RU

Türk dünyasının həmrəyliyini gücləndirən tarixi Şuşa ZİRVƏSİ TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: «Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür»

Daha bir tarixi hadisəyə şahidlik etdik. İyulun 6-da Türk dünyasının mədəniyyət paytaxtı, Qarabağın incisi olan Şuşa daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşün Şuşada keçirilməsi özü tarixi bir hadisə idi. Belə ki, dünyanın bütün türk liderləri işğaldan azad olunmuş türk torpağında ilk dəfə bir araya gəldilər. Rəmzilikdən də başqa belə bir görüş mühüm praktik əhəmiyyət daşıyır. Dünyada gedən geopolitik proseslər fonunda türk xalqlarının gələcəyini müəyyənləşdirmək baxımından türk dövlət başçılarının intensiv şəkildə görüşməyə, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi və mədəni- humanitar əlaqələrin inkişaf etdirilməsi bağlı məsləhətləşmələr aparmağa ehtiyacı var. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak etdilər. Zirvə görüşü Türk dövlətlərinin siyasi, iqtisadi və mədəni birliyinin əyani göstəricisi.

BU BİRLİYİ ƏRSƏYƏ GƏTİRƏN İSƏ MƏHZ AZƏRBAYCAN VƏ PREZİDENT İLHAM ƏLİYEVDİR

Nəzərə alaq ki, bu qurum 2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə Naxçıvanda təsis olunub. Hazırda təşkilatın 5 daimi, 3 müşahidəçi üzvü var. Ötən illər ərzində bu təşkilat beynəlxalq aləmdə və ölkələrin üzləşdiyi problemlərin həllində çox böyük uğurlara imza atıb. Məhz buna görə də hər bir Türk dövləti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır. Təsadüfi deyil ki, bu məqam Qarabağ Bəyannaəməsində ayrıca bənd kimi qeyd edilib: “TDT-nin Dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada qeyri-rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkürünü bildirir, Azərbaycan Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirirlər”.

TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI DÜNYA MİQYASINDA GÜC MƏRKƏZLƏRİNİN BİRİNƏ ÇEVRİLMƏLİDİR

Təsadüfi deyil ki, tədbirin moderatoru olan Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir: «Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımızı döyüş meydanlarında dəfələrlə göstərmişik. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir».

Azərbaycan Prezidenti Şuşadan bütün dünyaya bir daha bəyan etdi ki, xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malikliyi ölkələrimizi sıx birləşdirir: “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.

Göründüyü kimi, Azərbaycan liderinin bu qürurverici bəyanatının çox güclü siyasi-iqtisadi əsasları var. Belə ki, Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin birgə ümumdaxili məhsulu 1 trilyon ABŞ dollarından çoxdur. Genişlənməkdə olan bazara və sayı 150 milyondan artıq olan insan resursuna malikdir. Müqayisə üçün bildirək ki, Avropa İttifaqının insan resursları bu rəqəmdən 3 dəfə çox olsa da, birgə ÜDM-i 15,9 trilyon avrodur. Yəni Türk Dünyasının toplam ÜDM-indən 15 dəfə çoxdur. Bu, Türk Dünyası üçün yeni çağırışları aktuallaşdırır. Yəni Türk dövlətləri iqtisadi olaraq ixtisaslaşa, birgə istehsalı və iqtisadi-ticari əməkdaşlığı artırma yolu ilə birgə ÜDM-i, o cümlədən hər bir Türk dövləti milli ÜDM-ni artırıb, inkişaf edə bilər. Təsadüfi deyil ki, Macarıstanın Baş naziri Viktor Orban Zirvə görüşündə TDT-nin vahid investisiyasının yaradılmasını təklif etdi. Halbuki, Macarıstan Avropa İttifaqının üzvüdür və bu ölkə hazırda Aİ-yə sədrlik edir. Bununla belə, macar liderinin Aİ-dən daha çox TDT-dən gözləntiləri var. Ona görə də bu təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsində daha çox maraqlıdır

QARDAŞLIQ HƏMRƏYLİYİNİ NÜMAYİŞ ETDİRDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında da bildirdi ki, Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür.

Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Ölkə Prezidenti də çıxışında bu məqama toxundu. Bildirdi ki, Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur: “Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur.

Şuşa şəhərinin tarixi əhəmiyyəti hər kəsə bəllidir. Burada işğaldan öncə Azərbaycan xalqı əsasən mədəniyyətə aid tədbirlər keçirib. Şuşanın özü də mədəniyyətimizə böyük şəxsiyyətlər verib ki, bu da Türk dünyasına- bütün dünyaya yaxşı məlumdur. Yəni Şuşa tam bir mədəniyyət mərkəzidir.

Ölkə Prezidenti çıxışında bildirdi ki, 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur: “Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır”.

İndi təkcə Şuşa deyil, bütün Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Burada “Böyük Qayıdış” proqramı icra olunur. Erməni vandallarının məhv etdiyi ərazilərəmizə Günəş doğur. Biz qayıtmışıq və bunun faydasını bütün region bilir, yaxşı anlayır.

Azərbaycan Prezidenti çıxışı zamanı açıqladı ki, cari ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq: “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər”..

Azərbaycan TDT-nin inkişafı və gələcəyi üçün də maddi dəstəyini əsirgəmədi. Azərbaycan Prezidenti bu gün açıqladı ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür.

TDT-NİN BEYNƏLXALQ NÜFUZUNU DAHA DA GÜCLƏNDİRƏCƏK QARABAĞ BƏYANNAMƏSİ

Zirvə görüşünü əlamətdar edən daha bir hadisə isə təbii ki, sonda qəbul edilən Qarabağ Bəyannaməsidir. Ölkə başçısının vurğuladığı kimi, imzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Bəyannamənin bu cür adlandırılması və ona 7 ölkə liderinin imza atması ABŞ-dəki, Fransadakı və digər ölkələrdəki pozucu qüvvələrə xəbərdarlıq idi. Bununla da Türk dövlətləri bir daha bəyan etdilər ki, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır və ona uzadılan xain dillər anındaca kəsiləcək.

Çıxışının sonunda bu il Azərbaycanda keçiriləcək COP29-dan söz açan dövlətimizin başçısı bu tədbirin Bakıda keçirilməsini beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsi kimi dəyərləndirib: “Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
97
2
sesqazeti.az

3Источники