RU

AZƏRBAYCAN: “YAŞIL GƏLƏCƏYƏ” TARİXİ DÖNÜŞ

Bəşəriyyətin mövcudluğunun ən böyük problemlərindən biri yanacaq ehtiyatlarının (neft, qaz, kömür, odun) yandırılması ilə əlaqədar olan iqlim dəyişikliyidir. Bu ehtiyatlar yandırıldıqda ayrılan karbon oksid (karbon qazı) istixana effekti adlanan effekt yaradır və Yer səthinin temperaturunu artırır. Nəzəri cəhətdən bu məsələnin həlli çox sadədir: bəşəriyyət günəşin, küləyin və çayların axar sularının enerjisindən istifadəyə keçməlidir. Çətinlik ondan ibarətdir ki, qlobal enerjinin demək olar ki, 80%-i yanan resursların istifadəsinə əsaslanır. Bu problemi həll etmək üçün 1995-ci ildən hər il BMT-nin İqlim Konfransı (COP) keçirilir. Builki konfrans (COP-29) Bakıda keçiriləcək. İlk dəfədir ki, türk dövlətində belə genişmiqyaslı konfrans keçiriləcək. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu, harmonik siyasəti və yüksək beynəlxalq nüfuzu sayəsində mümkün olmuşdur. COP-29 dünyanın ən nüfuzlu tədbirlərindən biri olacaq. COP sammitlərinə dünyanın əksər ölkələrinin liderləri toplaşırlar. Azərbaycana on minlərlə siyasətçi, alim və ictimai xadimin gələcəyi gözlənilir. İlkin məlumatlara görə, bu müddət ərzində Azərbaycanda təxminən 70-80 min xarici qonaq olacaq.  İki həftə ərzində Bakı, sözün həqiqi mənasında dünyanın mərkəzinə çevriləcək.

 COP-29-un Bakıda keçirilməsi Azərbaycanın dünya miqyasında nüfuzunu daha da artıracaq, ölkəmiz qlobal problemlərin həllində öz əhəmiyyətini bəyan etmək imkanı qazanacaq. Azərbaycan rəhbərliyi və ölkəmizin ictimaiyyəti bu tədbirə xüsusi əhəmiyyət verir. Bunu qeyd etmək kifayətdir ki, 2024-cü il Azərbaycan Respublikasında Yaşıl dünya naminə Həmrəylik İli elan edilmişdir.

 35 il əvvəl təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək, dünya ölkələrinin dövlət başçılarının iqlim dəyişikliyinə həsr olunmuş ən mühüm qlobal forumu Azərbaycanda keçiriləcək. O vaxt respublika salamat qalmaq, müstəqillik, dövlətçiliyi və ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə aparırdı.

 Azərbaycan tarixində şəxsiyyətin rolu. Tarixə nəzər salsaq, son iki yüz ildə Azərbaycan xalqı çox faciəli günlər yaşayıb. Belə ki, XIX əsrdə ölkəmiz şərti olaraq cənubi və şimali Azərbaycan adlanan iki hissəyə bölünüb, azərbaycanlılar öz ata-baba yurdlarından tədricən köçürülüb və bu münbit ərazilərdə ermənilər kütləvi şəkildə məskunlaşdırılıb. XX əsrdə xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirilib. Nəhayət, bizim zorla cəlb edildiyimiz Qarabağ savaşı.

Dahi Səməd Vurğun Azərbaycanın faciəli tarixini aşağıdakı poetik misralarla ifadə etmişdir:

 ... Böyük bir keçmişin vardır;Bilinməyir yaşın sənin,Nələr çəkmiş başın sənin.Düşdün uğursuz dillərə,Nəhs aylara, nəhs illərə,Nəsillərdən-nəsillərəKeçən bir şöhrətin vardır;Oğlun, qızın bəxtiyardır..

 Bu sətirlər təxminən 90 il əvvəl yazılmış möhtəşəm “Azərbaycan” şeirindən bir fraqmentdir. Maraqlıdır ki, Səməd Vurğun Azərbaycanın gələcəyini ölkəni yüksəldəcək, onu sevindirəcək ləyaqətli qız və oğulların yetişməsi ilə əlaqələndirib. Bu, ötən əsrin 90-cı illərində - dağıntı və siyasi xaos illərində baş verdi. O gərgin dövrdə böyük Heydər Əliyev gəlib ölkəyə rəhbərlik etdi və hazırda onun fəaliyyəti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 Heydər Əliyev müasir Azərbaycan siyasətinin əfsanəsidir. Əfsanə olmaq öz xalqının mənafeyi, ölkəsinin rifahı və gələcəyi naminə çalışdığını sübut etmək deməkdir. Hər kəs əfsanəyə çevrilə bilməz. Əlbəttə, çox şey insanın dünyagörüşündən və qətiyyətindən, iradəsindən asılıdır, lakin taleyin qisməti və hadisələrin təsadüfi gedişatı da az əhəmiyyət kəsb etmir.

