RU

Şuşada gerçəkləşən Zirvə toplantısı təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün tarixi hadisədir

Şuşada

Bakı, 7 iyul, AZƏRTAC

Tarixdə iz qoyan, əbədiyaşarlıq qazanan mühüm sənədlər var ki, onların imzalandığı zaman və məkan həmişə böyük mənəvi məzmun və əhəmiyyət kəsb edir. Sonrakı nəsillər bu tarixi və ərazini öyrənərkən məsələnin mənəvi mündəricəsini və mahiyyətini daha dərindən dərk edir və daha obyektiv qiymətləndirirlər. Bu mənada, 6 iyul 2024-cü il Qarabağ Bəyannaməsi milli düşüncəmizdə və təqvimimizdə yeni bir səhifənin başlanğıcı kimi dəyər qazandı. Türk dövlətləri liderlərinin səmasında azadlıq bayrağı dalğalanan Qarabağda bir araya gəlməsi, Türk dünyasının mənəvi paytaxtı Şuşada gerçəkləşən Zirvə toplantısı təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün tarixi hadisədir.

Bu fikirləri fəlsəfə doktoru Cavanşir Feyziyev dünən Şuşada imzalanmış “Qarabağ Bəyannaməsi” ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə Qırğızıstana rəsmi səfəri zamanı türk xalqlarının, türk dövlətlərinin birgə inkişafının yol xəritəsini ifadə edən fikirlərini xatırladan Cavanşir Feyziyev vurğulayır ki, bu gün Şuşada gerçəkləşən Zirvə toplantısının mahiyyəti məhz həmin Qırğızıstan görüşündə aydın şəkildə öz ifadəsini tapmışdı: “Cənab Prezidentin həmin nitqində “Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq”, - deməsi tarixi köklərimizə bağlılıq, milli identikliyimizi və dəyərlərimizi qoruyub-yaşatmaq məfhumunu özündə əks etdirirdi”.

Bu cür sağlam məfkurəli təməllərə söykənərək görülən işlərin əməli təsdiqi də artıq göz önündədir. Şuşadakı Zirvə görüşü Azərbaycanla Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər arasında dostluq və əməkdaşlıqda yeni mərhələyə qədəm qoyulmasının əyani nümayişi oldu. Bu gün Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən, mənəvi paytaxtımız olan Şuşada TDT-nin qeyri-rəsmi Zirvə Görüşündə imzalanmış “Qarabağ Bəyannaməsi” dost və qardaş ölkələr arasında yeni tarixin, yeni reallığın və türk birliyinin təcəssümüdür. Bu baxımdan Bəyannamə Türk dövlətləri rəhbərlərinin qardaşlıq həmrəyliyinin ifadəsi olmaqla yanaşı həm də müəyyən mənada müvafiq geosiyasi regiona, geniş mənada isə dünya miqyasında güc balansına aidiyyəti olan bir sənəddir.

C.Feyziyev bu qənaətdədir ki, çağdaş dünyanın geosiyasi mənzərəsində qloballaşma proseslərinə inteqrasiyanın yeganə düzgün yolu ortaq kökə, dilə, tarixə, mədəniyyətə sahib olan xalqların birliyindən keçir. Yəni hər bir xalq ilk növbədə mənsub olduğu sivilizasiya çərçivəsində qloballaşmanın ilk mərhələsini keçməli və ilk təcrübəsini əldə etməlidir.

200 il davam edən imperiya asılılığı ərzində “parçala və hökm sür!” siyasətinin doğurduğu saysız məhrumiyyətlərə məruz qalan türk xalqlarının ideoloji yüksəlişi, mədəni və iqtisadi tərəqqisi, geniş mənada parlaq gələcəyi məhz ümumtürk birliyinin zəruriliyini alternarivsiz gerçəklik kimi qəbul etməkdən ibarətdir.

