RU

“Birlestik-2024” kimləri və niyə birləşdirir? - ŞƏRH

Qazaxıstanda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbi kontingentinin iştirakı ilə “Birlestik-2024” beynəlxalq təlimlərinə start verilib. İyulun 8-dən 17-dək keçiriləcək təlimlərdə 5 ölkənin hərbçiləri silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyat hazırlayıb həyata keçirəcəklər. Təlimlərə 4000-ə yaxın hərbçi, 700-ə qədər silah və hərbi texnika cəlb olunub.


Bəs bu təlimlərin keçirilməsində məqsəd nədir?




Bakupost.az -ın sualını hərbi ekspert Ədalət Verdiyev cavablandırıb.

O, beynəlxalq təlimin keçirilməsində məqsədin Xəzər regionunda yerləşən dost müttəfiq və qonşu ölkələrin hərbi münaqişələri, toqquşmaları lokallaşdırmaq və onların birgə əməliyyatlar həyata keçirməsi üçün qarşılıqlı əlaqə yaratmaqdan ibarət olduğunu bildirib:

“Görüntülərdən də məlum olur ki, yerüstü quru qoşunları ilə hava qüvvələrinin, dəniz xüsusi təyinatlılarının, ordu və cəbhə aviasiya vasitələrinin, hərbi gəmi və katerlərin, müxtəlif təyinatlı artilleriya vasitələrinin, hücum məqsədli motoatıcı və tank bölmləri qruplaşmasının təlimlərdə fəaliyyətlər həyata keçirəcəyi gözlənilir. Təlimlərdə həmçinin adanın separatçı elementlərdən təmizlənməsi, terrorçuların zərərsizləşdirilməsi, quruda və dənizdə olan infrastrukturun kənar müdaxilələrdən qorunması və təhlükəsizliyin təmin olunması məsələləri də məşq ediləcək”.

Hərbi ekspert təlimlərdə əsasən, Xəzəryanı ölkələrin iştirak etdiyini deyib. O, bu təlimlərə İran və Rusiyanın müşahidəçi qismində belə dəvət almadığını bildirib:

“Təlimlərdə iştirak edən ölkələrin hamısı orta dəhliz üzərində yerləşir. Bildiyimiz kimi, orta dəhliz Çini və Orta Asiyanı Azərbaycan üzərindən Avropayla birləşdirir. Marşurutun getdikcə artan əhəmiyyəti onun üzərində yerləşən ölkələrin təhlükəsizlik məsələlərinə vahid yanaşma konsepsiyasının formalaşdırılmasını tələb edib. Buna görə də belə bir təlimləri keçirilməsi gələcəkdə orta dəhlizin təhlükəsizliyinin təmin edilməsi baxımından çox vacibdir”.

Ə.Verdiyev Rusiya ərazisində olan dəhlizlərin işlək vəziyyətdə olmadığını deyib:

“Digər tərəfdən isə Yəmən husilərinin Qırmızı dənizdə törətdiyi terror aktları dünyanın diqqətini ən təhlükəsiz dəhliz ola biləcək orta dəhliz istiqamətinə çevirə bilib. Buna görə də keçirilən təlimlər yalnız region üçün deyil, beynəlxalq əhəmiyyətə malik təlimlərdir. Bu təlimlər sülhə, , dəhlizlərin təhlükəsiz və daim işlək vəziyyətdə qalmasına xidmət edir”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
150
50
bakupost.az

10Источники