RU

Ədəbiyyat bizi bədbəxt edir - Aytac Sahəd yazır

Aytac SAHƏD


 - Bütün sənədlər qaydasındadır. Gələn həftədən başlaya bilərsiniz.

- Nə yaxşı. Bəs keçən dəfə dediyim məsələni rəhbərlikdən soruşdunuz?

- Hə, soruşdum. Cavabı "Yox" oldu. Bilirsiniz, bizim şirkət ciddiyyətə çox önəm verir.

- Axı mən qeyri-ciddi bir işlə məşğul deyiləm. İnanın, yazdıqlarımın sizə heç bir mənfi təsiri olmayacaq.

- Aytac xanım, bizim oturub sizin yazdıqlarınızı bir-bir oxuyacaq vaxtımız yoxdur ki, bilək, nəyin bizə ziyanı var, nəyin yoxdur. Əgər bu işi istəyirsinizsə, yazı-pozunu yaddan çıxarmalısınız.

Əvvəl istədim deyəm, mən yazmasam, yaşaya bilmərəm. Ancaq sonradan düşündüm ki, yox, bu söz o söz deyil. Əgər belə desəm, bayaqdan simasında dolaşan istehza dolu təbəssüm qəhqəhəyə çevriləcəkdi, qəhqəhə də mübahisəyə. Ona görə də söhbəti çox uzatmadan bu şərtlərlə işləyə bilməyəcəyimi deyib otağı tərk elədim.

Sizə danışıram, dörd ilin söhbətini. Əslində, sözügedən hadisənin mənim üçün xüsusi bir önəmi yoxdur, hətta deyərdim ki, çoxdan unutmuşdum. Bu yaxınlarda həmsöhbətimi görməsəm, yəqin, uzun müddət yadıma da düşməyəcəkdi. Təsadüfən qarşılaşdığım müsahibim necəsə üç-beş dəqiqəyə həm hal-əhval soruşmağı, həm özünü tərifləməyi, həm də mənim yerimə götürdüyü işçinin karyera yüksəlişi haqqındakı monoloqunu sığışdıra bildi. Məlum məsələ idi ki, bu monoloqun başlıca məqsədi məni qıcıqlandırmaqdır. Təbii ki, mən qıcıqlanmadım, deyəsən, belə tələlərə düşməyəcək qədər həyat təcrübəsinə sahibəm artıq. Düzü, min bir əziyyətlə hazırlaşıb qalib gəldiyim iş müsabiqəsində uduzan birinin indi mənim yerimdə olmasını sevinc hissi ilə qarşılamadım. Ancaq nəticə etibarilə anlayıram ki, hərə öz yolunu gedir, deməli, bu iş o adamın qisməti imiş. Məni daha çox düşündürən bu qismətdən imtina səbəbimdir. Çünki sözügedən səbəb indi də həyatımda öz aktuallığını qorumaqdadır.

O vaxt haqqında danışdığım iş üçün xeyli mübarizə apardım, nəhayət, bütün mərhələləri uğurla keçib son anda işdən imtina elədim. Səbəb də bu idi ki, şirkət mənim işdən əlavə olaraq yazı-pozu ilə məşğul olmaq istəyimi qəbul etmədi.

Deyəsən, bu ədəbiyyatla ilk imtahanım idi.

Bir məqamı xüsusi qeyd edim ki, məni yersiz təkəbbürdə günahlandırmayasınız. Bu gün mən özümü daha çox bədii publisistikada ifadə edə bilirəm. Bir neçə hekayəm var ki, onlar haqqında esselerim kimi iddialı danışa bilmərəm. Daha yaxşı hekayələr yazacağımı bilirəm, çünki istedadıma bütün varlığımla inanıram. Nəsrdə isə tək istedad kifayət deyil. Səbr, zəhmət, həyat təcrübəsi, zəngin mütaliə kimi bir sıra vacib tələblər var. Hazırda daha çox mütaliə edir, öz üzərimdə çalışıram. Əlqərəz, bu gün özümü hələ ilk addımlarını atan, yazdıqlarından çox, yazacaqlarına inanan bir yazar kimi görürəm. Hərdən düşünürəm ki, bir iddia, bir ümid məni bu qədər dolanbac yollara salırsa, illərini bu sahəyə verən, bu limanda lövbər salan adamlardan gör nələr alır?

Ümumiyyətlə, ədəbiyyat aldıqlarının əvəzində bizə nə verir? Bəlkə pul, bəlkə şöhrət, bəlkə güc? Üçü də bir-birindən gülməli səslənir. Elə başlayaq puldan. Bu gün Azərbaycanda neçə yazıçı var ki, ədəbiyyatdan qazandığı ilə dolanır? Şəxsən mənim ağlıma bir ad gəlmir, indiyə qədər hansısa yazıçımızdan, şairimizdən belə bir söz nə eşitmişəm, nə də oxumuşam. Bəlkə də, var, amma əminəm ki, sayları çox azdır. Nəşriyyat mexanizmindəki problemlər, oxucunun kitaba əlçatanlığının təmin olunmaması, qonorar sistemindəki boşluqlar və digər bu kimi problemlər yazıçını yazdığından qazanmağa həsrət qoyur. Əksinə, yazmaq üçün müəyyən müddət sən öz pulundan keçməli olursan. Bizdə hələ də çoxları düşünür ki, ədəbiyyat əsəri yazmaqla bitir. Əslində, bütün həngamə elə bundan sonra başlayır. Dünya təcrübəsinə baxdığımız zaman görürük ki, bir kitabın uğuru üçün komanda çalışır. Naşirdən kuratora, rəssamdan tərcüməçiyə kimi nə qədər peşəkar prosesdə rol oynayır. Təbii ki, əsas məsələ əsərin özünün mahiyyətindədir. Uğursuz ədəbiyyat nümunəsi üzərində neçə nəfərin işləməsindən asılı olmayaraq uğursuzdur. Fəqət əsərin əmtəəyə çevrilməsi prosesi olduqca önəmlidir. Hələ bunlar sonrakı mərhələdir. Hər şeydən öncə bir yazmaq üçün on oxumaq lazımdır. Kitaba isə pulla yanaşı, zaman da xərclənir ki, zamanımızı sataraq yaşadığımız kapitalizm dövründə bu ikiqat müşkülə çevrilir. Bir də görürsən, dolanışığından gileylənən yazara kimsə məsləhət görür ki, gedib çörək qazanacağı başqa bir işlə məşğul olsun. Bəs yaxşı, başqa işlə məşğul olan adam yazı-pozunu bu iyirmi dörd saatın harasına sığışdırsın? Əksini iddia edirsinizsə, Maslounun "tələbatlar piramidası"na göz gəzdirməyiniz məsləhətdir.

Məşhurluğu bunca asanlaşdıran vasitələrin olduğu texnologiya dövründə ədəbiyyatın şöhrət yolundan mədət ummaq ağlabatan deyil. İxtiyari bir şəxs maraqlı kontent və orijinal yanaşma ilə bir günə məşhur ola bilər. Qaldı ki, qalaq-qalaq kitab yazmaq.

Status, güc məsələsinə gəldikdə isə son dövrlərdə gənc yazarların sayı ilə bərabər, onlarla lağlağı edənlərin də sayı artır. Belələri düşünür ki, mübtəda ilə xəbəri ayıra bilirsənsə, deməli, yazıçı da ola bilərsən. Ədəbiyyatın xammalı sözdür, sözlə də insan min illərdir ki, tanışdır. Bu təmasdan dolayı çoxları yazmağın bəsit olduğunu düşünür. Məsələn, heç kim gecəni yatıb səhər oyanıb özünə həkim deyə bilməz. Pis həkim olmaq üçün belə altı ilindən keçməlisən. Ancaq rahatlıqla səhər oyanıb mən şairəm deyə bilərsən. Bu iddia üçün "Xoşbaxlıx"a bir qafiyə tapmaq bəs edir.

Hələ yanında sənə daim inanan bir Söylü də varsa... Bütün yazı-pozu adamları Moşu qədər şanslı olmur. Ömür-gün yoldaşı seçmək taleyüklü məsələdir. Yaradıcı adamlar üçün isə bu, ikiqat çətindir. Şair dostlarımdan biri danışmışdı. Deyir, bir gün gördüm, yoldaşım şeir kitabımı çaydanın altına qoyub, elə həmin gün qərar verdim ki, boşanmalıyam. Boşanmaq üçün bu səbəb bəsit görünsə də, yaradıcı adam üçün çox şey ifadə eləyir. Məsələyə birtərəfli yanaşmaq da adil olmaz. Şair hər şeydən öncə xanımı üçün ər, övladı üçün atadır. Əgər kimsə bir dəfə yaşadığı ömrü şair kaprizlərinə qurban vermək istəmirsə, onu qınaya bilmərik.

Xanım yazarlar üçün vəziyyət ikiqat çətindir. Bir də görürsən ədəbi mühitdə yeni, maraqlı qadın imzası peyda olub. Bir müddət yazır, yaradır, di gəl sonra qəfildən yoxa çıxır. Çoxu da ağ gəlinliklərini geyinib qeybə çəkilirlər. Kişilərdən fərqli olaraq bu sahədəki qadınlar təkcə məişət qayğıları ilə əzilmir, üstəlik, mentalitet problemlərinin əsiri olurlar.

Bəli, hardan baxsan, ədəbiyyat bizi bədbəxt edir. Bəlkə də on il, on beş il sonra nəşriyyat problemləri də aradan qalxacaq, oxucu sayı da artacaq, hər şey daha yaxşı olacaq. Ancaq məhz bu günün gəncliyi heç bir pafosa yol vermədən bu fikri təsdiqləyə bilər.

Deyəcəksiniz ki, nə məcburdur? Belə çətindir, get, başqa sənət tap özünə. Bütün məsələ də bundadır. Yazmaq elə bir xəstəlikdir ki, ona yoluxandan sonra sağalmaq, asanlıqla başqa yol tutmaq mümkün deyil. Yazmağı sən seçmirsən, o səni seçir. Necə deyərlər, yazıçılıq taledir.

Varqas Lyosa müsahibələrindən birində jurnalistin "Yazıçı olmaq istədiyinizi ilk dəfə nə vaxt anladınız?" sualına belə cavab verir: "Beş yaşımda, kitab oxumağa başlayanda anladım ki, bu, mənim həyatımın ən əlamətdar anıdır".

Kimi mahiyyətini beş yaşında hiss edir, kimi əlli yaşında. Fəqət istedadla cəzalanmısansa, bir ömür yaradıcılıq sancısını çəkirsən.

Schulzun da dediyi kimi, "Bir insanın ən ağır yükü gerçəkləşdirə bilmədiyi potensialıdır". Bu yükün altında əzilməkdənsə, ədəbiyyatın gətirdiyi məhrumiyyətlərə dözmək daha yaxşıdır. Bütün çətinliklərə baxmayaraq nə yaxşı ədəbiyyat var. Nə yaxşı.

Kulis.az






















Bizi İnstagramda izləyin

Избранный
663
50
525.az

10Источники