"Rusiya Avropa İttifaqı tərəfindən dondurulmuş aktiv gəlirlərinin Ukraynaya ötürülməsinə cavab tədbirləri hazırlayır".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Kremlin sözçüsü Dmitriy Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Avropa Birliyinin (Aİ) Rusiya aktivləri ilə bağlı qərarı qəbulolunmaz və mütləq cavabı verilən hadisədir: “Qərarların qəbulu və həyata keçirilməsində iştirak edən şəxslərlə bağlı hüquqi variantlar üzərində də işləyəcəyik, çünki bu, beynəlxalq hüququn birbaşa pozulmasıdır”.
Peskov Aİ komissarı Josep Borrellin Rusiya aktivlərindən əldə edilən 1,4 milyard avronun avqust ayında Ukraynaya köçürüləcəyi barədə dünənki açıqlamasının rəsmi Moskva tərəfindən sakit qarşılanmayacağını təkrarlayıb: "Bu, təkcə pulun oğurlanması deyil, bu, həm də silah almaq üçün Ukraynaya ödənişdi. Bundan pisini təsəvvür etmək çətindir. Təbii ki, hər halda, hər variantda cavabımız olacaq. Bu cür oğruların hərəkəti cavabsız qala bilməz”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Borrelin dünnki açıqlamasına çox sərt reaksiya verib: "Biz dəfələrlə demişik ki, bu hala qarşı çox sərt reaksiya verəcəyik. Təbii ki, onlar bunu görəəck, hiss edəcək, yaşayacaqlar..."
Firudin Səfərli
MİA.AZ