RU

İranda gündəm dəyişdi: Türklər qayıtdılar – Prezident seçilən azərbaycanlı kimdir?

İranın yeni seçilmiş prezidenti, islahatçı Məsud Pezeşkiyan sosial azadlıqlar üçün daha az məhdudiyyət və praqmatik xarici siyasət tələb edən milyonlarla iranlının ümidlərini daşıyır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi yazır.

ABŞ agentliyi İranın yeni siyasi liderinin Azərbaycan kökənli olduğunu da xatırladıb.

Amerikalı analitiklərin fikrincə, seçkilərin ikinci turunda sərt mövqedən çıxış edən Səid Cəlilini məğlub edən Pezeşkiyan dünya güclərinin İranla sürətlə irəliləyən nüvə proqramı ilə bağlı yaranmış gərgin qarşıdurmadan sülh yolu ilə çıxacağına ümid edərək alqışlayacaqları şəxsdir.

Pezeşkiyan sərt dini rejim və təhlükəsizlik tədbirlərinə qarşı çıxan orta şəhər təbəqəsi və gənclərin səsləri ilə qalib gələ bilib.

69 yaşlı ürək cərrahı praqmatik xarici siyasəti təşviq etməyi, 2015-ci ildə imzalanmış nüvə sazişini canlandırmaq üçün böyük güclərlə hazırda dalana dirənmiş danışıqlarla bağlı gərginliyi azaltmağı və sosial liberallaşma və siyasi plüralizm perspektivlərini yaxşılaşdırmağı öhdəsinə götürüb.

“Röyter” hesab edir ki, İranın ikili – dini və siyasi idarəetmə sisteminə uyğun olaraq, yeni prezident Tehranın nüvə proqramı və ya Yaxın Şərqdə proksi qruplara dəstəklə bağlı hər hansı böyük siyasi dəyişikliyə gedə bilməz, çünki dövlətin bütün ipləri dini rəhbər Əli Xameneyinin əlindədir. Bununla belə, Məsud Pezeşkiyan İranın siyasətinin tonuna təsir edə bilər, o, 85 yaşlı Xameneyinin varisinin seçilməsində yaxından iştirak edəcək.

ABŞ agentliyinin fikrincə, Pezeşkiyan da İranın teokratik hakimiyyətinə sadiqdir, güclü təhlükəsizlik strukturları və dini liderlərlə üzləşmək niyyətində deyil. Televiziya debatları və müsahibələrində də Xameneyinin siyasətinə etiraz etməyəcəyinə söz verib.

Pezeşkiyan seçicilərinə videomüraciətində demişdi: “Əgər çalışsam da, seçkiqabağı vədlərimi yerinə yetirə bilməsəm, siyasi işlə vidalaşar, davam etmərəm”.

Keçmiş prezident Məhəmməd Hatəminin rəhbərlik etdiyi islahatçı düşərgə illərlə siyasi təcriddən sonra dirçəlir, həmin düşərgə mayda sərt mövqeyi ilə seçilən prezident İbrahim Rəisinin helikopter qəzasında ölməsindən sonra seçkilərdə Pezeşkianı dəstəkləyib.

Pezeşkiyanın fikirləri qadınların geyimini məhdudlaşdıran qanunun tətbiqini sərtləşdirən və nüvə sazişini canlandırmaq üçün böyük dövlətlərlə aparılan danışıqlarda sərt mövqe tutan Xameneyinin himayəsində olan Rəisinin fikirləri ilə ziddiyyət təşkil edir.

Pezeşkiyan pis idarəetmə, dövlət qurumlarında korrupsiya və ABŞ sanksiyaları ilə boğulan iqtisadiyyatı canlandıracağına söz verib. Bununla belə, “Röyter”ə görə, səlahiyyətləri Xameneyi tərəfindən məhdudlaşdırılan prezident cəhd etsə belə, teokratiyanın ona böyük dəyişikliklər etməyə imkan verəcəyi şübhəli görünür.

2008-ci ildən Təbrizin millət vəkili olaraq etnik azlıqların hüquqlarını dəstəkləyən azərbaycanlı Pezeşkiyan dini rejimin siyasi-sosial narazılığı sıxışdırmasını tənqid edir.

2022-ci ildə Pezeşkiyan qadınların geyimini məhdudlaşdıran qanunu pozduğu iddiası ilə saxlanıldıqdan sonra həyatını itirən Məhsa Əmininin ölümü ilə bağlı aidiyyəti qurumlardan açıqlama tələb etmişdi. Məhsanın ölümü ölkədə aylarla davam edən iğtişaşlara səbəb olmuşdu.

Pezeşkiyan birinci turda səsvermədən sonra söyləmişdi: “Biz hicab qanununa hörmətlə yanaşacağıq, amma qadınlara qarşı heç bir müdaxilə və ya qeyri-insani davranış olmamalıdır”.

1980-ci illərdə İran-İraq müharibəsi zamanı döyüşçü və həkim olan Pezeşkiyana tibbi qrupların cəbhə bölgələrinə göndərilməsi tapşırılmışdı.

2001-05-ci illərdə Hatəminin ikinci dövründə səhiyyə naziri olub.

Məsud Pezeşkiyan 1994-cü ildə avtomobil qəzasında həyat yoldaşı və bir övladını itirib. Heç vaxt ikinci dəfə evlənmək istəməyərək, sağ qalan iki oğlu və bir qızını tək böyüdüb.

Pezeşkiyan Azərbaycan əsillidir. Seçkiqabağı kampaniya zamanı anasının kürd olduğu bildirilsə də, jurnalistin müvafiq sualına cavabında bu iddianı Azərbaycan dilində təkzib etmişdi: “Mən Azərbaycanda, Məhabadda dünyaya gəlmişəm. Sözlərimdən bilmədiniz ki, mən kürdəm ya, türk? Hətta mən evdə də uşaqlarımı qoymamışam ki, farsca danışsınlar, türkcə danışmışıq. Mən qətiyyətlə deyirəm: mən türkəm, Azərbaycanda dünyaya gəlmişəm, atam da, anam da türkdür. Türkəm, bununla qürur duyuram”.

Məsud Pezeşkiyan Azərbaycanla bağlı açıqlamaları ilə də diqqət çəkib. Hələ 2019-cu ildə Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” iddiasına sərt cavab verən Pezeşkiyan erməniləri işğalçı adlandırmışdı.

Pezeşkiyan seçkiqabağı kampaniyada molla rejiminin Azərbaycan siyasətini də sərt tənqid etmişdi. Onun sözlərinə görə, İran-Azərbaycan əlaqələrinə xüsusi diqqət yetirilməli, gərginlikdən qaçınmalıdır.

Seçilənədək Güney Azərbaycan türklərinin haqlarının müdafiəçilərindən olan Pezeşkiyan məktəblərdə Azərbaycan dilinin tədrisini tələb edir.

Pezeşkiyanın seçilməsi 100 ildən sonra türklərin İranda hakimiyyətə qayıdışı kimi də şərh edilir.

İndi bir sual hələlik cavabsız qalır: Pezeşkiyan seçkiqabağı dönəmdə verdiyi vədlərini yerinə yetirəcəkmi? Zaman göstərəcək.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
1
teleqraf.com

2Источники