“Qərbi Azərbaycan mövzusu, Qərbi Azərbaycan İcmasının geri qayıdış hüququnun reallaşması sahəsində müvafiq işlər aparılır. Bu istiqamətdə həyata keçirilən görüşlərdə biz də Almaniya Azərbaycanlıları Alyansı olaraq öz dəstəyimizi nümayiş etdirir və Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında xidmət göstəririk. Bu istiqamətdə atılan addımlara nümunə kimi ötən ilin may ayında indiki Ermənistan ərazisindən zorla çıxarılmış və hazırda dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların nümayəndələrinin Almaniyanın paytaxtı Berlin şəhərində qayıdış hüququ mövzusunda konfransı göstərə bilərik”.
Avtosfer.az xəbər verir ki, bunu açıqlamasında Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Nuran Abdullayev bildirib.
“Bu tədbirdə dünyanın müxtəlif ölkələrində məskunlaşmış yüzə yaxın Qərbi azərbaycanlı fəalın iştirakı və onların bir araya gəlməsi diasporumuzun bütün mövzularda olduğu kimi Qərbi Azərbaycan mövzusunda da birlik nümayiş etdirməsi deməkdir. Orada qəbul edilən bəyannamədə indiki Ermənistan ərazisindən zorla çıxarılmış və hazırda dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların nümayəndələri öz vətənlərinə qayıtmaq hüquqlarının olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırıblar.
Biz diaspor olaraq keçirdiyimiz tədbirlərdə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsinə hər zaman xüsusi diqqət yetirmişik. Eyni zamanda Almaniyada Qərbi Azərbaycandan olan soydaşlarımızla mütəmadi olaraq görüşlər, toplantılar keçirir və fikir mübadiləsi aparırıq. Qürurlandırıcı haldır ki, harada olmağından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyi Vətən həsrəti ilə döyünür.
Apardığım həmin görüşlərin nəticəsi olaraq belə qənaətə gəlirəm ki, Qərbi Azərbaycan İcmasının Almaniyada da nümayəndəliyinin fəaliyyətə başlamasına zəmin yaranıb. Hətta bir müddət əvvəl Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də xarici ölkələrin əksəriyyətində Qərbi Azərbaycan İcmasının nümayəndəliklərinin yaradılmasının nəzərdə tutulduğunu vurğulayıb. Hesab edirəm ki, doğrudan da buna ehtiyac var, çünki xarici ölkələrdə kifayət qədər Qərbi Azərbaycandan olan soydaşlarımız yaşayır”, - deyə o bildirib.
(modern.az)