RU

“Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” - lektoriya

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 55 illiyinə həsr olunmuş “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda lektoriya keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbir AMEA-nın Rəyasət Heyəti, YAP Yasamal rayon təşkilatı və YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının birgə təşəbbüsü ilə baş tutub.

Əvvəlcə MEK-in foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi yad edilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, ölkəmizin dövlət müstəqilliyinin möhkəm təməlləri Ulu Öndər tərəfindən qoyulub, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycan öz inkişafının ən yüksək mərhələsinə qalxıb.

AMEA rəhbəri qeyd edib ki, XX əsrin 60-cı illərində Azərbaycanın sosial-iqtisadi həyatında dərin böhran hökm sürdüyü halda, 1969-cu il iyulun 14-də Heydər Əliyevin rəhbərliyə gəlişi respublikanı ağır vəziyyətdən çıxardı, qısa müddət ərzində Azərbaycanda elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi yönündə nailiyyətlər əldə edildi.

Akademik İsa Həbibbəyli 1982-ci ildə Siyasi Büronun üzvü seçilən Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildikdən sonra da atdığı hər addımda Azərbaycanın gələcəyini düşündüyünü vurğulayıb.

AMEA prezidenti diqqətə çatdırıb ki, Ulu Öndər 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə dahiyanə uzaqgörənliklə milli özünüdərk duyğuları, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi prinsiplər əsasında dövlətçilik ideyasının gələcəkdə hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaradıb.

İsa Həbibbəyli xalqın çağırışı və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının bəhrəsini bu günə qədər gördüyümüzü bildirib. O, Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin hazırda dünya liderlərindən biri olmasını 55 ilin möhtəşəm yekunu, əbədiyaşar təntənəsi kimi qiymətləndirib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti, iqtisadi sahədəki dərin islahatları sayəsində müasir Azərbaycanın bugünkü gerçəkliklərini yaratması və gələcəyə aparan yollarını müəyyən etməsi barədə geniş məruzə ilə çıxış edib.

Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn Hüseynov isə çıxışı zamanı Azərbaycanda kitabxana işinin inkişafına Ümummilli Lider Heydər Əliyevin qayğısından bəhs edib, bu sahədə qəbul edilən qanun və qərarlardan danışıb.

Lektoriyada, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Füzuli Qurbanovun Ulu Öndər Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq fəlsəfəsi, milli düşüncəli insanları qoruması haqqında geniş məruzəsi dinlənilib.

Sonda tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən nəşrlərdən ibarət sərgiyə baxıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
azertag.az

1Источники