RU

Hədəflərimizə addım-addım irəliləyirik

SİA "İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor, Əməkdar jurnalist Vüqar Rəhimzadənin yap.az-a verdiyi müsahibəni təqdim edir:

- Vüqar müəllim, rəhbərlik etdiyiniz “İki sahil” qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən33 il ötür.33 il zaman baxımından çox da böyük olmasa da, “İki sahil”in yarandığı dövrün təhlili əsasında sanki bir əsrə bərabər yol keçdiyini deyə bilərik. “İki sahil”in keçdiyi 33 illik yolu necə xarakterizə edərdiniz?

-Hər bir əlamətdar tarix bir hesabat xarakteri daşıyır. Bu gün 33 yaşlı “İki sahil”i 1991-ci ilin 10 iyul tarixində yenicə nəşrə başlayan“İki sahil” ilə müqayisə etdikdə keçilən yol hər bir “İki sahil”çidə böyük qürur hissi yaradır. “İki sahil” dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın keçdiyi yolunbələdçilərindən biridir. Bununla bərabər onu da qeyd etməliyik ki, “İki sahil” qəzeti yarananda Azərbaycan hələ dövlət müstəqilliyini bərpa etməmişdi. İstər müstəqilliyimizin bərpasına qədərki, istərsə də müstəqilliyimizin bərpasının ilk illəri olduqca ağır günlər idi. Müstəqil mətbuatın fəaliyyətindəndanışmaq qeyri-mümkün idi. Bu, böyük qətiyyət, cəsarəttələb edirdi. Senzuranın tüğyan etdiyi bir zamanda“İki sahil” qəzetini böyük çətinliklə yaratdıq. Bu, bir daha təsdiqlədi ki,məqsəd varsa, ona nail olmaq üçün bütün çətinliklərə rəğmən addımlar atılacaq. Artıq o çətinliklər arxada qalıb. Müstəqil Azərbaycanın yaşıdı olan qəzetimiz ötən dövrdə zəngin inkişaf yolu keçib və ölkəmizin çoxsaylı mətbu orqanları sırasında özünəməxsus yer tutub, ən əsası tutduğu yola, əqidəyə sadiqlik nümayiş etdirib və etdirir. Bu illər ərzində qəzetin nəşr formatı, dövriliyi, dizaynı dəyişsə də, respublikamızın ictimai-siyasi, iqtisadi,mədəni həyatının bütün sahələrini dolğun şəkildə işıqlandırmaq, oxuculara ölkə və dünyada baş verən hadisələrlə bağlı dolğun məlumatlar çatdırmaq məramı dəyişməz olaraq qalır. Çoxsaylı mətbu orqanlar arasında özünəməxsusluğu qorumaq, geniş oxucu auditoriyası qazanmaqböyük xoşbəxtlikdir. “İki sahil” gənclik illərininmükəmməl dövrünü yaşayır. Hər dövrün öz tələbi, çağırışları vardır. Oxucuların yazılı və elektron mətbuatdan gözləntiləri daim zamana görə dəyişir. Bunun üçün yola çıxdığımız ilk gündən oxucuların informasiya tələbatını daha dolğun, obyektiv və qərəzsiz ödəməyə çalışmışıq. İlk gündən qazandığımız inam, güvən sonrakı fəaliyyətimizə, daim axtarışda olub yeniliklərlə, təkmilləşmə ilə diqqətdə olmağımıza stimul oldu.

Bu gün müasir müstəqil, qalib Azərbaycanınmətbu orqanları sırasında xüsusi yer tutmağımızdan qürurluyuq. 4 il öncəyə qədər qəzetimiz üçün bu əlamətdar tarixi qeyd edərkən belə bir arzunu ifadə edirdik ki, torpaqlarımızın işğaldan azad edilməsinin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin müjdəçisi olmaq istərdik. Artıq bu arzumuz da dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın “dəmir yumruq” kimi birliyi sayəsindəreallığa çevrildi. 4 ilə yaxındır ki, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Müstəqillik tariximizin Zəfər səhifələrinin sayı artır. Bu gün ölkəmiz bütövləşmiş Azərbaycan olaraq işğaldan azad edilmiş ərazilərində genişmiqylı bərpa-quruculuq işlərini həyata keçirir. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Ötən ilin 20 sentyabr tarixində suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın həyatında yeni dövr başladı. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyev son 20 ildə verdiyi bütün vədlərinyerinə yetirildiyini böyük qürur hissi ilə qeyd etdi. Azərbaycanın hər bir uğuru, dövlətimizin uğurlu siyasəti “İki sahil” qəzetinin səhifələrində geniş təhlil edilərək dolğun şəkildə ictimaiyyətə çatdırılır. Tarixi Zəfərimizdən, şanlı Qələbədən sonrakı dövrün reallıqlarındanböyük qürur hissi ilə bəhs edirik. Dahi şəxsiyyət, Ulu ÖndərHeydər Əliyevin adını daşıyan Fondun ölkəmizin hərtərəfli inkişafına böyük töhfə olan layihələrinin uğurları qəzetimizdə geniş işıqlandırılır. Hazırda Fond işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri çərçivəsində tarixi və dini abidələrimizin bərpası istiqamətində gördüyü işləri ilə diqqətdədir. Həyata keçirilənhər bir layihə bugünümüz və gələcəyimiz üçün önəmlidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri daim “İki sahil”in qürurla bəhs etdiyi tarixi məqamlar sırasındadır.

