“Bu gün İranda siyasi anlayış müəyyən mənada dəyişib. Bu da onunla bağlıdır ki, indiyə qədər mühafizəkarlar hakimiyyətdə idisə, indi islahatçı bir prezident hakimiyyətə gəlmiş oldu”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Siyasi təhlilçi İranda türk əsilli Məsud Pezeşkianın prezident seçilməsindən sonra Tehran administrasiyasının regional siyasətində baş verə biləcək dəyişiklik iddialarından söz açıb.
İddialara cavab verən həmsöhbətimiz söyləyib ki, bunu böyük dəyişikliyə səbəb olacağını gözləmək sadəlövhlük olar:
“Çünki İranda həm islahatçılar, həm də mühafizəkarlar eyni siyasi sisteminin təmsilçiləridir, sadəcə, metodları fərqlidir. Bununla belə, istənilən halda, Tehran administrasiyası həm regional xarici siyasətdə, həm də Azərbaycana qarşı olan yanaşmasında dəyişiklər həyata keçirə bilər. Lakin böyük ölçüdə, İranın maraqları olan yerdə Azərbaycan faktorunun ciddi şəkildə rol oynayacağını düşünmək real olmazdı”.
Onun sözlərinə görə, böyük ehtimalla, Məsud Pezeşkian kimi islahatçı birinin hakimiyyətə gətirilməsi İran siyasi sisteminin manevri idi:
“Çünki İran blokadada olan dövlətdir və son illərdə Rusiya və Çinlə olan yaxınlığına görə ciddi təzyiqlər altında qalırdı. Ona görə də İranın dini-siyasi rəhbərliyi manevr edərək, islahatçı bir prezidentin seçilməsinə üstünlük verdilər ki, bu da Qərblə danışıqlara hazır olmaqla bağlı bir mesajdır. Xüsusilə də nüvə danışıqlarının bərpa olunması ehtimalı artıb. Belə düşünmək olar ki, İrana qarşı sanksiyalar aradan qaldırılarsa, eyni zamanda, İranın dondurulmuş maliyyə vəsaitləri geri qaytarılarsa, hətta Tehran administrasiyası Rusiya və Çindən üz döndərib Qərblə daha yaxın əməkdaşlığa meyl göstərə bilər”.
“Üstəlik, islahatçı və azərbaycanlı olan birinin prezident seçilməsi İranda daxili gərginliyin aradan götürülməsinə xidmət edir. Çünki azərbaycanlılar və digər etnik qruplar indiyədək İrandakı hakimiyyətlərdən həmişə narazı olublar. Fikrimcə, Pezeşkianın seçilməsi daxili manevr xarakteri daşıyır, yəni onlar daxildəki gərginliyi aradan qaldırdılar, eyni zamanda, Avropa ilə münasibətləri normallaşdırmaq imkanlarını açdılar. Həmçinin İranın Azərbaycanla münasibətlərində nisbətən yumşalma meyllərinin olacağı istisna edilmir. Hər halda, bundan sonra mərhum prezident İbrahim Rəisinin dövründə kimi sərhədlərimizdə tanklar və hərbi qüvvələr təlim keçməyəcəklər. Buna ümid etmək olar”.
Rafi Müslümov