Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,7 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə bu, ötən ilin eyni dövrünə nisbətən 80 % çoxdur.
Bu, onların vəziyyəti haqqında nə deyir? Bu sistem hazırda Azərbaycanda necə işləyir?
Valyuta.az-a danışan maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, kredit ittifaqları Azərbaycanda bir qayda olaraq formal və səmərsiz qurumlardır. Yəni, onlar əslində korperativ kimi fəaliyyət göstərməlidir. Öz üzvlərinə kredit verməlidirlər. Reallıqda isə bu, belə deyil:
“Kimə kredit vermək istəyirlərsə, onları üzv kimi qəbul edib, kredit verirlər. Buna görə də, onların gəlirlə işləməsi mümkün olmur. Çox vaxt da zərərlə işləyirlər. Hansısa təşkilatlardan kredit götürürlər. Orada müxtəlif üsullarla bu pullar dağıdılır. Son nəticədə də vergidən yayınmaq üçün də mənfəətə çıxmırlar.
Yəni, onlar kredit sistemi üçün əhəmiyyətli faktor deyil. Ona görə də, zərərlə işləyib-işləməməsi heç kəsə maraqlı deyil. Əsas onu müəyyən etmək lazımdır ki, bu təşkilatlar krediti hardan götürür və hansı pullar dağıdılır? Bəlkə də, bu pullar qanunsuz yollarla hardansa çıxarılır”.
Əvəz Həsənov