RU

“Azərbaycan sülh sazişi ilə bağlı tələsməməlidir” – SABİQ NAZİR

Tofiq Zülfüqarov: “Sülh möhkəm və davamlı olmalıdır, Ermənistan daxilindəki siyasi konyukturadan asılı olmamalıdır”
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, onun ermənistanlı həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçiriləcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan deyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları NATO-nun Vaşinqtonda keçirilən sammitində iştirak etmək üçün ABŞ-da səfərdədir.
Ekspertlər nazirlərin görüşündən yüksək nəticə gözləməsələr də, belə təmasların ümumi sülh prosesinə töhfə verdiyi qənaətindədirlər. Bununla yanaşı, analitiklər hesab edirlər ki, Vaşinqton belə görüşlər təşkil etməklə prosesdə bir növ, vasitəçilik etdiyini göstərmək istəyir.
Nazirlərin görüşü və sülh prosesi ilə bağlı AYNA-nın suallarını cavablandıran sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov deyib ki, XİN başçılarının təmasları müsbətdir:

- O mənada ki, rəsmi Bakı yenidən həm maraqlı tərəflərin, həm də qarşı tərəf olan Ermənistana Bakının mövqeyini bir daha xatırladır. ABŞ-da belə bir görüşün təşkilinə gəlincə,  ABŞ dövlət katibi bundan əvvəl bəyanat vermişdi ki, indi Azərbaycan və Ermənistan arasında sülh üçün müstəsna imkan var. Hesab edirəm ki, Vaşinqton əldə ediləcək çərçivə sülh sənədinin mahiyyətinə təsir etmək niyyətindədir. Onlar üçün Ermənistanın təhlükəsizlik məsələsi amili də var. Bununla paralel, Türkiyə ilə də əlaqələrdə bir canlanma mövcuddur. Ardıcıl müzakirələr, telefon danışıqları, görüşlər də buna misaldır. Məqsəd də odur ki, bu ərazilərdə Rusiyanın dominantlığı aradan götürülməyə başlasın. Eyni zamanda, burada dəhlizlə bağlı yanaşmaları nəzərə almaq lazımdır. Əvvəllər iddia edilirdi ki, Zəngəzur dəhlizinin açılması ancaq Rusiyaya lazımdır. İndi isə bunun əksi müşahidə edilir. Sözsüz ki, bu amil də vəziyyətə təsir edir. Hazırda geopolitik tendensiyalar məhz bundan ibarətdir. Rusiyanın bölgədən çıxarılması və ilkin olaraq gələcək sülhün əsasları gündəmdədir. Təbii ki, söhbət yekun sülhdən getmir. Bir çox problemlər var. Bu, sərhədlərin müəyyən edilməsi kimi məsələlərlə bağlıdır. Amma gələcək sülhün cizgiləri və prinsiplərini müəyyən etmək üçün ABŞ indi əsas tərəflərdən bir kimi çıxış edir.
- Azərbaycanın tələbi var – Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ərazi iddialarına son qoyulması. Bu tələb yəqin ki, Vaşinqtonda diqqətə çatdırılacaq...
- Yəqin ki, məsələ müzakirə olunacaq, Bakının mövqeyi diqqətə çatdırılacaq. Azərbaycanın bu tələbi yerində və haqlıdır. Eyni zamanda, sülhlə başğlı başqa məsələlər də mövcuddur.
Bilirsiniz, Azərbaycan sülh sazişi istəyir, sülhün tərəfindədir. Amma sülh sazişi ədalətli olmalıdır, orada biz strateji məqsədlərimizə nail olmalıyıq. Milli maraqlarımızı təmin edən, strateji məqsədlərimizə uyğun sülh sazişini əlbəttə, istəyirik. Amma problem bundan ibarətdir ki, Ermənistanın da istəkləri var. Rəsmi İrəvan istəyir ki, SSRİ vaxtı onlara verilən ərazilər bu və ya digər sənəddə təsbit olunsun. Ermənistan SSRİ dövründə onlara verilən hədiyyələrin əllərindən alınacağından qorxurlar. Göstərmək istəyirlər ki, guya Ermənistan sülh sazişinin tərəfdarıdır. Bəli, istəyirlər, amma o formada ki, SSRİ dövründə bolşeviklərin həddiyyə etdikləri ərazilər Ermənistanın ərazi bütövlüyünə daxil edilsin. Azərbaycan bu həddiyyəyə göz yummalıdırmı? Mən düşünmürəm ki, göz yumulmalıdır. Azərbaycan sülh sazişi ilə bağlı tələsməməlidir, çünki həll olunmalı məsələlər çoxdur.
Ümumiyyətlə, sülh sazişindən danışanda başa düşməliyik ki, yekun sülh sazişi ayrı mövzudur, çərçivə sənədinin imzalanması ayrı mövzudur. İndi təzyiqlər var ki, gəlin hansısa sənədə imza atın.
- Söhbət hansı təzyiqlərdən gedir?
- Maraqlı qüvvələrin, xüsusilə Qərbin təzyiqlərindən. Daha doğrusu, Qərb çağırışlar edir ki, sənəd imzalansın. Bu görüşlərin təşkili də buna hesablanıb.
- Bu təzyiqlər nəticə verə bilərmi?
- Məncə, burada da problem yoxdur. Ümumi prinsiplərin razılaşdırılması barədə məlumatlar var. Ola bilsin ki, çərçivə sənədi, ilkin sülh sazişi imzalansın. Amma bu, yekun sazişi demək deyil. Çərçivə, yaxud ilkin sülh sazişi ümumi tezislər əsasında formalaşır. Bu çərçivə sənədi üzərində gələcəkdə danışıqlar davam etdirilməlidir. Amma Ermənistan istəyir ki, bu prinsiplərdə konkretlik olsun. İrəvandan az qala hər gün bəyanat verilir ki, Alma-Ata Bəyannaməsi əsasında sərhədlər müəyyənləşsin. Onlara axırda Bakı xatırlatdı ki, Alma-Ata Bəyannaməsində konkret prinsiplər, xəritələr yoxdur. İkincisi, zamanında Ermənistan Alma-Ata Bəyannaməsindən imtina edib, qəbul etməyib. İndi birdən ayılıblar ki, Alma-Ata Bəyannaməsi bunlara sərf edir. Bizim isə mövqeyimiz var, diplomatlarımız lazımi təmaslarını davam etdirirlər. Əminəm ki, kimsə ilkin sülh sazişi, yaxud da çərçivə sazişinin imzalanmasını istəyirsə, rəsmi Bakı bunu da müzakirə etməyə hazırdır. Burada problemli məsələ yoxdur. Çünki yenə də deyirəm, Azərbaycan sülhü hamıdan çox istəyir. Azərbaycan işğaldan əziyyət çəkən ölkədir, bunun qurbanı olan dövlətdir. Ona görə də istəyirik ki, sülh möhkəm və davamlı olsun. Sülh Ermənistan daxilindəki siyasi konyukturadan asılı olmamalıdır. Hesab edirəm ki, buna nail olacağıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
102
45
ayna.az

10Источники