RU

Demokratları tam uduzmuş hesab etmək olarmı?

Adam “dərin dövlət” nəzəriyyəsinə inanmaq istəyirdi də, istəmir də. Amma heç cür inanmaq olmur ki, ABŞ kimi nəhəng və mürəkkəb bir dövləti Bayden kimi huşsuz bir qoca edir - hansı ki, öz huşsuzluğunu və çox qoca olmasını özü də etiraf edir! 

Təsəvvür edin, o, elə bu yaxınlarda nə qədər çalışmışdısa, müdafiə naziri L.Ostinin adını və familiyasını xatırlaya bilməmişdi, axırda onu “qara adam” adlandırmışdı. NATO-nun Vaşinqton sammiti zamanı Ukrayna prezidentini V.Putin kimi təqdim etmişdi və elə bugünlərdə hətta tədbir zamanı öz xanımını başqası ilə səhv salmışdı...

İndi ABŞ -dakı seçkiyə üç aydan bir az artıq vaxt qalıbdır. Nə olursa-olsun, etiraf etmək lazımdır ki, hazırda dünyada ikinci bir dövlət yoxdur ki, onun daxili seçkiləri bu qədər beynəlxalq maraq, hətta rezonans doğursun. 

Belədə isə seçki yaxınlaşdıqca Baydenin perspektivlərinə ümid tamam azalır, onun rəqibi Trampın qələbə çalacağına isə inam artır. Hətta ötən həftə belə deyildi ki, indi də koronaya tutulmuş C.Bayden tezliklə seçki kampaniyasını dayandıracağını bəyan edəcək. 

Belə söylənildi ki, guya demokratlar avqustun ortalarında yeni namizəd irəli sürəcəklər və bunun üçün K.Harrisin namizədliyi ilə bağlı ciddi müzakirələr gedir. Amma sonra bildirildi ki, Bayden bu həftə özünün seçki təbliğatını bərpa etmək fikrindədir. Fəqət, bununla da xəbərlər seriyası bitmədi. İstirahət günü axşam xəbər gəldi ki, bəs Bayden prezident yarışlarını tərk edib. Bəli, nəinki gündə, hətta hər saat bir xəbər gəlir, görək, nə olur... 

Fəqət, hamı, xüsusən də bu yaxınlardakı sui-qəsddən sonra belə hesab edir ki, Donald Tramp artıq seçkiləri udubdur, Baydenin cəhdləri isə çox qocalmış bir adamın uşaq nadincliyindən başqa bir şey deyil. 

Trampın hakimiyyətə gəlməsi isə nəinki ölkə daxilində, hətta bütün dünyadakı proseslərə ciddi korrektələr edə bilər. Burada söhbət təkcə Ukraynadan və Yaxın Şərqdən getmir. Hərçənd dəyişiklikləri hamı daha çox bu müstəvidə gözləyir. Trampın əvvəldən Ukraynaya simpatiyası olmayıb. Bugünlərdə V.Zelenski dedi ki, Tramp hakimiyyətə gələrsə, onunla işləmək çox çətin olacaq. Əslində isə bu, çox yumşaq deyilmiş münasibət idi - siyasi təhlilçilər bu müstəvidə daha ciddi dəyişikliklər gözləyirlər. O ki qaldı Yaxın Şərq məsələsinə, Trampın gəlişi ilə güman,  İsrail daha ciddi dəstək alacaq, çünki bu adam Yerusəlimi İsrailin vahid və bölünməz paytaxtı kimi tanıyan, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi haqqında sərəncam verən ilk ABŞ prezidenti idi...

Amma bir daha deyirik ki, Tramp hakimiyyətə gəlsə dünya daha böyük dəyişikliklər seriyası yaşayacaq. Bütün bu proseslər Cənubi Qafqazdan da yan keçməyəcək. Hazırda Ermənistan Qərbə doğru intensiv ismarışlar edir. Elə Qərb də, xüsusən də ABŞ da yerində durmur, İrəvanla nəinki hərbi təlimlər keçirir, hətta öz adamını Ermənistanın Müdafiə Nazirliyində əyləşdirir. Amma Tramp ermənipərəst, xüsusən də erməni lobbisindən asılı siyasətçi deyil - bunu onun birinci dönəmində gördük. 

Trampın dövründə Paşinyanı qəbul edən ən böyük ABŞ vəzifəlisi Kaliforniya merinin müavini olmuşdu! Belə də isə Tramp Nikola öz mövqeyini köməkçisi Con Bolton vasitəsilə bildirmişdi: vəziyyətinizin dəyişməsini istəyirsinizsə, regional siyasətinizi dəyişin...

Belə deyilir ki, Nikol bunları anlayır və ona görə də Rusiyaya doğru qapılardan birini açıq saxlayır. Amma məsələ təkcə Paşinyanda da deyil - bu yaxınlarda amerikalıların keçirdiyi sorğularda erməni respondentlərin yalnız 17 faizi ölkələrinin KTMT-də qalmasını istəmişdi! Fəqət, təkcə istəklə məsələ bitmir - qonşu Gürcüstanın təcrübəsi göstərir ki, Qərbə inteqrasiya uzun və mürəkkəb bir yoldur. 

Üstəlik, Rusiya ilə münasibətlərini dəyişmək üçün Ermənistan Azərbaycanla və Türkiyə ilə münasibətlərinə yenidən baxmalıdır. Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammitində Azərbaycan prezidenti ilə görüşdən qaçsa da erməni baş naziri N.Paşinyan əhalisinin fikrini dəyişmək istəyir, amma hələ ki bir şeyə nail ola bilmir. Elə adı çəkilmiş sorğularda da cəmi üç faiz Nikol Paşinyanın konstitusiya ilə bağlı çağırışlarını dəstəklədiyini bildirmişdi... 

Elə ona görə də Nikol Paşinyan konstitusiya ilə bağlı referendum keçirməyə qorxur, çünki düzdür, ermənilər indi müharibə istəmirlər, amma onlar “böyük Ermənistan” xülyası ilə vidalaşmağı da düşünmürlər...




Избранный
155
4
musavat.com

10Источники