RU

Pyer Saj Lion “Olimpik”inin baş məşqçisi təyin edildi

Lion “Olimpik”inin müvəqqəti çalışdırıcısı, fransalı futbol mütəxəssisi Pyer Saj rəsmi olaraq bu komandanın baş məşqçisi təyin edilib.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 45 yaşlı məşqçi ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Xatırladaq ki, Pyer Saj məşqçiliyə 2013-cü ildə “Şamberi”də başlayıb. 2019-cu ildən isə o, Lion “Olimpik”inin strukturunda çalışırdı. 2013-cü ilə qədər bu klubun gənclərdən ibarət komandasında çalışan Saj, ötən ilin noyabrında Fabio Qrossonun istefaya göndərilməsindən sonra əsas komandanın sükanı arxasına gətirilmişdi. Lion “Olimpik”i bu məşqçinin rəhbərliyi altında 28 oyun keçirib, 20 qələbə qazanıb, 1 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. Bu komanda Liqa 1-in 2023/2024 mövsümünü 53 xalla 6-cı pillədə başa vurub və Avropa Liqasına vəsiqə qazanıb.

“Olimpik”dən 2 yeni transfer

Lion “Olimpik”i heyətini yeni oyunçularla da gücləndirib. Liqa 1 klubu İspaniya “Betis”inin braziliyalı sol cinah müdafiəçisi Abner Vinisiusu və İngiltərə “Nottingem Forest”inin mərkəz müdafiəçisi Mussa Niakateni transfer edib. Abnerlə 5, Mussa ilə 4 illik müqavilə imzalanıb. Fransızlar bu transferlərə görə “Betis”ə 8 milyon, “Nottingem Forest”ə isə 31,9 milyon avro təzminat ödəyiblər.

Daha öncə “Ponte Preta” və “Atletiko Paranaense”də də oynamış Abner Vinisius “Betis”ə 2023-cü ilin yanvarında 7 milyon avro qarşılığında keçmişdi. 24 yaşlı braziliyalı müdafiəçi İspaniya klubunun heyətində 45 oyuna 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mussa Niakate isə “Nottingem Forest”ə 2022-ci ilin iyulunda Almaniyanın “Maynts” klubundan 10 milyon avro qarşılığında keçmişdi. 28 yaşlı seneqallı müdafiəçi Premyer Liqa təmsilçisinin heyətində 37 oyuna çıxıb, 1 qolla yadda qalıb. O, daha öncə “Valansyen”, “Maynts”, “Mets” kimi klublarda çıxış edib, Seneqal yığmasında 12 oyun keçirib.

Manqala və Benrahmanın transfer hüquqları alındı

“Olimpik” bu ilin fevralında “Nottingem Forest”dən icarəyə götürdüyü mərkəz yarımmüdafiəçisi Orel Manqalanın da transfer hüquqlarını alıb. Lion klubu yarım mövsümlük icarəsi üçün 11,7 milyon avro ödədiyi 26 yaşlı futbolçunun birdəfəlik transferi üçün də 23,4 milyon avrosundan keçib. Əslən Konqodan olan Belçika yığmasının üzvü ilə 4 illik müqavilə imzalanıb.

Manqala “Olimpik”də 12 oyuna 2 qol vurub. O, daha öncə “Ştutqart”, “Nottingem Forest”, “Hamburq”, “Anderlext” kimi kluların formasını geyinib, Belçika yığmasında 19 oyun keçirib.

Lionlular İngiltərənin “Vest Hem” klubundan icarəyə götürdükləri Səid Benrahmanın da transfer hüquqlarını alıblar. Bu ilin fevralında yarım mövsümlük icarəsi üçün 6 milyon avro ödənilmiş 28 yaşlı vingerin birdəfəlik transferi 14,4 milyon avroya başa gəlib. Əlcəzairli futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Benrahma Fransa klubunda 15 oyuna çıxıb, 3 qol və 4 assistlə yadda qalıb. O, daha öncə “Vest Hem”, “Brentford”, “Şatoru”, “Nitsa”, “Ayaçço”, “Anje” kimi klublarda da oynayıb, Əlcəzair yığmasında 28 oyuna 2 qol vurub.

Избранный
80
arena.az

1Источники