RU

Şuşa: dünya türklərinin Zəfər evi

2020-ci ildə Qarabağın işğaldan azad edilməsi uğrunda gedən İkinci Vətən müharibəsinin kulminasiya nöqtəsi olan Şuşa əldə edilən Zəfərlə dünya türklərinin evinə çevrilib. Çünki Şuşa həm də Türk dünyasının mədəniyyət paytaxtlarından biridir. Elə bu səbəbdən də Zəfərdən sonra dünya türkləri tez-tez burada toplaşır və bu doğma ocaqda birlik, həmrəylik nümayiş etdirməklə böyük Türk dünyasının gücünü sərgiləyirlər.

İyulun 5-6-da Türk dünyasının diqqəti yenə də Şuşada idi. Regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə qeyri-formal sammit keçirildi. Azərbaycan, Özbəkistan, Qırğızıstan Qazaxıstan prezidentləri - İlham Əliyev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi bir araya gətirən qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar ötən ilin noyabrında Astanada – TDT-nin “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilmişdi.

Dövlətimizin başçısı İlham Əliyev də bu il iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı xüsusi vurğulamışdı ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etmir. Eyni mövqeni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirib: “Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə Toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm”.

Şuşa Bəyannaməsindən Qarabağ Bəyannaməsinə

Şuşa ona görə Zəfərimizin zirvəsi hesab olunur ki, həm 2020-ci ilin 44 günlük Vətən müharibəsi orada Zəfərlə bitdi, həm Qarabağın tacıdır, həm də Türk dünyasının mədəniyyət paytaxtıdır.

Şuşa coğrafi mövqeyinə görə də fərqlilik təşkil edir. Elə bu səbəbdən də düşməndən çətinliklə geri alındı. Bu barədə dövlətimizin başçısı deyir: Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayalara baxarkən görür ki, bu şəhəri, alınmaz qala sayılan şəhəri götürmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı və Azərbaycan bayrağını ucaltdı.

Şuşa Bəyannaməsi bu şəhərin dünya türklərinin evi olduğunu bir daha təsdiqlədi. Bu möhtəşəm Bəyannamənin məhz 15 iyun tarixdə imzalanması təsadüfi hadisə deyildi. Hələ Naxçıvanda fəaliyyət göstərdiyi üç il ərzində torpaqların işğal olunmasına ürək yanğısı ilə yanaşan, bütün çıxışlarında Qarabağın bir gün düşməndən geri alınacağını bildirən Ulu Öndərin bu, ən böyük arzusu idi. Hakimiyyətdə olduğu dövrdə hərtərəfli işlər görsə də, Azərbaycanın haqq səsini dünyaya təqdim etsə də, ömür torpaqlarımızın azad olmasını görməyi Ona nəsib etmədi. Bu barədə 2022-ci ildə-Ümummilli Liderin doğum günündə Şuşada olan və xalqa müraciət edən dövlətimizin başçısı İlham Əliyev deyirdi: Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Xalqımız üçün ən çətin anlarda xalqın yanında olmuşdur, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas etmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu.

Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik.

Şuşa Bəyannaməsinin imzalanması günü də Qurtuluşun təntənəsi olan və dövlətçilik ənənələrini özündə ehtiva edən 15 iyun gününə müəyyən edilmişdi. Dövlətimizin başçısının bəyanatla çıxışında dediyi kimi: İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.

Ötən həftə Şuşada keçirilən TDT başçılarının Zivə toplantısı isə həm azad olunmuş ərazilərdə keçirilən ilk beynəlxalq səviyyəli tədbir, həm də Qarabağ Bəyannaməsinin imzalanması ilə tarixin şanlı səhifəsinə çevrildi. Bu toplantının türk dünyasının birliyini daha da gücləndirəcəyi isə şübhəsizdir.

