İyulun 6-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti keçirilib. Sammitdə Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentləri və yüksək vəzifəli rəsmiləri iştirak edib. Liderlər Orta Dəhliz və digər nəqliyyat əlaqələrinin gücləndirilməsi, eləcə də Azərbaycanın noyabrın 11-22-də ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (ÇNL 29) Tərəflərin 29-cu Konfransına hazırlıq məsələləri müzakirə edilib. “Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi tarixi əhəmiyyətli bir hadisədir”. Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat qeyd edib ki, Şuşa 28 il düşmən işğalı altında idi və bu, Azərbaycanla yanaşı Türk dünyası üçün də bir məğlubiyyət kimi görünürdü. Amma Şuşanın azad olunması bütün Türk dünyasının başını uca etdi. Azərbaycan döyüş meydanında öz gücünü nümayiş etdirməklə, Türk ordusunun dünyanın ən güclülərindən biri olduğunu sübut etdi. Azər Badamov “Bu gün TDT üzv dövlətlərin başçıları cənab Prezident İlham Əliyevin yanında, Şuşada eyni sevinci yaşayırlar. Çünki onlar da qədim Türk torpağının azad olunduğunu və inkişaf etdiyini görürlər. Hətta Türk dövlətləri işğaldan azad olunmuş ərazilərə öz qardaşlıq hədiyyələrini də etdilər. Şuşada qeyri-rəsmi görüşdə hamının bir yerdə toplaşması düşmənlərimizə bir mesajdır. TDT-nin üzv dövlətləri birliyin sarsılmaz bir güc olduğuu Şuşadan bəyan etdilər”-deyən deputat bildirib ki, Şuşada imzalanmış Qarabağ Bəyannaməsi birliyimizin simvoludur. Bəyannamə çoxşaxəli əməkdaşlığımızı təsdiq edir. Burada iqtisadi inkişaf, regional əlaqələr, iqlim tədbirləri, texnologiya və müdafiə sahəsində əməkdaşlıq kimi əsas sahələri əhatə olunur. Azər Badamovun fikrincə, TDT üzv dövlətlərinin əməkdaşlığının potensialı çox böyükdür. Çünki, TDT üzv dövlətlər böyük iqtisadiyyat, artan demoqrafiya, böyük ərazi, böyük hərbi güc, oxşar dil və mədəniyyətdir. “Birliyimizin güclənməsi mövqelərimizi möhkəmləndirir. Eyni mövqedən çıxış etməyimiz də beynəlxalq tribunalarda sözümüzün gücünü artırır. Bu baxımdan Qarabağ Bəyannaməsi TDT-da birliyin, həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək”-deyə Azər Badamov əlavə edib. İradə Cəlil, Bizimyol.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта