RU

Şuşada ilk beynəlxalq sammit- tarixi fakt...

Image

Azər Həsrət: “TDT-nın Şuşada keçirilən zirvə görüşü böyük tarixi əhəmiyyətə malikdir”

İyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə qeyri-rəsmi sammit keçirilib.

Azərbaycan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan prezidentləri - İlham Əliyev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.

Bu, Türk Dövlətləri Təşkilatının  Şuşada keçirdiyi ilk beynəlxalq sammit idi. Bunun əhəmiyyətini necə dəyərləndirmək olar?

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində “Əlbəttə ki, TDT-nın Şuşada keçirilən zirvə görüşü böyük tarixi əhəmiyyətə malikdir. Bu görüşdə TDT-yə üzv olan beş dövlətin təmsilçiləri iştirak etdi. Onlar arasında qardaş Türkiyənin cümhurbaşqanı məlum səbəbdən iştirak edə bilmədisə, nümayəndəsi qatıldı. Bütövlükdə götürdükdə, TDT-nın sadə olaraq Şuşada toplaşması faktının özü çox əhəmiyyətlidir”-deyə bildirdi. 

A.Həsrət vurğuladı ki, çünki Şuşa uzun illər Ermənistanın işğalı altında qalıb və Ermənistan onunla bağlı dünyanı aldadan informasiyalar yayıb, təbliğat aparıb. “Bu gün dünyada dövlətlərarası təşkilatlar sırasında özünəməxsus yeri ilə seçilən və yüksəlməkdə olan Türk Dövlətləri Təşkilatının məhz bu şəhərdə toplanması bunun tanıdılması, bilinməsi baxımından tam vacib idi. Digər tərəfdən də, bu toplantının sonunda Qarabağ bəyannaməsinin qəbul edilməsi, bu bəyannamədə türk dövlətlərinin gələcək inkişafı, ümumiyyətlə, Türk Dövlətləri Təşkilatının qarşıdakı fəaliyyətləri ilə bağlı 31 maddəlik istiqamətlərin qeyd edilməsi xüsusi vurğulanmalıdır. Artıq türk dövlətləri rəsmi şəkildə ortaq fəaliyyəti bu bəyannamə ilə də əlavə bir şəkildə möhkəmləndirilmiş oldu. Eyni zamanda xüsusi vurğulamaq istərdim ki, Türk Dövlətləri Təşkilatının bu zirvə görüşündə qardaş ölkə Quzey Kıbrıs Türk Cumhuriyyətinin cumhurbaşqanı Ersin Tatar da iştirak etdi. Onun burada iştirakı olduqca önəmlidir. Bu hər şeydən öncə Quzey Kıbrıs Türk Cumhuriyyətinin özü, ikinci bir tərəfdən də, elə Azərbaycanın özü üçün də əhəmiyyətlidir. Quzey Kıbrıs Türk Cumhuriyyətini dünya hələ tanımaq istəmir. Baxmayaraq ki, onlar da bizim kimi uzun illərdir ədalətsizlikdən əziyyət çəkirlər, zülmə uğrayıblar, əzilən tərəf olublar, amma dünya buna kar və kordur. O baxımdan, belə bir zülmü yaşamış Azərbaycanın  Quzey Kıbrıs Türk Cumhuriyyətini dünyaya tanıtmaq baxımından bu cür zirvəyə dəvət etməsi təqdirəlayiqdir. Ümumikdə götürdükdə, Prezident İlham Əliyevin çıxışında qeyd olunan istiqamətləri də diqqətə alanda belə bir ümid yaranır ki, TDT yaxın zamanlarda  çox sürətlə inkişaf edəcək, daha effektiv bir quruma çevriləcək və bu proseslərdə Azərbaycan Respublikası öndə gedəcək. Yəni bizim dövlətimizin bu məsələlərdə yaxşı mənada inadkarlıq göstərməsi, əlbəttə ki, bütövlükdə türk dünyasının, türk millətinin dünyada daha yüksək səslə söz sahibi olmasına gətirib çıxaracaq”-deyə A.Həsrət qeyd etdi. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
baki-xeber.com

1Источники