Hər birimizin həyatında, fəaliyyətində Zəfərimizin rolunu görməmək mümkün deyil. Bu gün tamamilə fərqli bir ab-havanı, ovqatı yaşayırıq. Son bir illik fəaliyyətimizə, hər gün oxucularının görüşünə gələrək onların informasiyaya olan tələbatını ödəməyə çalışan “İki sahil”insəhifələrində yer alan məqalələrə, analitik yazılara diqqət yetirsək Azərbaycanımızın yeni dövrün hədəflərinə doğru inamla addımladığını görərik. Zəfərimizin reallıqları bütün sahənin inkişafında özünü göstərir. Təbii ki, ictimai fikrin formalaşmasında, həqiqətlərimizin təbliğində əsas missiyanı yerinə yetirənmətbuatın bu yeniliklərdən, təkmilləşmədən kənarda qalması mümkünsüzdür. Qalib Azərbaycanın mətbuatının da qarşısında yeni hədəflər dayanır.“Media haqqında” Qanunun qəbulu, burada əksini tapan və yeniliyə çağırış olan hər bir müddəanın uğurlu icrası üçün digər mətbu orqanlar kimi, “İki sahil” də Zəfərimizinreallıqlarına uyğun şəkildə yeniləndi. Qəzetimizi yeniformatda təqdim edirik. Yeni format yeni tələbdirsə, bu da öz növbəsində onu ərsəyə gətirən, sabah üçünoxucusuna zəngin məlumatlar təqdim etməsinə yardımçı olanhər bir əməkdaşımızın, ümumilkdə kollektivin qarşısında böyükməsuliyyətdir. Göründüyü kimi, bir-biri ilə sıx bağlı olanbu proseslərin uğurla yerinə yetirilməsi sonda təkmil məhsulun təqdimatında öz əksini tapır. “İki sahil”in səhifələrində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin yeniliyi, təkmilləşməni özündə ehtiva edən siyasəti nəticəsində qazanılan uğurlar, cəmiyyətin avanqard qüvvəsi olan, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan PartiyasınınProqram və Nizamnaməsinə uyğun olaraq atdığı addımlar, irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar, iqtisadi inkişafımızı şərtləndirən yeni neft strategiyasının uğurla həyata keçirilməsində öz payı olan SOCAR-ın və onun strukturlarının gördüyü işlər, bir sözlə, Azərbaycanın daha da inkişafına yönələn xidmətləri öz əksini tapır. Dövlətə, dövlətçiliyə xidmət “İki sahil”in fəaliyyətinin əsas prinsipidir. Qəzetimizin manşetinə çıxarılan xəbərlərAzərbaycanın uğurlarının zirvəsində dayanan tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında görülən işlərdən, dövlətimizin atdığı Qələbə ruhlu addımlardan keçirdiyimiz xoşbəxtlik hissinin təqdimatlarıdır.Qələminə, yazdığı hər bir informasiyanın dəqiqliyinə məsuliyyətlə yanaşan, analitik yazıların informasiya bolluğunu qərəzsiz, obyektiv şəkildə təmin edən əməkdaşlarımızın birgə səyləri nəticəsində ərsəyə gələn “İki sahil” oxucu auditoriyasının genişliyindən məmnundur. Bizə bu sevgini qazandıran çıxdığımız yolda bütün çətinliklərə rəğmən tutduğumuz mövqeyə, əqidəyə sadiq olmağımızdır.

