RU

Azərbaycanın ilkin ŞƏRTİ: Rəsmi Bakı İrəvandan bunu tələb edir – “Ermənistan şərtimizi qəbul edərsə…”

“Azərbaycan İkinci Qarabağ müharibəsində qalib tərəf olsa da, sülh gündəliyini müəyyən edib, şərtlərini irəli sürüb və sülhə həmin şərtlər daxilində hər an hazır olduğunu bəyan edib. Həmçinin rəsmi Bakı öz fəaliyyətində bunu sübut edib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O, Vaşinqtonda NATO-nun 75 illiyi ilə bağlı keçirilən sammitdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin mümkün görüşündən, eləcə də rəsmi Bakının sülh müqaviləsi ilə bağlı İrəvana olan tələbindən söz açıb.

M. Bünyadlı diqqətə çatdırıb ki, Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq, bununla bağlı bütün platformalarda öz mövqeyini davamlı olaraq açıqlayıb və deyib ki, sözügedən şərtlər daxilində sülhün imzalanmasına heç bir əngəl yoxdur:

“Çox təəssüf ki, indiyə qədər necə ki birinci Qarabağ savaşından sonra Ermənistan sülh prosesində maraqlı deyildisə, ikinci Qarabağ müharibəsindən sonra da sülhdən yayınma siyasətini davam etdirməkdə və destruktiv mövqe sərgiləməkdədir”.

Onun sözlərinə görə, müəyyən qlobal güclər də bu prosesdən öz maraqları üçün faydalanmağa çalışırlar:

“Bunlardan biri də Qərbdir. Qərb, daha dəqiq desək, ABŞ zaman-zaman regiondakı sülh prosesindəki təşəbbüsü ələ almaq istiqamətində səylər göstərib. Ümumiyyətlə, ABŞ-nin sözügedən danışıqlarda müsbət addımları, eləcə də əngəl yaratdığı məqamlar olub. İstər ABŞ-nin dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığı, istərsə də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Bakıya səfərini nəzərə alsaq, Azərbaycan bir daha sülhlə bağlı mövqeyini qəti şəkildə ortaya atıb”.

Mütəxəssis əlavə edib ki, Azərbaycanın bugünkü gündə ilkin şərti budur ki, Ermənistan konstitusiyasında olan ərazi iddiası ilə bağlı müddəalar dəyişdirilsin:

“Rəsmi Bakı bəyan edir ki, İrəvan konstitusiyanı dəyişib qonşu ölkələrə, xüsusilə də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını çıxarmalıdır. Əgər bu müddəalar çıxarılmayacaqsa, bu, bölgədə dayanıqlı və uzunmüddətli sülhə xidmət etməyəcək.

İkinci şərt isə Ermənistan tərəfinin kommunikasiyaların açılması və regionda yaranan yeni reallıqların tələblərinə uyğun üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Əgər İrəvan bu şərtləri icra edərsə, nəinki COP-29-a qədər, hətta Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bəyan etdiyi kimi, yekun sülh sazişi iki həftə ərzində də imzalana bilər. Əgər Ermənistan şərtlərimizi qəbul edərsə, hər hansı bir əlavə problemin olacağını görmürəm”.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
yenicag.az

1Источники