RU

Gülər Sultanzadə: “Azərbaycan Türk dünyasının qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylərini artırır”



“Ölkə Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlərin daha da intensivləşdirilməsinin vacibliyini daim diqqət mərkəzinə çəkir. Təşkilatın cari ilin 6 iyul tarixində Şuşada məhz Azərbaycanın təşəbbüsü ilə keçirilmiş qeyri-rəsmi Zirvə görüşü də bu məqsədə xidmət edir. Bu tarixi hadisədən bir ay öncə, iyunun 6-da Bakıda keçirilmiş TÜRKPA-nın plenar iclasındakı çıxışında cənab Prezident Zirvə görüşlərinin ildə bir dəfə keçirilməsini yetərli hesab etmədiyini vurğulamışdı. Məlumdur ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Ölkəmiz həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Şuşa Zirvə görüşündə etdiyi çıxışında dövlətimiz birmənalı olaraq belə bir vacib fikri səsləndirdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir. Bütün bunlar şübhəsiz ki, Cənab Prezident İlham Əliyevin qeyd etdiyi hədəflərə nail olmaq üçün Türk dünyasının yetərli potensiala malik olduğunu deməyə əsas verir. Heç şübhəsiz Şuşada imzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü Gülər Sultanzadə deyib.

Müsahibimiz həmçinin qeyd edib ki, Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün məhz Şuşa şəhərində keçirilməsi xüsusi önəm kəsb edən bir məqamdır: “Zirvə görüşlərinin hər biri Türk dövlətləri arasında birliyin və həmrəyliyin daha da gücləndirilməsinə doğru atılmış mühüm addımdır. Şuşa Sammiti isə bu baxımdan xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Lakin Azərbaycan xalqı bu işğalla heç vaxt barışmadı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də isə Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur. Ermənistanın işğal dövründə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizə indi həyat yenidən qayıdır. Son dörd ildə Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Əlbəttə ki, Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri ölkələrimiz arasında qardaşlıq həmrəyliyinin təzahürüdür” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
aia.az

1Источники