Təəssüf ki, hazırda Gürcüstanın Avropa İttifaqına qoşulmaq prosesi dayandırılıb. Ümid edirəm ki, seçkilərdən sonra yeni qurulan hökumət yenidən Avropa İttifaqına inteqrasiya istiqamətində ciddi işə başlayacaq. Bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski deyib.
Herçinski, Gürcüstanın hazırkı hakimiyyətinin niyyətlərinin Avropa İttifaqının liderləri üçün anlaşılmaz olduğunu deyib.
“İyunun 27-də, dəqiq on gün əvvəl Avropa İttifaqının liderləri, Aİ ölkələrinin prezidentləri və baş nazirləri Brüsseldə bir neçə olduqca mühüm qərar qəbul etdilər. Onlar Avropa İttifaqının gələcək strateji gündəliyi barədə və gələcəkdə Avropa İttifaqının liderlərinin kimliyi ilə bağlı razılığa gəldilər. Həmçinin, onlar Ukraynanın müdafiəsinə dair qəti öhdəliyimizi bir daha təsdiq etdilər. Həmçinin, onların Gürcüstanın Avropa İttifaqına qoşulmaq prosesini dayandırmaq barədə razılaşdıqlarını demək mənim üçün çox təəssüfdoğurucudur. Bu, Avropa Şurasının rəylərində açıq şəkildə deyilib. Xahiş edirəm onları çox diqqətlə oxuyun, yalnız bir neçə maddə var.
Gürcüstanın hazırkı hakimiyyətinin niyyətləri Avropa İttifaqının liderləri üçün anlaşılmazdır. “Xarici təsirin şəffaflığı haqqında” qanun açıq-aydın doqquz mərhələdən geriyə atılan addımdır və Avropa İttifaqına qoşulmaq məqsədi ilə tamamilə uyğun gəlmir.
Beləliklə, təəssüf ki, hazırda Gürcüstanın Avropa İttifaqına qoşulmaq prosesi dayandırılıb. Bu, həqiqətən də təəssüfdoğurucu və məyusedicidir, çünki eyni zamanda biz digər namizəd ölkələrlə sürətlə irəliləyiş əldə edirik. Bildiyiniz kimi, bu qərarın ertəsi günü Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başladı. Gürcüstanda keçirilən seçkilərdən sonra yeni qurulan hökumətin, necə olursa olsun, Avropa İttifaqına inteqrasiya istiqamətində yenidən ciddi işə başlayacağına səmimi şəkildə ümid edirəm” – Pavel Herçinski bildirib.
Herçinskinin qeyd edib ki, Gürcüstanın Avropa İttifaqının sonrakı genişlənməsinin bir hissəsi olub-olmayacağı yalnız Gürcüstan və gürcülərdən asılıdır.
TAHİR