33 illik yolu bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Əsas olan budur ki, atılan hər bir addımın başlanğıcında çətinliklər olsa da bu, bizi yolumuzdan döndərmədi, əksinə daha cəsarətli, qətiyyətli olmağa səslədi. Hədəflərə addım-addım irəliləyirik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “İki sahil” qəzetinin fəaliyyətinə verdiyi dəyəri hədəflərimizin əsası, məsuliyyətimizi daha da artırmağa çağırış kimi qəbul edirik. Ulu ÖndərHeydər Əliyev 1994-cü il noyabrın 19-da Yeni Azərbaycan Partiyasının yaradılmasının iki illiyinə həsr edilmiş ümumrespiblika müşavirəsində nitqində demişdir: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm.”

-Vüqar müəllim, dövlətə, dövlətçiliyə xidməti fəaliyyətinin əsası kimi qəbul edən “İki sahil” Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının gördüyü işlərin təbliğatçısı kimi də diqqətdədir…

- “İki sahil” qəzeti bu gün cəmiyyətdə böyük nüfuza malik olan, ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasınınyaradılması ilə bağlı 91 nəfər ziyalının dahi şəxsiyyətə müraciətindən bu günədək hər zaman partiyanın çoxşaxəli fəaliyyətinin təbliğatçısı olub. Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından xilas edərək müstəqilliyini dönməz, sarsılmaz edən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan partiyanın təbliğatçısı olmaq qürurdur. “İki sahil” Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olduğunu, tarixin sınaqlarından şərəflə çıxaraq cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini,YAP-a xidmət etməyin xalqa, dövlətə xidmət etmək olduğunuəsaslı şəkildə analitik yazılarla, partiyanın yarandığı dövrün canlı şahidlərininxatirələri əsasındaindiki və gələcək nəsillərə çatdırır. Əsas məqsədbu tarixi əbədi yaşatmaqdır. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin reallıqları əsasında keçirilən partiyanın VII qurultayındabelə bir çağırışı etdi ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq.

“İki sahil” Yeni Azərbaycan Partiyasının yaranmasından sonra rayon və şəhər təşkilatlarının formalaşmasını, təşkilatlanma prosesini yaxından izləyərək ötən dövr ərzində onların hər birinin fəaliyyətini geniş şəkildə işıqlandırır. Ölkədə keçirilən bütün seçki proseslərində YAP-ın zəngin təcrübəsinin, malik olduğu ənənələrin təbliğində fəal iştirak edir. Partiyanın yarandığı dövrün reallıqlarına uyğun olaraq “Yeni Azərbaycan uğrunda” devizi əsasında təsdiqlənən Proqramın icrası istiqamətində görülən işlərin təbliği bu gün “Biz birlikdə güclüyük!” şüarını özündə əks etdirən yeni sənədin icrasına bələdçiliklə əvəzlənir.Tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultay partiyanın həyatında yeni bir mərhələnin əsasını qoydu. Yeni tərkib formalaşdı, yeni Nizamnamə qəbul edildi. YAP-ın Veteranlar Şurası yaradıldı. MəqsədVeteranlar Şurasında təmsil olunanhəmin dövrün şahidləriningəncləri dolğun məlumatlandırmasıdır.YAP yarandığı gündən tutduğu yola sadiqdir. “Biz birlikdə güclüyük!” çağırışı partiyanın sıralarında birləşən 800 minə yaxın üzvü daha da sıx birləşdirir. “İki sahil” olaraq çətin, eyni zamanda, şərəfli yol keçən, ümumxalq partiyası kimi nüfuz qazanan partiyanın gördüyü işləri daha geniş şəkildə ictimaiyyətə çatdırmağa səy göstəririk. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.

- Qeyd etdiyimiz kimi, hər dövrün öz tələbi, çağırışları vardır. “İki sahil” bu tələblərə uyğun olaraq fəaliyyətində hansı yeniliklərə nail olub?

- Mətbuatın əsas prinsiplərinə uyğun olaraq cəmiyyətin informasiya tələbatını dolğun şəkildə ödəmək əsas hədəflərimizdəndir. “İki sahil” Azərbaycanın müstəqillik tarixinin hər bir mərhələsinin,dövrünün reallıqlarınıngüzgüsü olmaqla yanaşı, həm dəcarçısı, təbliğatçısıdır. Qeyd etdiyimiz kimi, “İki sahil” Azərbaycanın ən çətin dövründə işıq üzü gördü. Bütün çətinliklərə baxmayaraq həmin dövrün reallıqlarını ictimaiyyətə çatdırmaqdan çəkinmədi. Tutduğu yola sadiq qalaraq məqsəd və məramına doğru qətiyyətlə addımladı. O dövrdə “İki sahil” öz səhifələrində reallıqları olduğu kimi oxuculara çatdıraraq, Azərbaycanın xilaskarının Ümummilli Lider Heydər Əliyev olduğunu qətiyyətlə bəyan edirdi. Azərbaycan xalqının böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti qəzetin səhifələrində yer aldı.Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları məlumdur.Azərbaycan müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsini yaşadı. Canından artıq sevdiyi Azərbaycanın yaşadıqları Ümummilli Lideri narahat etməyə bilməzdi. O, hər zaman çətin anlarda xalqının, dövlətinin yanında olmuşdu.1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin həyatında baş verən dəyişikliklər, inkişaf, tərəqqi mətbuatdan da yan keçmədi. Dövlətin azad mətbuatın inkişafı istiqamətində atdığı addımlar davamlı xarakter aldı. 1993-cü ildən müasir müstəqil Azərbaycanın həyatında baş verən hər bir yenilik, təkmilləşmə mətbuatda da özünün aydın ifadəsini tapır.

