RU

4 oyunda 1 qələbə qazanan Braziliya mübarizəni dayandırdı - AMERİKA KUBOKU

İyulun 5-6-da ABŞ-də təşkil edilən 48-ci Amerika Kubokunun (AK) 1/4 finalında daha üç matç keçirildi.

"Football-plus.az" xəbər verir ki, Kanada, Kolumbiya və Uruqvay yığmaları yarımfinala ilk vəsiqəni qazanan son çempion Argentinanın sırasına qoşuldular. Əlbəttə, üç il əvvəlki turnirin finalçısı Braziliyanın bu mərhələyə çıxa bilməməsini xüsusi qeyd etməliyik.

1/4 final
Venesuela – Kanada 1:1, p. – 3:4

Rondon, 65 – Şaffelberq, 13.
Venesuela: Romo, Aramburu, Ferraresi, Y.Osorio (Anxel, 90+2), Navarro, Y.Errera, Xose Martines (Rinkon, 90+2), Belyo (Lakava, 84), Kasseres (Kadis, 60), Soteldo (Savarino, 84), Rondon.
Kanada: Krepo, Conston, Bombito, Kornelius, Devis, C.Osorio (Kone, 81), Lareya (Ahmed, 72), Euştakio, Devid, Şaffelberq (Millar, 62), Larin (Oluvaseyi, 72).

Qrup mərhələsində hamını yaxşı mənada təəccübləndirməklə 1/4 finala qrupun lideri kimi vəsiqə qazanan Venesuela yığmasının Kanada ilə dueldəki şansı təxminən bərabər dəyərləndirilirdi. Fernando Batistanın komandası ilk hissədə buraxdığı erkən qolun cavabını fasiləyə qədər verə bilərdi. Buna ikinci hissədə nail olan cənubi amerikalılar nədənsə hücumlarını səngitməsi ilə yadda qaldılar. Nəticədə AK-nın reqlamentinə əsasən əsas vaxt heç-heçə sona çatan kimi penalti seriyası qaydası işə düşdü. Bu sınaqdan Cessi Marşın çalışdırdığı Kanada yığması qalib çıxdı.

Kolumbiya - Panama 5:0
C.Kordoba, 8. Xames Rodriges, 15-p. L.Dias, 41. Rios, 70. Borxa, 90+4-p.
Kolumbiya: K.Varqas, Munyos (S.Aryas, 72), D.Sançes, Kuesta, Moxika, Uribe, C.Aryas (Karraskal, 65), Rios, Xames Rodriges (Kintero, 72), C.Kordoba (Borxa, 79), L.Dias (Sinisterra, 65).
Panama: Maskera, Murilyo, Farinya, X.Kordoba, Miller (E.Gerrero, 46), Devis (O.Valensiya, 82), K.Martines (Ayarsa, 62), Uelş, Blekmen (Harvi, 46), Barsenas, Faxardo (İ.Dias, 85).

Turnirin əvvəlindən əla təsir bağışlayan Kolumbiya yığması tarixində ilk dəfə AK-nın 1/4 finalına vəsiqə qazanan Panamanı məğlub etməkdə çətinlik çəkmədi. Nestor Lorensonun komandası aşkar autsayderin qapısından 5 cavabsız top keçirdi. Xames Rodriges ilk hissədə üç məhsuldar hərəkət (1 qol, 2 məhsuldar ötürmə) etməklə AK-nın tarixinə rekordçu kimi düşdü. “San Paulu”nun 32 yaşlı yarımmüdafiəçisi cari turnirdə 5 məhsuldar ötürmə etməklə son 50 ildə AK-da ən yaxşı göstəricini təkrarladı. Qeyd edək ki, göstərilən müddətdə buna braziliyalı Denilson (1997), onun həmyerlisi Aleks (2004) və argentinalı Messi (2021) nail olub.

