RU

“Agricola” fermetləri aldadıb? - İDDİA VƏ CAVAB

“Agricola.az” MMC-nin Cəlilabad rayonunda fəaliyyət göstərən bir qrup fermeri aldatdığı, nəticədə fermerlərin ziyana düşdüyü iddia olunur. 

 

Pravda.az-a ünvanlanan şikayətdə bildirilib ki, “İzzət” MKM-nin direktoru Ələkbər Əliyev rəhbərlik etdiyi müəssisə Dövlət Ehtiyat Fondu torpaqlarından icarə əsasında istifadəyə verilmiş kənd təsərrüfatı təyinatlı əkin sahəsinin 9,5 hektar torpaq sahəsində və Cəlilabad rayonu Gülməmmədli kənd sakinlərindən icarəyə götürdüyü 4,82 ha sahə olmaqla, ümumilikdə 14,32 ha sahədə yazlıq noxud bitkisi əkini aparıb. 

 

Əkinlə bağlı bütün proseslər aqrotexniki qaydalara uyğun aparılıb, normal noxud çıxışı əldə edilib. Əkin sahəsində yaz aylarında əmələ gəlmiş alaq otlarının məhv edilməsi üçün 28.04.2024-cü il tarixdə “Tapagro-agri̇cola.az” şirkətinin Cəlilabad rayonunda fəaliyyət göstərən satış obyektində bitki mənşəli mineral gübrələrin və herbisidlərin satışı ilə məşğul olan əməkdaşlarına müraciət edib. Ona “Afaroz 40SL” herbisidini və digər qidalandırıcı bitki mənşəli maddələr veriblər və istifadəsində heç bir problem olmadığını bildiriblər. Həmin gün müəssisəyə məxsus 9,5 ha və digər 4,82 ha olmaqla 14,32 ha noxud əkilmiş sahəyə traktorun çiləyici vasitəsilə qeyd edilən herbisid və digər qarışıq qidalandırıcı gübrə qarışdırılaraq vurulub. Bir neçə gün keçdikdən sonra sahəyə baxış keçirildikdə məlum olub ki, sahəyə vurulmuş herbisid alaqları məhv etməklə yanaşı, noxud bitkisini də inkişafdan saxlayıb, noxudun yarpaqlarında saralma müşahidə edilib. Bununla əlaqədar olaraq qeyd edilən şirkətin yerli nümayəndəliyinin əməkdaşlarına müraciət edilib. Şirkətin əməkdaşları şirkətin aqronomu ilə məsləhətləşdikdən sonra əlavə olaraq noxud əkilmiş sahəyə başqa yemləndirici gübrələrin də verilməsinin vacib olduğunu bildiriblər. Əlavə olaraq yemləmə verilməsi üçün lazım olan dərmanlar oradan götürülərək yenidən noxud sahəsinə çiləyici texnika vasitəsilə verilib. Bir neçə gündən sonra noxud əkini sahəsinə yenidən baxış keçirildikdə məlum olub ki, verilən yemləmə gübrəsinin noxud bitkisinə heç bir xeyri olmayıb, əksinə, əkin sahəsinin bir hissəsində noxud bitkisinin yarpaqları yanaraq məhv olub, bir hissəsində isə bitki inkişafdan dayanıb. Həmin sahələrdə gələcəkdə məhsul əldə etmək mümkün deyil.

 

Şikayətdə bu da qeyd olunur ki, Ələkbər Əliyev “İzzət” MKM-ə 14,32 ha əkin sahəsinə dəymiş ziyanın ödənilməsində ona köməklik göstərilməsi üçün 2024-cü il 14-16 may tarixlərində sözügedən şirkət rəhbərliyinə və Cəlilabad polisinə müraciət edib. Lakin onun müraciətinə həssas yanaşılmayıb. 

 

Pravda.az məlumatı araşdırmaq üçün “Agricola.az” MMC ilə əlaqə saxlayıb. Şirkətin üç sahibindən biri, həmçinin İdxal şöbəsinin müdiri Sarvan Məmmədli məsələyə aydınlıq gətirib: “Müraciət edən vətəndaşlarla dəfələrlə danışmışam. Biz qaçmırıq, bu boyda ofisimiz var, festivallarda çıxış edirik, hamı bizi tanıyır, dələduz deyilik. Vətəndaşa bildirdim ki, aldığı malı biz idxal etməmişik, daxili bazardan alıb sizə satmışıq. Sözügedən mal Türkiyəyə məxsus “Sunset” şirkətinə məxsusdur. Daxili bazarda sözügedən malı satan şirkət “AgroMİA” isə “Sunset”in Azərbaycanda rəsmi distributorudur. Biz də “AgroMİA”dan malı alıb müştəriyə satmışıq. Bunu müştəriyə də izah edirik. Distributor Orxan bəyə də məsələni demişəm, sadəcə, söhbətdən yayınır. Malın şəklini göndərdi ki, müştərinin şikayəti boş şeydir, çünki dərmanın üstünə noxud üçün olduğu yazılıb. Müştəri dərmanı səhv tətbiq edib. Mən də Orxan bəyə dedim ki, hər nədirsə, gəl müştəri ilə görüş, axı narahatdır. Elə bil ki, qaçırıq. Ofisi tanıyır, dəvət də etmişik. Orxan bəy də gəlsə, ortaq məxrəcə də gələ bilərik. Azərbaycanda nə qədər “Mercedes” satan salonlar var. “Mercedes” xarab olanda distributorun üstünə gedirsən. Mən də müştəriyə deyirəm ki, məndən yapışıb yaxşı eləmisən, məhkəməyə də vermisən, mətbuata da çıxırsan, amma bundan xeyir əldə etməyəcəksən. Çünki malın distributoru mən deyiləm. Məsələdən yayınmırıq, malı biz satmışıq, qaiməsi də var. Müştəriyə söz vermişik ki, bundan sonra bizdən alacağı bütün malları ona maya qiymətinə satacağıq. Halbuki bunu etməməliyik, çünki günah bizdə deyil. Zərəri biz ona ödəyə bilmərik. Biz sözümüzün üstündəyik. Başa düşürük, insandır, zərərə düşüb, hər şeyə əl atır”. 

 

Aytəkin Qardaşova

Tarix: 9 İyul 2024, 08:55   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
pravda.az

1Источники