 Bir sıra intellektual və mənəvi keyfiyyətləri ilə seçilən Heydər Əliyev keçmiş Sovet İttifaqının rəhbərlərindən nəzərəçarpacaq dərəcədə fərqlənirdi. O, məhz səriştəsi, məsuliyyəti və yüksək insani keyfiyyətləri sayəsində həm Azərbaycan xalqının, həm də keçmiş Sovet İttifaqının digər xalqlarının yaddaşında silinməz izlər qoyub. Heydər Əliyev nikbin həyat mövqeyi, yüksək humanist idealları, ictimai hadisələrə qərəzsiz qiymət verməsi ilə seçilirdi. Onun fəaliyyəti müxtəlif faktların hərtərəfli təhlilinə və siyasi reallığı dərindən dərk etməyə əsaslanırdı. O, seçdiyi yolun düzgün olmasına əmin idi və bu əminlik cəmiyyətin geniş təbəqələrinə də sirayət edirdi.

 Heydər Əliyevin təfəkkür tərzinin kreativlik, gələcəyə istiqamətlənmək kimi səciyyəvi xüsusiyyətləri əsasən məqsədyönlü tərbiyə və çoxşaxəli təhsil sayəsində formalaşmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan cəmiyyətinə məhz Heydər Əliyevin bu keyfiyyətləri lazım idi ki, o vaxt Azərbaycanın ictimai şüurunda hökmranlıq edən “Qarabağ sindromu”nu onun rəhbərliyi aradan qaldırmaq olsun. Bu sindrom nəhayət 2020-ci ildə İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində misilsiz qələbəsi sayəsində aradan qalxdı.

 Heydər Əliyev erməni millətçiliyinin tarixini yaxşı bilirdi. O, başa düşürdü ki, istər əvvəlki, istərsə də indiki erməni faşistlərinin bir əsas məqsədi var: türk dünyasını parçalayıb məhv etmək. İndi də Ermənistan “türk dünyasının birləşmə təhlükəsi” səbəbindən Zəngəzur kommunikasiya dəhlizinin yaradılmasının əleyhinədir. Erməni ideoloqları bütün bunları əsla gizlətmirlər. Ermənistanın kütləvi informasiya vasitələrində dərc edilən müxtəlif materiallar buna əyani sübutdur.

 Heydər Əliyevin 90-cı illərin əvvəllərində Azərbaycanı düşdüyü çıxılmaz ictimai-siyasi və iqtisadi vəziyyətdən çıxarmağa, onun uğurlu, ahəngdar inkişafı strategiyasını müəyyən etməyə necə nail olması bu gün də təəccüb doğurur. Tamamilə aydındır ki, bu, siyasi, iqtisadi və mədəni sahələrdə titanik fəaliyyət sayəsində mümkün olmuşdur.  Qısa müddətdə böyük həcmdə diplomatik iş görüldü. 1994-cü ilin mayında Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında razılıq əldə edildi. BMT Təhlükəsizlik Şurası işğal olunmuş Dağlıq Qarabağın və ona bitişik ərazilərin azad edilməsi ilə bağlı dörd qətnamə qəbul etdi. ATƏT-in Minsk Qrupunun himayəsi altında sülh danışıqları başlandı. Münaqişənin sülh yolu ilə həllini tapmamasının yeganə səbəbi Ermənistan rəhbərliyinin aqressiv xarakteri və Qarabağ separatçılarının status-kvonun saxlanması barədə utopik arzusu olub.

 Ümummilli lider bu məsələnin hərbi yolla həllinin labüdlüyünü qabaqcadan görürdü, lakin Azərbaycanın hərbi-iqtisadi potensialının əhəmiyyətli dərəcədə gücləndirilməsini tələb edən ovaxtkı vəziyyətin reallığını dərk edirdi.  Bu dövrdə əsas diqqət diplomatik səylərə yönəldilib. 1994-cü ilin sentyabrında Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsinə dair misli görünməmiş beynəlxalq müqavilə olan “Əsrin müqaviləsi”nin bağlanması üçün diplomatik ilkin şərt lazım idi. “Əsrin müqaviləsi”nin həyata keçirilməsi Azərbaycanın sonrakı sosial-iqtisadi tərəqqisinin mümkünlüyünü müəyyən etdi və ikinci Qarabağ müharibəsində qələbə üçün zəruri ilkin şərait yaratdı.