“İki sahil” daim yenilikləri öz fəaliyyətində tətbiq etməyə, uğur səhifələrini daha da zənginləşdirməyə səy göstərir.Qəzetin “ikisahil.az” internet saytı fəaliyyət göstərir. Daim zamanın tələblərinə uyğun olaraq yenilənir. “İki sahil” İnternet Televiziyası da fəaliyyət göstərir. Günümüzün aktual məsələləri ətrafında YAP funksionerlərinin, neft-qaz sənayesi üzrə ekspertlərin, millət vəkillərinin, siyasi ekspertlərin, politoloqların iştirakı ilə müsahibələr təşkil edilir, ölkədə və dünyada baş verən proseslərin mahiyyəti ətraflı şəkildə ictimaiyyətə çatdırılır. Yeni texnologiyaların inkişaf və tətbiq edildiyi hazırkı dövrdə müasir tələbatın ödənilməsi üçün üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışırıq. Təbii ki, cəmiyyətin istəklərini, tələbatını hansı səviyyədə ödəyiriksə bunu 33 illik yolun uğurları açıqlayır.

- Vüqar müəllim, müasir tələblərdən söz düşmüşkən bilmək istərdik ki, “İki sahil”də gənclərin potensial imkanlarından istifadə hansı səviyyədədir?

- Bütün dövrlərdə gənclərin potensial imkanlarından, müasir dünyagörüşlərindən, yeniliyə, təkmilləşməyə daha çox maraq göstərərək ortaya qoyduqları yeni ideyalardan bəhrələnməyə xüsusi diqqət göstərilir. “İki sahil” 1991-ci ildəkiçik bir kollektivlə yola çıxdı. 33 ildə ailənin tərkibi daha da genişləndi. Qürurvericidir ki,“İki sahil”in yetirmələrinin səsi bu gün ayrı-ayrınüfuzlu mətbu orqanlarından, müxtəlif strukturların mətbuat xidmətlərindən gəlir. “İki sahil” gənclər üçün bir məktəbdir. Qəzetimizdə gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdət yaradılır. Bu vəhdət uğurlarımızda öz sözünü deyir.

- “İki sahil” 34 yaşına hansı hədəflərlə qədəm qoyur?

- Hədəf inkişafın davamlılığının təmin edilməsində stimulverici amildir. Dövlətimizin başçısı İlham Əliyevin “Hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq” çağırışını fəaliyyətimizin əsas prinsipi kimi öndə saxlayaraq daim irəliyə doğru addımlamağa səy göstəririk. Təbii ki, zaman dəyişir, qarşıya yeni tələblər qoyulur. Yeni dövrün yeni tələblərini yüksək səviyyədə cavablandırmaq üçün daim yeniliklərə açıq olmaq, jurnalist peşəkarlığını artırmaq, məsuliyyət hissini daha dərindən dərk etmək bir tələb kimi qarşıda dayanır. Ölkəmizdə azad mətbuatın inkişafı istiqamətində davamlı addımlar atılır. Mətbuatın inkişaf səviyyəsi dövlətin inkişafının göstəricisidir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra demokratik təsisatların inkişafı istiqamətində atılan addımların son 20 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. 1998-ci ildə Ümummilli Liderin Fərmanı ilə ölkəmizdə senzuranın ləğvi, söz, mətbuat azadlığının təminatı üçün lazımi şəraitin yaradılması, müstəqil mətbuatın inkişafına dövlət dəstəyinin günbəgünartırılması hazırkı dövrdəsosial şəbəkələrin məkan və əhatə dairəsini genişləndirir. İnternet resurslarından istifadənin qlobal xarakter aldığı müasir dünyamızda strateji vəzifə milli informasiya məkanının qorunması, operativliyin, dəqiqliyintəminatıdır.