Uruqvay - Braziliya 0:0, p. – 4:2
Uruqvay: Roçet, Nandes, R.Arauxo (X.M.Ximenes, 33), M.Olivera, Vinya (Kaseres, 46), Valverde, Uqarte, Maksimiliano Arauxo, De la Krus (Bentankur, 66), Pelyistri (Varela, 77), D.Nunyes (De Arraskaeta, 78).
Braziliya: Alisson, Danilo, Militao, Markinyos, Gilyerme Arana, Joao Qomes (Duqlas Luis, 81), Bruno Gimaraynş (Evanilson, 74), Lukas Paketa(Andreas Pereyra, 81), Rodriqo (Martinelli, 87), Rafinya (Savinyo, 81), Endrik.

1/4 finalın ən çox maraqla gözlənilən oyunu neytral azarkeşləri bir qədər məyus etdi. Qapı torları silkələnmədi. Amma mübarizənin gərginliyinə söz ola bilməz. Las Veqasda keçirilən matçda çempionluğa iddialı komandaların ifasında, demək olar ki, parlaq anlara da təsadüf edilmədi. İlk hissədə yalnız bir dəqiqə ərzində Nunyesin qeyri-dəqiq zərbəsi və Rafinyanın qapıçı Roçet ilə təkbətək qaldığı epizodu boşa verməsi yaddaqalan oldu. Oyun həm də çox sayda qayda pozuntusu ilə yadda qaldı. İş o yerə çatdı ki, 74-cü dəqiqədə uruqvaylı müdafiəçi Nandes Rodriqoya qarşı kobud sürüşmə fəndinə görə qarşısında birbaşa qırmızı vərəqə gördü. Dorival Juniorun çalışdırdığı komanda təxminən 20 dəqiqə say üstünlüyü ilə oynasa da, bundan yararlana bilmədi. Vinisius Juniorun cəzalı olması uruqvaylıların işinə yaradı. AK-da hücum xəttində ideya çatışmazlığı ilə yadda qalan Braziliya yığması oyundan sonrakı penalti seriyasında 2:4 hesabı ilə uduzaraq (Militaonun zərbəsini qapıçı dəf etdi, Duqlas Luis isə topu dirəyə vurdu) mübarizəni dayandırdı. Beşqat dünya çempionu turnirdə keçirdiyi 4 oyunu yalnız 1 qələbə ilə başa vurdu. Qrupu maksimum nəticə ilə bitirən Uruqvay isə 2011-ci ildən sonra ilk dəfə yarımfinala çıxdı. Marselo Byelsanın çalışdırdığı komanda bu mərhələdə olumbiya ilə qarşılaşacaq.

Bombardirlər: Lautaro Martines (Argentina) - 4, Rondon (Venesuela) - 3.

Oyundan sonra
Dorival Junior, Braziliya yığmasının baş məşqçisi:

“Orlandoya gəldiyimiz ilk gündən məşqlərdə özümüzü penalti seriyasında da sınamışdıq. Ona görə ki, matçın heç-heçə başa çatmaq ehtimalını nəzərə almışdıq. Təəssüf ki, Rodriqo son dəqiqələrdə meydanı tərk etməli oldu. O isə komandamızın penaltini yaxşı yerinə yetirən oyunçularından biridi. Bu da var ki, meydana sonradan daxil olanlar məşqlərdə bu sınaqdan uğurla çıxmışdılar və bizə faydalı ola bilərdilər. Amma kimsə səhv etməli idi və təəssüf ki, yekunda məhz biz uduzduq”.

Serxio Roçet, Uruqvay yığmasının qapıçısı:
“Çox güclü rəqibə qarşı olduqca gərgin oyun keçirdik. Son dəqiqələrdə on nəfərlə oynadğımızdan böyük təzyiq qarşısında qaldıq. Gənc komanda olsaq da, xarakter nümayiş etdirdik. Çətinliklə də olsa, mübarizəni penalti seriyasına daşıya bildik və mən zərbələrdən birini dəf etdim... Həqiqət budur ki, komandamız indi çox xoşbəxtdi və ölkəmiz buna layiq idi. Biz bu turnirdə daha böyük uğur istəyirik”.

AMERİKA KUBOKU
tarix saat oyun

9 iyul 04.00 Argentina - Kanada
10 iyul 04.00 Uruqvay - Kolumbiya
Qeyd: yeni günə keçən gecə keçirilən oyunların başlama tarixi ötən günə nəzərən göstərilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
football-plus.az

1Источники