RU

Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilir

İyulun 4-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada növbəti Zirvə görüşü keçirildi. Prezident İlham Əliyevin Qazaxıstan Prezidentinin dəvəti ilə Zirvə görüşündə iştirakı və çıxışı, səsləndirdiyi çağırışlar bu gün də ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Səfər çərçivəsində dövlətimizin başçısının Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan liderləri ilə görüşləri oldu, bu ölkələrlə Azərbaycan arasındakı münasibətlərə dair bir çox strateji məsələlər müzakirə edildi.  Azərbaycan ilə qeyd edilən ölkələr arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları ilə keçirilən görüşlər də Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərin daha bir göstəricisi oldu.  

Şanxay Əməkdaşlıq Təşkilatının əsas məqsədi ölkələr arasında mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılmasıdır. Bu təşkilat 2001-ci ildə yaradılıb. Quruma üzv dövlətlər Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistandır. Əfqanistan, İran, Monqolustan və Belarus təşkilatda müşahidəçilər kimi təmsil olunurlar. Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka isə Şanxay Əməkdaşlıq Təşkilatında "Dialoq üzrə tərəfdaş" ölkələrdir.  Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında fəal təmsilçiliyi daha çox 2015-ci ildən başlanıb. 2015-ci ildə təşkilata üzv dövlətlərin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusunun verilməsi ilə bağlı  qərar qəbul edilib. 2016-cı ildə isə Pekində Azərbaycana "Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı" statusunun verilməsi haqqında memorandum imzalanıb. 2022-ci ildə  Şanxay Əməkdaşlıq Təşkilatının  Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə  Prezident İlham Əliyev fəxri qonaq statusunda iştirak etdi. 

Azərbaycan Prezidentinin ikinci dəfə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirakı ölkəmizlə  təşkilat arasındakı əlaqələrin güclənməsinin, ölkəmizin qlobal önəminin  artmasının, təşkilata üzv ölkələrlə ikitərəfli əlaqələrimizin  inkişafının təzahürüdür. Siyasi, iqtisadi, xüsusilə nəqliyyat, kommunikasiya, enerji və digər istiqamətlərdə genişlənən əməkdaşlıqlar, bütün bunların qarşılıqlı faydaları Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanla münasibətlərin daha da inkişafına olan böyük marağı şərtləndirir. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında “Bu, mənim son iki ildə Qazaxıstana dördüncü səfərimdir. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib və bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk” söyləyərək onu da qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.

Ölkəmizin beynəlxalq arenada nüfuzu getdikcə artır. Qlobal proseslərdə  mövqeyimiz  möhkəmlənir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, qəbul etdiyi qərarların və irəli sürdüyü təşəbbüslərin nəticəsidir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri ölkələri, xalqları bir araya gətirir, dostluq, əməkdaşlıq körpüsünü daha da möhkəmləndirir. Bu faktorlar ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı üçün əhəmiyyətini daha da artmasını şərtləndirir. Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi ölkənin qlobal səviyyədə siyasət yürüdən ölkə olduğunu, qlobal aktor olduğunu və dünyanın aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarını göstərir.

İyulun 5-6 tarixlərində Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün özündə ehtiva etdiyi çağırışlar da hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Türk dünyasının birliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Dövlət başçısı İlham Əliyev Zirvə görüşndəki çıxışında bir daha diqqəti bu mühüm məqama yönəltdi ki, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsümü dəstəklədiyiniz və dəvətimizi qəbul edərək Şuşa şəhərinə gəldiyiniz üçün təşəkkür edirəm. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Zirvə görüşündə çıxışlarda vurğulandı ki, türk dünyasının birliyinin  gələcəkdə daha da möhkəmlənməsi, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması üçün geniş imkanlar yaranır. Şuşanın şahidliyi ilə imzalanan Qarabağ Bəyannaməsi, eyni zamanda, qəbul olunan digər qərarlar bunun bariz nünunəsidir. Türk dünyası böyük ailədir. Onun möhkəmləndirilməsi üzv ölkələrin səylərinin daha da birləşdirilməsindən, birgə addımların atılmasından asılıdır. Bu gün dünya bu birliyin, həmrəyliyin şahidinə çevrilib. 

Abil Ağasəfov,
YAP Qəbələ rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
81
2
ikisahil.az

3Источники