Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov (73 kq) federasiyanın mətbuat xidmətinə müsahibə verib.
İdman.biz xəbər verir ki, dünya çempionumuz bu idman növünə gəlməsi, yaşadığı çətinliklər və gələcək hədəflərindən danışıb.
- İlk məşqlərini necə xatırlayırsan?
- Bizim məşq səhər tezdən - saat 8-də başlayırdı. “Budilnik” çalırdı, amma yuxudan oynamırdım. Anam məni qaldırırdı. “Dur, dur, məşqin vaxtıdır” deyirdi. 5 dəqiqə, 5 dəqiqə deyə-deyə yola versəm də, axırda oyanırdım. Məni cüdoya atam qoyub. İlk olaraq Tərlan müəllimin yanına getdim. Orda bu idmanın sirləri ilə tanış oldum və çox bəyəndim.
- Uşaqlıq illərinlə bağlı nə deyə bilərsən?
- Nadinc idim. Evdə dayanmırdım. Düşüb həyətdə oynayırdım. Cüdoya gedəndən də enerjimi orda sərf etdim. Bu idman növü çox xoşuma gəldi.
- Məğlub olarkən hər zaman ağlamısan. Bu nə dərəcədə düzdür?
- Bəli, uduzanda hər zaman ağlamışam. Özü də çox biabırçı ağlamışam.
- Olimpiya çempionu Elnur Məmmədli ilə oxşarlıqlarınız nədir?
- Elnur Məmmədli ilə bir-birimizə çox oxşayırıq. Xasiyyətcə, hərtərəfli. Elə bil ki, bütün başımıza gələn hadisələr ikimizdə də eyni cürdür. İnşallah, nəticədə də eyni olarıq.
- Paris-2024-ə hazırlıqların necə davam edir?
- Məşqlərimiz çox ağır olur. Olimpiada ağır yarışdır. Ora hərtərəfli hazır olmaq lazımdır, həm psixoloji, həm də fiziki.
İdman.biz