RU

MİQ üzrə test imtahanlarının V günü

MİQ

Bakı, 6 iyul, AZƏRTAC

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iyulun 6-da təşkil olunan test imtahanı mərhələsinə rus dili, rus dili və ədəbiyyatı, biologiya və fiziki tərbiyə fənləri üzrə 7218 namizəd dəvət olunub. Ümumilikdə 84 faiz davamiyyət qeydə alınıb.

Xatırladaq ki, iyulun 2-dən MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb. Test imtahanları iyulun 10-dək ölkə üzrə 39 imtahan mərkəzini əhatə edəcək.

Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılacaq.

İmtahanda ixtisas üzrə minimum 34 bal, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 bal olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar.

Test imtahanı mərhələsində keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Ötən illərdə olduğu kimi, bu il də vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı MİQ üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.

MİQ üzrə müsabiqənin müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək. Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.

 

Избранный
174
49
azertag.az

10Источники