İlham Əliyevin qələbəsinin mənası və əhəmiyyəti. 2020-ci ildə Azərbaycan təkcə Qarabağ separatçılarını və erməni qoşunlarını deyil, həm də mifik “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq üçün ilkin şərt kimi əsr yarım ərzində “Artsax” layihəsini bəsləyən dünya erməni birliyini məğlub etdi.

 Qələbə Azərbaycan Prezidenti İlham Əliyevin hərtərəfli ölçülüb-biçilmiş rəhbərliyi sayəsində mümkün oldu. Bu, şəxsiyyətin tarixdəki xüsusi rolunun sübutu deyilmi!  Məhz İlham Əliyevin aydın və dəqiq mövqeyi, hərtərəfli düşünülmüş, balanslaşdırılmış daxili və xarici siyasəti ölkənin bütün imkanlarını Qələbə üçün səfərbər etməyə imkan verdi.

 İqtisadiyyatın inkişafı, müasir ordunun yaradılması, vətənpərvərlik tərbiyəsi son 20 ildə Azərbaycanın dövlət strategiyasını müəyyənləşdirən amillərə çevrilib.  Eyni zamanda, Prezident “yumşaq güc”ün formalaşmasına xüsusi diqqət yetirirdi. Erməni diasporunun ruporları tərəfindən dünyada süni şəkildə yaradılmış antiazərbaycan mifi aradan qaldırmaq və Azərbaycanı qlobal kommunikasiya məkanında obyektiv şəkildə təmsil etmək, ölkə, xalq, onun arzuları haqqında həqiqəti əks etdirən məlumatlar yaymaq lazım idi. Bakı, Gəncə, Qəbələ, Şəki çoxsaylı humanitar forumların, müxtəlif beynəlxalq festivalların, irimiqyaslı idman yarışlarının keçirildiyi mərkəzlərə çevrilib.

 Qarabağ dramı 35 ilə yaxın davam etdi. 90-cı illərin əvvəllərində Qarabağda müharibə ermənilər tərəfindən bütün beynəlxalq normalara rəğmən aparılıb. Erməni faşistlərinin insanlığa qarşı saysız-hesabsız cinayətləri ictimaiyyətə məlum olub.  Azərbaycan ərazisinin beşdə bir hissəsi ermənilər tərəfindən viran edildi. Otuz mindən çox azərbaycanlı - əsasən qadınlar, qocalar və uşaqlar həlak olmuş, bir milyona yaxın insan qaçqın düşmüş, ən elementar yaşayış şəraitindən məhrum olmuşdur. Erməni faşizmi çiçəklənən şəhərlərə, qəsəbələrə, mədəniyyət abidələrinə qənim kəsilmişdi. Hər şey dəhşətli şəkildə məhv edildi və qarət olundu.

Ermənilərin azərbaycanlılara qarşı nifrət və kin-küdurət hissinin miqyasına ağlabatan izahat tapmaq mümkün deyil. İlham Əliyevin çıxışlarının birində dediyi kimi, “bu anti-insani, barbar hərəkətləri başa düşmək çox çətindir, xüsusən ona görə ki, ermənilər son vaxtlar bizimlə qonşuluqda yaşayıblar və Azərbaycan reallığına üzvi şəkildə inteqrasiya ediblər”.

 Azərbaycan xalqı tarixi yetkinliyin sərt sınağından çıxdı. Bu sınaqdan ləyaqətlə və ən az itki ilə çıxmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə bizim bütün mədəni, diplomatik, iqtisadi, hərbi potensialımız səfərbər olundu. Düzgün aparılan informasiya siyasəti, prezidentin mətbuatda görkəmli proqram xarakterli çıxışları, sistemli vətənpərvərlik tərbiyəsi sayəsində hər bir azərbaycanlı başa düşdü ki, bu gün torpağımızda baş verənlər ölüm-dirim mübarizəsi, Vətən müharibəsidir.

 Qarabağ faciəsi təkcə Azərbaycanın şəhər və kəndlərinin görkəmini deyil, həm də həyatın müxtəlif sahələrinin məzmununu dəyişdi. Bu dəyişikliklər azərbaycanlıların psixologiyasında, təfəkküründə o qədər böyük əks-səda doğurdu ki, mübaliğəsiz demək olar: Azərbaycan xalqı, onun dəyərlər sistemi çox cəhətdən yenidən formalaşıb.

 “Böyük qayıdış”. Vətən müharibəsində qazanılan parlaq qələbə, eləcə də sonradan uğurla həyata keçirilən antiterror tədbirləri sayəsində Azərbaycan işğal olunmuş torpaqlarını azad edərək, öz suverenliyini tamamilə bərpa etdi. Bu, Azərbaycan cəmiyyətinin qarşısında geniş miqyaslı vəzifə qoydu - işğaldan azad edilmiş ərazilərdə erməni vandallar tərəfindən dağıdılmış obyektlərin tam bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün əlverişli şərait yaradılması.

