RU

Azərbaycan-İran münasibətləri erməniləri qorxuya salmağa başlayıb- qəribə dəyişmə...

Image

Azərbaycan və İran arasında münasibətlər son aylarda normallaşma məcrasına qayıdaraq artıq yeni inkişaf mərhələsinə daxil olub. İranda son prezident seçkilərindən sonra bu istiqamətdə proseslərin daha sürətlə cərəyan edəcəyi gözlənilir. Bunu Azərbaycan prezidenti İlham Əliyevlə İran  dövlət başçısı Məsud Pezeşkian arasında telefon söhbəti də təsdiq edir.

Rəsmi məlumata əsasən, dövlət başçısı Məsud Pezeşkianı İran prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin prezident seçilməsi münasibətilə dövlət başçısının daha əvvəl göndərdiyi məktuba görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. İran prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib. Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlət başçıları ölkələrimiz arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Azərbaycan prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən İran prezidenti dövlət başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan prezidentini İrana rəsmi səfərə dəvət edib. İlham Əliyev bu dəvəti məmnunluqla qəbul edib. Beləliklə, gözlənilən odur ki, Azərbaycan və İran arasında münasibətlər bundan sonra uğurla inkişaf edəcək. Bu hal Ermənistanda getdikcə daha böyük narahatlığa səbəb olur. Ermənistanın “Alternativ Layihələr” qrupunun üzvü, erməni politoloq Vahe Hovhannisyan bu xüsusda bildirir: “Pezeşkianın İrandakı qələbəsindən çoxları narahatdır, bu, bəlkə də əsassız deyil, onu azərbaycanlı hesab edirlər. Bundan əvvəl biz Baydenin mümkün məğlubiyyətindən narahat idik, daha öncə isə Makronun məğlubiyyətindən narahat idik, Lukaşenko çoxdan azərbaycanpərəst, Putin isə Ərdoğanın müttəfiqidir. Bəlkə də bütün bu narahatlıqlar əsaslıdır, lakin biz bir neçə əsrdir ki, düzgün nəticəyə gəlməmişik. Hətta Tehranda, Vaşinqtonda, Moskvada, Tiflisdə, Ankarada eyni vaxtda hakimiyyətə azərbaycanpərəst qüvvələr gəlsə belə, Ermənistanda real dövlət təfəkkürünə malik erməni hökuməti olsa, Ermənistan səriştəli siyasət və səriştəli addımlarla həmin ölkələrdən müttəfiqlər qazanaraq, öz maraqlarını qoruya biləcək. İndi bu mümkün görünmür”. Ermənistanın “Past” nəşri də Azərbaycan-İran əlaqələrinin güclənməsindən narahatlıq ifadə edir: “Bu yaxınlarda İranda prezident seçkiləri keçirilib və nəticədə Məsud Pezeşkian qalib gəlib”. Nəşrə görə, bəzi politoloqlar düşünür ki, bu seçkidən siyasi kursda ciddi dəyişiklik gözləməyə dəyməz, çünki İranda xarici siyasət istiqamətləri ölkənin ali ruhani lideri Ayətullah Əli Xamneyi tərəfindən müəyyən edilir və prezident onun tərtib etdiyi çərçivədə hərəkət edir: “Yəni belə bir fikir var ki, Ermənistan-İran qonşuluq münasibətlərində ciddi dəyişiklik gözləmək lazım deyil. Buna baxmayaraq, müəyyən risqlərin istisna oluna bilməyəcəyinə əmin olan mütəxəssislər az deyil. Ermənistanın beynəlxalq məsələlər üzrə ekspertlərindən biri nəşrimizə açıqlamasında qeyd edib ki, ilk risqlər İran və ABŞ arasında dialoq imkanlarına, eləcə də İran və Azərbaycan arasında münasibətlərə müəyyən qədər yenidən baxılmasına aid ola, bu da Ermənistanın maraqlarına əhəmiyyətli dərəcədə kölgə sala bilər. Həmsöhbətimizin sözlərinə görə, biz İran-Rusiya münasibətləri kontekstində xeyli diqqətli olmalıyıq: burada da dialoqun müəyyən transformasiyası baş verərsə, ölkəmizin maraqları tabe ola bilər. Bəs Ermənistan nə edir? Həmsöbhbətimiz qeyd edib: “Təəssüflər olsun ki, Nikol Paşinyan və onun qrupu Ermənistanı faktiki olaraq geosiyasi sikkəyə çevirir və bunun nəticəsində geosiyasi münaqişə səhnəsinə düşmək təhlükəsi yaranır. İranla münasibətləri gücləndirmək, hətta dost ölkə ilə hərbi təlimlər keçirmək əvəzinə, sonuncunun rəqibi olan ABŞ ilə təlimlər təşkil edir və Qərb şəbəkəsinə daha çox qarışırlar. Bu, son dərəcə təhlükəli ola bilər”.

Qeyd edilir ki, Qərblə bu yaxınlaşma İranın da diqqətindən yayınmır. Xatırladaq ki, İran – Ermənistan əməkdaşlığı hər zaman özünün çoxqütb­lülüyü ilə fərqlənib. Bu vaxta kimi Tehran – İrəvan əlaqələrində hansısa diskomfort yaşanmayıb. Amma artıq vəziyyət dəyişir. Ermənistanın Qərblə müdafiə sahəsində əməkdaşlığının dərinləşdirilməsi gələcəkdə İran-Ermənistan münasibətlərinin gərginləşməsinə gətirib çıxara bilər. Çünki Ermənistan, faktiki olaraq, İranın bütün çağırışlarına baxmayaraq bu və ya digər formada Qərblə əməkdaşlığın dərinləşdirilməsinə maraq göstərir. İran üçün Qərbin onun sərhədinə gətirilməsi qəbuledilməz hesab olunur. Ona görə də tərəflər arasında bu məsələdə müəyyən fikir ayrılıqları mövcuddur. Beləliklə, İran və Ermənistan arasında vaxtilə mövcud olan sıx münasibətlərdə hazırda gərginlik sezilir. Bu yaxınlarda İran Ermənistana hərbi ittifaq təklif etmişdi. Açıq şəkildə demişdilər ki, Ermənistan İranla hərbi ittifaqa görə Qərbin təzyiqindən qorxursa, Tehran İrəvanı rəsmi müqavilə imzalanmadan da silah-surat, təlim və digər hərbi vasitələrlə təhciz edə, hərbi yardımlar göstərə bilər. Son vaxtlara kimi Ermənistanın silahla təchiz olunmasında da İran vacib rol oynayıb. Rusiyadan, Hindistandan gələn silahların İran ərazisindən keçirilməsində fəal iştirak edib, öz hərbi sənayesinə aid raketlər bağışlayıb. Amma sonradan İrəvanın Qərbə yaxınlığı vəziyyəti dəyişdi. Ermənistan rəhbərliyi İranın Zəngəzurla bağlı mövqeyini İrəvanın daxili siyasətinə qarışmaq kimi qələmə verdi, İranın öz hərbi mövcudluğunu orda yerləşdirmək təklifini təhdid kimi qəbul etdi. İndi bunlar fonunda İranşünas Vardan Voskanyan bildirir ki, Pezeşkianın yaxın tərəfdarları arasında pantürkist düşüncəli insanlar da var ki, onlar təbii ki, müxtəlif vəzifələr tutacaqlar, İran-Azərbaycan və İran-Türkiyə münasibətlərinin inkişafına çalışacaqlar. Bu səbəbdən o hesab edir ki, Ermənistan üçün əlavə problemlər yaranacaq.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
36
baki-xeber.com

10Источники