Bu gün Azərbaycan Türk Dünyasının birliyi üçün sadəcə ideoloji mərkəz olaraq tarixi missiyasını yerinə yetirmir, həm də ümumtürk birliyinin bütün istiqamətlərdə möhkəm təməllər üzərində inkişafı naminə əsl fədakarlıq nümunəsi göstərir.

Şuşa Zirvə görüşünün siyasi nəticəsi olaraq imzalanmış “Qarabağ Bəyannaməsi” Cənubi Qafqazın dəyişən geosiyasi və geoiqtisadi mühitində dost ölkələrin hərtərəfli əməkdaşlığa dair mövqeyinin müəyyən edilməsini nəzərdə tutur. Şübhəsiz ki, Azərbaycan dövlətinin 44 günlük müharibədə qələbəsi onu beynəlxalq maraqların konsensus mərkəzinə çevirib. Başqa bir tərəfdən sənəd Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin Azərbaycana mənəvi-siyasi dəstəyi də sayıla bilər. Bu baxımdan “Qarabağ bəyannaməsi” Azərbaycanın regional güc statusunu daha da qüvvətləndirir.

Cavanşir Feyziyevin sözlərinə görə, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması və qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. İndiki halda Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycan xarici siyasətinin prioritet istiqamətidir.

Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması təkcə region ölkələri üçün deyil, həm də qlobal təhlükəsizlik və beynəlxalq əlaqələr üçün böyük əhəmiyyət kəsb etdiyini xüsusi diqqətə çatdıran araşdırmaçı alim vurğulayıb ki, olduqca geniş coğrafi arealı qapsayan regional nəqliyyat marşrutlarının açılması bütün türk dünyası, o cümlədən Mərkəzi Asiya, Xəzər və Qara dəniz hövzələri üçün yeni imkanlar açacaq və böyük faydalar gətirəcək. “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün nəticəsi kimi imzalanmış “Qarabağ Bəyannaməsi” regionun inkişafına mühüm töhfələr verəcək. Türk dövlətləri arasında ittifaqın təməl daşlarından biri kimi “Qarabağ Bəyannaməsi” beynəlxalq hüquq və siyasət baxımından da böyük mühüm əhəmiyyət kəsb edir. İlk növbədə Qarabağ Bəyannaməsi hüquqi bazaya əsaslanan tarixi və regional-qlobal miqyaslı siyasi məsələdir. Eyni zamanda Qarabağ Bəyannaməsi geniş bir geosiyasi müstəvidə yeni sabitlik, təhlükəsizlik, sosial-mədəni və iqtisadi tərəqqiyə öz töhfəsini verəcək etibarlı gözləntiləri özündə ehtiva edir. Bu mühüm sənəd həmçinin türk dövlətçiliyinin inkişafı istiqamətində növbəti mərhələyə keçidi təmin edə biləcək fəaliyyət proqramı sayıla bilər. Bəyannamə regional əməkdaşlığın yeni formasını qlobal səviyyədə mövcud reallıqlara uyğunlaşdırmaq üçün keçiləcək ən yaxın yol xəritəsidir.

2020-ci ildə əldə etdiyimiz tarixi zəfərimizdən sonra qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran “Şuşa Bəyannamə”sinin imzalanması, Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sisteminin önəmli bir parçasına çevrilməsi bütün qardaş türk ölkələrinin XXI əsrdəki böyük tarixi nailiyyətləridir.

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu birliyin daha da möhkəmlənməsində, türk xalqlarının öz gücünə, potensialına olan inamının yüksəldilməsində müstəsna rol oynayıb. Bu baxımdan, türk liderlərinin bütün Türk Dünyasını qürurlandıran Zəfərimizin rəmzi olan Şuşada bir araya gəlməsi tarixi hadisədir. Türk Dövlətləri Təşkilatının yaxın gələcəklə bağlı məqsəd və məramını ifadə edən Qarabağ bəyannaməsi isə birliyimizin daha da mökəmlənməsinə böyük töhfələr verəcək və tarixi əhəmiyyət daşıyan mühüm siyasi sənəddir.” - deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
124
6
azertag.az

7Источники