Torpaqlarını işğaldan azad edən, ərazi bütövlüyünü bərpa edən Azərbaycan xarici siyasətinin əsas istiqamətlərini müəyyən edib - Türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi də bura daxildir. Azərbaycan Prezidenti də bunu dəfələrlə bəyan edib. Bəyan edib ki, Türk dünyası birlikdə güclüdür. Bu siyasət də onilliklərə söykənir. Ən mühüm olan odur ki artıq “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ideyası artıq digər türk dövlətlərini də əhatə etməyə başlayıb. Azərbaycan türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynamağa başlayıb. Şübhəsiz ki, bu məsələdə Prezident İlham Əliyevin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu, İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunda prioritet istiqamətə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ildə bir dəfə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib. TDT-nin güc mərkəzinə çevrilməsi istiqamətində aktiv siyasət yürüdən dövlətimizin başçısı bir neçə dəfə bəyan edib ki, Türk dünyası böyük coğrafi məkanı əhatə edir və XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Qardaşlıq həmrəyliyinin təzahürü

Dövlətimizin başçısının da söylədiyi kimi Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidentinin Şuşaya, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentlərinin Şuşa və Füzuliyə, Qırğızıstan Prezidentinin Füzuli və Ağdama səfərləri bu həmrəyliyin təzahürüdür.

Məlum olduğu kimi, qarşılıqlı münasibətlərin nəticəsidir ki, Özbəkistan və Qazaxıstan Füzulinin inkişafına öz töhfələrini verib. Biz Azərbaycan xalqı olaraq bundan qürur duyur və yüksək qiymətləndiririk.

Ötən il avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 960 şagird yerlik 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər.

Qeyd edək ki, məktəbə Əmir Teymurun nəvəsi, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adı verilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.

Bu il martın 12-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, yeni təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Görkəmli musiqiçinin əfsanəvi əsərləri bütün Türk dünyasının mirasına çevrilib. Mərkəzin yaradılması Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına töhfə vermək məqsədi daşıyır.

Zirvə toplantısında çıxışında dövlətimizin başçısı qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürünü bildirmişdir.

Qarabağ: əbədi dostluğun həqiqi rəmzi

Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə aşağıda sadalanan məsələlər Qarabağ Bəyannaməsinin imzalanmasını şərtləndirdi. Beləliklə, regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğu öz təsdiqini tapdı. Həmçinin türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolun yüksək səviyyədə olduğu və bəşəriyyət tarixində Türk xalqlarının siyasi, iqtisadi və bəşəri nailiyyətləri əsaslandırıldı.

2023-cü il noyabrın 3-də “TÜRKTIME” şüarı altında keçirilmiş, TDT-nin gələcək transformasiyasında və Türk dünyasının inteqrasiyası səylərində, eləcə də onların xalqlarının birlik və rifahının gücləndirilməsində növbəti mühüm mərhələ olan TDT-nin yubiley - Astana Zirvə görüşünün uğurlu təşkilinə görə Qazaxıstan Respublikasının sədrliyi dəyərləndirıldi.

TDT-nin yaradılmasına dair Naxçıvan Sazişinə uyğun olaraq, Dövlət Başçıları Şurasının (DBŞ) müntəzəm görüşləri ilə yanaşı, ildə bir dəfə DBŞ-nin qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təklifi alqışlandı.

Geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyəti qəbul olundu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüşün Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürü olduğu bəyan edildi.

Zirvə toplantısında iştirak edən türk dövlətləri başçıları yüz minlərlə azərbaycanlı keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıdışı üçün şərait yaradacaq genişmiqyaslı minatəmizləmə fəaliyyəti və humanitar minasızlaşdırma səyləri də daxil olmaqla, işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəyliklərini ifadə etdi.

Türk dövlətləri arasında sabit və çoxşaxəli əlaqələrin inkişafının, o cümlədən iqlim fəaliyyəti vasitəsilə sağlam planetin qorunmasına yönəlmiş birgə səylərlə davamlı gələcəyin mümkün olduğu təsdiq edildi.

Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışlarının türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb etdiyinin və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasının zəruriliyi etiraf edildi.

Bütün bunlar Qarabağ Bəyannaməsinin imzalanması üçün əsas yaratdı ki, bununla da Qarabağ türk dünyasının həqiqi dostluğunun rəmzinə çevrildi.

Mətanət Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
sesqazeti.az

1Источники