Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, 28A ünvanında yaşayan Mustafayeva Sevinc Nəsrəddin qızından Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, aldığı ünvanlı sosial yardımın kəsilməsindən şikayətçidir. İddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib, ona sistemdə "imtina"nın görünmədiyini, sadəcə araşdırıldığı vurğulanıb. Vətəndaş 4 aydır yoxlama getdiyini, evinə baxış keçirilmədiyini bildirir:
“Mən, Mustafayeva Sevinc Nəsrəddin qızı, yazaraq nəzərinizə çatdırmaq istəyirəm ki, 2019-cu ildən bəri ünvanlı sosial yardım alırdım. 5 və 6 yaşında iki oğlum var, onların “Pampers” pulundan tutmuş müəyyən məbləğəcən vəsaiti verirdilər.
2023-cü ilin iyul ayında sənədlərimi göndərmişdim. Sentyabrda yoxlama gəldi, oktyabrda təsdiqləndi. 6 ay aldım, daha sonra pul kəsildi. Martda təzədən icraçılar gəldi, yazdılar-pozdular, getdilər.
Yoldaşım işləmir, özüm “DOST” MMC-də süpürgəçi kimi pul qazanıram, amma dolana bilmirik. 4 ay olur ki, ünvanlı sosial yardımla bağlı müraciətimizə cavab gəlməyib. “Qaynar Xətt”ə zəng vururuq, deyir, “otkaz” yoxdur, sadəcə sənədlərinizdə yoxlama aparılır. Mən də etiraz edirəm ki, bu qədər ay keçib, yoxlanış bitməyib? 507 manat pulum kəsilib, səbəbini açıqlamırlar, elə deyirlər, “gözlə”.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məsələ ilə bağlı Hurriyyet.az-a açıqlama verib:
“Mingəçevir şəhər sakini Mustafayeva Sevinc Nəsrəddin qızının ünvanlı dövlət sosial yardımla bağlı müraciətinə əsasən 1 oktyabr 2023-cü il tarixindən 507,63 manat məbləğində yardım təyin edilib. Ən son ödəniş isə cari ilin mart ayında aparılıb. Bundan sonra yardımın ödənişi dayandırılıb.
Dayandırılmaya səbəb isə ailə üzvü Mustafayev Firdovsi İlqar oğluna Dövlət Məşğulluq Agentliyi tərəfindən iribuynuzlu heyvandarlıq üzrə əmlakın ayrılması ilə bağlı müqavilənin 2 sentyabr 2023-cü il tarixindən aktiv olması olub.
Belə ki, ünvanlı dövlət sosial yardım haqqında qanuna əsasən aztəminatlı ailənin üzvü özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır.
Firdovsi Mustafayevə verilmiş əmlakla bağlı müqavilənin 2 sentyabr 2023-cü il tarixindən aktiv olması və ailəyə 1 oktyabr 2023-cü il tarixindən yardım təyin edilsə də, bu barədə məlumat verməməsi yardımın dayandırılması üçün əsas yaratmışdır”.
Cəmilə ƏZİMOVA
Hurriyyet.az