Azərbaycan elə bir ölkədir ki, burada həm dövlət, həm də xalq ümumi məqsədləri müəyyən edir və həyata keçirir. Qarabağın işğaldan azad edilməsi, qarabağlıların öz doğma torpaqlarına qayıtması - bunlar həm Azərbaycan xalqının, həm də Azərbaycan rəhbərliyinin son 30 ildəki arzularıdır. Ərazilər erməni işğalından azad ediləndən sonra ölkə hakimiyyətinin bu son dərəcə çətin, lakin şərəfli missiyanı öz üzərinə götürəcəyinə heç kim şübhə etmirdi. Amma heç kim bu prosesin bu qədər geniş miqyasda, bu qədər tez və çox yüksək texnoloji səviyyədə baş verəcəyini gözləmirdi. Belə ki, işğaldan azad edilmiş şəhər və kəndlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası sürətlə həyata keçirilir, aqrar-sənaye klasterləri formalaşdırılır, Qarabağ bölgəsini və Şərqi Zəngəzuru “yaşıl enerji” zonalarına çevirmək nəzərdə tutulur.

 Təəssüf ki, regionların bərpası və əhalinin qaytarılması proqramının icrası geniş ərazilərin minalardan təmizlənməsi ilə bağlı oldu. Minalarla bağlı hadisələrin dəhşətli statistikası mina təhlükəsi probleminin sadə insanlar üçün nə qədər ciddi olduğunu göstərir. Ermənistan hərbçiləri Qarabağı minalarla ən çox çirklənmiş ərazilərdən birinə çeviriblər. İşğal zamanı erməni barbarları bu heyrətamiz gözəl yerlərə 1,5 milyondan çox mina qoyublar. Buna görə də müasir texnologiyalardan istifadə etməklə minatəmizləmə işləri prioritet məsələyə çevrilib.

 Mina təhlükəsinə baxmayaraq, azad edilmiş ərazilərin bərpasına demək olar ki, dərhal başlanılıb. İlk növbədə diqqət kommunikasiya strukturlarının yenidən qurulması və genişləndirilməsinə yönəldilib: yollar, körpülər, tunellər, hava limanları, elektrik şəbəkələri, kommunikasiya sistemləri... 2030-cu ilə qədər olan dövrdə Azərbaycanın İnkişaf Konsepsiyasına ayrıca bənd kimi daxil edilmiş “Böyük qayıdış” layihəsinin icrasına operativ şəkildə başlandı. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dirçəldilməsi ilə bağlı layihələr Azərbaycan dövlətinin iqtisadi siyasətində mərkəzi yerləri tutur.

Bu gün Qarabağın və Şərqi Zəngəzurun bütün guşələrində genişmiqyaslı işlər davam etdirilir. Müxtəlif sənaye sahələrinin, aqrar komplekslərinin, təhsil və mədəniyyət ocaqlarının təməli qoyulur. Bu regionların sosial-iqtisadi inkişafı, insanların məşğulluğunun təmin edilməsi, onların fiziki və psixoloji sağlamlığının yaxşılaşdırılması ölkə rəhbərliyinin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bütün bunlar, şübhəsiz ki, vətəndaşların rahat, keyfiyyətli yaşaması üçün şərait yaradacaqdır. Keçmiş qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına böyük qayıdışı, digər məsələlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi sferasına inteqrasiyasında mühüm amilə çevrilir.

 Səbr, ədalətin zəfər çalacağına sarsılmaz inam, siyasi iradə sayəsində Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi ilə bütün dünyaya sübut edə bildi ki, onu sındırmaq olmaz. Respublika Prezidenti İlham Əliyev müharibədən sonra Qarabağda görülən işləri belə dəyərləndirib: “Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir”.

 “Böyük Qayıdış” proqramının miqyası və onun fəal həyata keçirilməsi insanları ruhlandırır, onlarda qürur və vətənpərvərlik hisslərini artırır. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq tədbirləri və bərpa işləri Azərbaycanın dövlət siyasətinin humanist və mənəvi-əxlaqi əsaslarının cəmiyyət tərəfindən tələb olunduğundan xəbər verir.

 İlham Əliyevin müharibədən əvvəl, hərbi əməliyyatlar zamanı və müharibədən sonra müxtəlif sahələrdə - iqtisadi, siyasi, diplomatik, informasiya sahəsində aktiv çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının belə düşünməsinə əsas verir: Prezident İlham Əliyev layiqli övlad və atasının layiqli siyasi varisidir. Bu, Azərbaycan üçün böyük xoşbəxtlikdir.

Cəlil Xəlilov, Polkovnik, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini

CXj6cwSjKln5X6jdKyEe.jpeg

Избранный
85
3
ednews.net

4Источники