin yayında Ermənistanın İqtisadiyyat Nazirliyi bəyan edib ki, Türkiyə mallarının 99,9%-i Gürcüstandan keçməklə respublikaya quru, cəmi 0,01%-i isə hava yolu ilə çatdırılır. Asiya İnkişaf Bankının fikrincə, Ermənistan-Türkiyə sərhədinin açılması Ermənistanın xarici ticarət kəsirinin 30-50% azalmasına səbəb olacaq. 2023-cü ilin sonunda bu, 3,9 milyard dollara bərabər olub. Ermənistan hakimiyyəti iddia edir ki, Türkiyə ilə münasibətləri Azərbaycanla münasibətdən asılı olmayaraq qururlar. Ankara isə dəfələrlə vurğulayıb ki, yaxınlaşmağa hazırdır, lakin bunu yalnız İrəvan Bakı ilə bütün məsələləri həll etdikdən sonra edəcək. Bunun fonunda Mirzoyan vurğulayıb ki, İrəvan bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalaya bilər. Amma Azərbaycan prezidenti İlham Əliyev Kanadanın səfiri Kevin Hamiltonu qəbul edərkən bildirib ki, Ermənistanla sülh sazişinin bağlanmasının əsas şərti Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Ermənistanın əsas qanununun preambulasında Ermənistan və Qarabağın birləşməsini tələb edən Müstəqillik Bəyannaməsinə istinad edilir. Bu fonda İlham Əliyev qeyd edib: “Biz danışıqlar prosesində kifayət qədər sürətlə irəliləyirik. Düşünürəm ki, bir neçə ay ərzində biz sülh sazişinin mətnini, ən azı onun əsas prinsiplərini yekunlaşdıra biləcəyik. Biz əsas prinsiplər üzərində razılaşa və onları ilkinləşdirə biləcəyik. Əsas mətn üzərində iş də davam edəcək, ancaq Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra”. Erməni ekspert Conni Melikyan məsələ ilə bağlı qeyd edir: “İndiki mərhələdə Ermənistanla Türkiyə arasında belə bir münasibət yoxdur. İki ölkənin xüsusi nümayəndələri səviyyəsində dialoq formatı var. Onun çərçivəsində iki ölkə sərhədində yerləşən Ani körpüsünün yenidən qurulması, sərhədin üçüncü ölkə vətəndaşlarına açılması və diplomatik pasportlara malik vətəndaşların sərbəst gediş-gəlişi ilə bağlı razılaşmalar əldə etmək mümkün olub. Amma Türkiyə Ermənistanın gündəmini Azərbaycandan ayıra bilmir, ona görə də növbəti addımı atmır”. Öz növbəsində, politoloq İlqar Vəlizadə Bakı ilə Ankara arasında İrəvanla bağlı bütün məsələlərin qarşılıqlı razılaşma əsasında həll edilməli olduğu barədə razılaşmanın olduğunu qeyd edib. Xüsusən də Ermənistanla Türkiyə arasında yolların açılması Ermənistanla Azərbaycan arasında oxşar proses fonunda baş verməlidir: “Ermənistan Konstitusiyasına gəlincə, o, hazırkı formada sülh müqaviləsinə yenidən baxılması üçün əsas ola bilər. Bu hüquqi boşluq aradan qaldırılmalıdır. Bunun üçün əsas qanunun preambulasından Müstəqillik Bəyannaməsinə istinadı silmək kifayətdir”. Ermənistan Azərbaycanla normal dialoq qurmadan Türkiyə ilə əlaqələr qurmaqla öz təhlükəsizliyini möhkəmləndirməyə çalışır. Bununla belə, Ankara və Bakı İrəvanla bağlı ortaq siyasət yürüdürlər. Ermənistan bunu nəzərə almalıdır. Həm də qəbul etməlidir ki, Bakı və Ankaranın əsas istəklərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır.
Tahir TAĞIYEV