RU

Paşinyanın “sülh oyunları” hara APARIR...

Ötən gün Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü olub.

Blinkenin moderatoqluq etdiyi görüş hansısa xüsusi nəticəylə yekunlaşmayıb.

Görüşdən sonra verilən açıqlamada bildirilib ki, Blinken Bayramov və Mirzoyanla sabit və laqiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyişləri müzakirə edib və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib.

Dövlət katibi həmçinin regional əlaqələrin təşviqi istiqamətində sülhün vacibliyini vurğulayıb, onun sözlərinə görə, bu, bütün Cənubi Qafqazın maraqlarına cavab verir.

Siyasi ekspertlər isə deyirlər ki, nə qədər ki, Ermənistan Konstitusiyasında dəyişiklik həyata keçirilməyib, sülh sazişinin imzalanması mümkün deyil. Amma tərəflər ümumi niyyətləri ifadə edən çərçivə sazişini ilin sonuna qədər imzalaya bilərlər. Vaşinqtonun çalışdığı da məhz budur.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə bildirib ki, rəsmi İrəvanın Azərbaycanla ən qısa müddətdə Cənubi Qafqaza sabitlik gətirəcək sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var.

Rəsmi Bakıda isə fərqli düşünürlər.

Hələ Vaşinqtona getməzdən əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh müqaviləsinin imzalanmasının əsas ilkin şərtini bir daha xatırlatmışdı: Ermənistan Konstitusiyası dəyişdirilməlidir!

Rəsmi Bakı Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini sülh müqaviləsinin imzalanması üçün ilkin şərt hesab edir.

Azərbaycan Prezidenti İlham Əliyev də son çıxışlarında bunu açıq və qəti söyləyib:

“Sülh sazişinin başlıca şərti Ermənistanın Konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”.

İrəvan son vaxtlar mütəmadi olaraq bəyan edir ki, Konstitusiyaya dəyişiklik Ermənistanın daxili işidir. Amma eyni zamanda, Konstitusiyaya dəyişiklik istəyini də gizlətmir.

Bu yaxınlarda - iyulun 5-də Ermənistanın Konstitusiya Günündə baş nazir Nikol Paşinyan ölkəsinin əsas qanununu tənqid edib və “bizə yeni Konstitusiya lazımdır” deyib. O bunu hazırkı Konstitusiyanın erməni xalqının öz arasında və qonşuları ilə yaşamaq qaydaları haqqında anlayışı əks etdirməməsi ilə əlaqələndirib.

Ermənistan Konstitusiyası ilk dəfə 1995-ci il iyulun 5-də qəbul edilib. Konstitusiyada Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var. Konstitusiyada istinad edilən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib.

Ermənistanda bir neçə dəfə Konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib.

Ermənistan Konstitusiyasına 2005-ci il noyabrın 27-də düzəlişlər edilib, sonra isə 2015-ci il dekabrın 6-da yenidən dəyişdirilib. Hər iki halda referendum keçirilib.

Ermənistan baş naziri Nikol Paşinyan hələ baş nazir olmazdan əvvəl dəfələrlə Konstitusiyanı tənqid edib. Lakin hakimiyyətə gələndən az sonra fikrini dəyişib. Erməni ekspertlərin sözlərinə görə, Paşinyanın fikrinin dəyişməsinə səbəb parlament idarəetmə sisteminin baş nazirə demək olar ki, qeyri-məhdud səlahiyyətlər verməsilə bağlıdır.

Lakin Azərbaycan tərəfinin tələblərindən sonra Ermənistan rəhbərliyində Konstitusiyaya münasibət yenidən dəyişib.

Ermənistan mətbuatı yazır ki, baş nazir Nikol Paşinyan bu yaxınlarda tamamilə yeni Konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaratmaq barədə sərəncam imzalayıb.
Yəni Paşinyan Konstitusiyaya düzəlişlər etmək niyyətində deyil, yenisini hazırlamaq istəyir.

Erməni politoloqlar deyirlər ki, Paşinyan parlamentin hazırkı komitəsinin iki ilə yaxındır davam edən Konstitusiya islahatı cəhdlərini ləğv edib. Paşinyanın yaratdığı digər problem odur ki, o, sözügüdən komitəyə yeni Konstitusiya layihəsi hazırlamaq üçün 2026-cı ilin sonuna qədər möhlət verib ki, bu da daha iki il yarım ərzində Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamayacağı anlamına gəlir.

Erməni ekspertləri narahat edən digər məsələ odur ki, xalq referendum çıxarılacaq Konstitusiya layihəsini qəbul etməsə nələr olacaq…

Ə.Qafarlı

Избранный
142
50
modern.az

10Источники