Qeyd etdiyimiz kimi, “İki sahil” olaraq daim dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməyə çalışırıq. Dövlətimizin mətbuata diqqət və qayğısını qəzetimiz də daim öz üzərində hiss edir. Bir qrup əməkdaşımızfəxri adlarla və medallarla təltif olunub. Bu diqqət və qayğını ümumilikdə “İki sahil”in fəaliyyətinə verilən dəyər kimi qəbul edirik. Uğurlarımızın əsasında məsuliyyət, mətbuatın qarşısında dayanan prinsiplərə böyük hörmət dayanır.

Əvvəldə də qeyd etdiyimiz kimi, hədəflərə addım-addım irəliləyirik. Bütün ərazilərimizdə suverenliyimizin tam bərpasından sonra ölkəmizin həyatında yeni dövr başlayıb. Bu dövrün başlanğıcı olan 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, yeni dövrün yeni hədəfləri olmalıdır.Son 20 ildə verilən bütün vədlər yerinə yetirildi. Xalqımızın torpaq həsrətinə son qoyuldu. Soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar.4 şəhər və 4 kənd sakinlərinə qovuşub. Böyük Qayıdış Proqramınınbirnci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min soydaşımızın qayıdışı nəzərdə tutulub. Təbii ki, uğurlarımız davamlıdır. Möhkəm təməl uğurların davamlılığını şərtləndirir. Qarabağın, Şərqi Zəngəzurun ardınca Qərbi Azərbaycana da qayıdışımızın müjdəçisi olmağı arzu edirik. Xalqımız tam əmindir ki, dövlətimizin qətiyyəti, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz nəticəsində bu istəyimiz də reallığa çevriləcək.

33 il zəngin bir yol, gələcək üçün böyük stimuldur. “İki sahil” 34 yaşına xoş ovqatda qədəm qoyur. Qalib, bütöv Azərbaycanın mətbu orqanları sırasında özünəməxsus yer tutmaq böyük şərəfdir. Daim fəaliyyətmizlə bu yerimizi qorumağa çalışacağıq. 33 il gələcəyə daha böyük inamla addımlamağa əsas verir.

- “İki sahil” təsisçisi olan SOCAR-ın fəaliyyətini necə işıqlandırır?

- Qəzetimiz SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərir. Digər sahələr kimi, enerji diplomatiyamızın uğurları da qəzetimizdə mütəmadi işıqlandırılır. Azərbaycan tarixən neft ölkəsi kimi nüfuz qazansa da hazırda qaz, elektrik enerjisi ixracatçısı kimi də tanınır. Ölkə iqtisadiyyatının inkişafında neft amilinə verilən önəm Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. “Əsrin müqaviləsi” həm ölkəmizin, həm də neft sənayesinin inkişaf tarixində yeni mərhələnin başlanğıcı oldu. Yeni neft strategiyasının uğurla həyata keçirilməsində SOCAR-ın öz payı vardır. “İki sahil” daim şirkətin və onun strukturlarının həyata keçirdiyi tədbirləri, uğurlu nəticələrini ictimaiyyətə çatdırır. Azərbaycanın enerji sektorunda qazandığı nailiyyətləriştirakçısı və təşəbbüsçüsü olduğumuz layihələrin uğurlu icrasının nəticəsidir. Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması bunun bariz nümunəsidir. Enerji siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı da “Əsrin müqaviləsi”nin uğurudur. İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması Azərbaycanın qarşısına qoyduğu hədəflərə doğru inamla addımlamasında əhəmiyyətli rol oynayır. Azərbaycan böyük investisiyalar məkanı kimi diqqət mərkəzindədir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, SOCAR həyata keçirdiyi investisiya layihələri ilə modern şirkət olaraq dünyanın diqqətindədir.SOCARPrezident İlham Əliyevin tapşırıqlarını uğurla yerinə yetirərək bu gün dünyanın ən modern şirkətləri ilə bir sırada dayanır. Qəzetimiz SOCAR-ın uğurlu fəaliyyətinitəsisçisi olmaqla yanaşı,həm də dayanıqlı iqtisadi inkişafımızda böyük rol oynayanşirkət olaraq dəyərləndirir, gördüyü genişmiqyaslı işləri ictimaiyyətə çatdırmaqdan qürur duyur.Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur, dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Hazırda Qarabağımızda, Şərqi Zəngəzurumuzda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri iqtisadi imkanlarımızın təqdimatıdır.

Избранный
165
1
sia.az

2Источники