Şimali Atlantika Alyansı gələcək əməkdaşlığı müzakirə etmək üçün Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə NATO-nun Vaşinqtonda keçirilən sammitinin yekun bəyannaməsində deyilir.
“Hind-Sakit Okean regionu NATO üçün vacibdir, çünki bu regionda baş verən hadisələr Avro-Atlantik regionda təhlükəsizliyə birbaşa təsir göstərir”, – sənəddə qeyd edilir.
İyulun 9-da Vaşinqtonda NATO-ya üzv ölkələrin toplantısı başlayıb. “Ukrayna və Transatlantik Təhlükəsizlik” mövzusunda üç günlük tədbir alyansın yaranmasının 75-ci ildönümünə həsr olunub. Zirvə toplantısında bloka üzv olan 32 ölkənin, o cümlədən bir müddət əvvəl alyansa qoşulmuş İsveç və Finlandiyanın liderləri iştirak ediblər.
Sammitdə NATO-nun Qara dəniz və Balkanlarda mövcudluğunu genişləndirməyi, eləcə də Yaxın Şərq və Afrikada təsirini artırmağı planlaşdırdığı açıqlanıb.