RU

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə mediatur - Fotolar

Bu gün media nümayəndələrinin iştirakı ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə mediatur təşkil olunub. İştirakçılar vətəndaşların qəbulu və Agentliyin struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, elmi müəssisələrin fəaliyyəti, ali və orta ixtisas təhsili, xaricdə təhsil və əcnəbi tələbələrin ölkəmizdə təhsili, universitetlərimizin beynəlxalq reytinqlərdə təmsil olunması və Agentliyin digər fəaliyyət istiqamətləri ilə bağlı media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Mediatur zamanı  bildirilib ki, Vətəndaş Qəbulu və Çağrı Mərkəzinə  müraciət edən vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun məlumat verilir, həmçinin elektron xidmətlərlə bağlı texniki yardım göstərilir. Eyni zamanda quruma daxil olan elektron və yazılı müraciətlər qeydə alınaraq müvafiq struktur bölmələrinə yönəldilir, araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir.

Həmçinin qeyd olunub ki, 2024-cü ilk 6 ayında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumilikdə 43553 müraciət cavablandırılıb. Çağrı Mərkəzinə 23803, Vətəndaş Qəbulu Mərkəzinə 1456 müraciət daxil olub. Kağız daşıyıcılarda və elektron formadakı müraciətlərin sayı 12398, “Whatsapp” və sosial media xidməti vasitəsilə daxil olan müraciətlərin sayı isə 5896 olub.

Qeyd edək, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Elm və Təhsil Nazirliyi elm, ali və orta ixtisas təhsili sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, elmi müəssisə və təşkilatların, ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən qurumdur. Agentlik “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanı əsasında yaradılıb.










Избранный
54
2
qafqazinfo.az

4Источники