RU

Özündən 25 yaş böyük kişi ilə ailə qurdu, yoldaşını bir il aldatdı, həbsə düşən əri onu öldürməklə təhdid etdi

Yeni Gündəm” Kulis.az-a istinadən rəqqasə, Xalq artisti Təranə Muradova haqqında maraqlı faktları təqdim edir.

Muradova Təranə Hüseyn qızı 6 avqust, 1965-ci ildə Bakı şəhərində anadan olub. Ailədə dörd bacı, bir qardaş olublar. Atası erkən yaşda dünyasını dəyişdiyindən ailənin bütün yükü Təranənin anasının üzərinə düşüb. Təranə 1983-cü ildə Bakı Xoreoqrafiya Məktəbini, 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirir. 2008-ci ildə isə Rusiya Dövlət Sosial Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alır.

***

Ancaq valideynləri onun rəqqasəlik sənəti ilə davamlı məşğul olmasını istəməyiblər. Xüsusilə də, Təranə xanımın anası onun rəqs sənəti ilə məşğul olmasına ciddi etiraz edib.

On səkkiz yaşı olanda, Ramiz adlı bəylə tanış olur və onunla ailə həyatı qurur. Bu barədə rəqqasə müsahibələrinin birində deyir:

“Filarmoniyaya gəldiyim ilk illər idi. Yoldaşım da ora ilə üzbəüz yaşayırdı. Bir gün məşqə gələndə gördüm, arxamca maşınla bir adam düşüb. Çox qorxdum. Sonra o, maşından düşüb mənə yaxınlaşdı, dedi ki, olar, sizinlə tanış olum? Mən də belə tərbiyə görməmişəm ki, küçədə tanış olum, həm də çox qorxmuşdum. Onunla kobud danışdım, dedim, mən küçədə heç kimlə tanış olmuram. Bu sözlərdən sonra tez qaçıb filarmoniyaya girdim. Sonralar Ramiz adlı bu insanla tez-tez rastlaşırdım. Bir az keçdi, öyrəndim ki, tanınmış rəqqasə Roza Cəlilova onun bacısıdır. O, Filarmoniyanın qapısına gəlib bacısına dedi ki, orada bir qız xoşuma gəlib. Bir gün yenə mənə yaxınlaşıb dedi ki, daha məndən qorxmursunuz? Beləcə biz onunla tanış olduq”.

Uzun illər hüquq mühafizə orqanlarında çalışan Ramiz bəy, Təranə xanıma qədər bir dəfə də ailəli olmuşdu, üstəlik, Ramiz bəy ondan 25 yaş böyük idi. Ancaq buna baxmayaraq, Ramiz bəy Təranə xanımla münasibətlərini ciddiləşdirmək qərarına gəlir. Bunu bilən Təranə xanımın anası qızına deyir ki, sizin aranızda yaş fərqi çoxdur, illər keçəcək, sən bu fərqi hiss edəcəksən. Ona görə də mən səni o adama verməyəcəm. Hətta rəqqasənin anası ona bildirir ki, əgər Ramizlə görüşsə, onu balet məktəbindən çıxaracaq, rəqslə məşğul olmağına icazə verməyəcək.

Bundan sonra Təranə sevgilisi ilə əlaqəsini telefonla davam etdirmək məcburiyyətində qalır.

***

Moskvada yaşayan Ramiz bəy bir il sonra Bakıya köçür. Onlar görüşürlər. Elə həmin ərəfədə Təranə xanımın anası bərk xəstələnir. Ramiz onun anasına qarşı həddindən artıq diqqət göstərir, qayğısına qalır. Ancaq buna baxmayaraq, Təranə xanımın anası yenə də aradakı böyük yaş fərqinə görə onların evlənməyinə etiraz edir.

Vəziyyəti günü-gündən pisləşən ana bir gün Təranəni yanına çağırıb deyir ki, mən özümü yaxşı hiss etmirəm, ona görə də sizin evlənməyinizə razılıq verirəm. Bir müddət sonra ananı müayinə edən həkim də onlara deyir ki, onun ömrünə az qalıb, toyu nə qədər tez etsələr, o qədər yaxşıdır. Təranə ilə Ramizin toyu baş tutur, ancaq Təranənin anası xəstəxanada yatdığı üçün bu toyda iştirak edə bilmir. Təranə isə toy məclisinin sonunda həyat yoldaşı ilə birgə anasının yatdığı xəstəxanaya gəlir. Bütün xəstəxana heyrət içərisində xəstəxanaya gələn gəlinlə bəyi qarşılayır. Təranə elə anasının yatdığı palatadan ondan xeyir-dua alır.

***

Rəqqasənin yaxın dostlarından biri Xalq artisti Afaq Məlikova olub. Təranə xanımın həyatında elə çətin dönəmlər olub ki, o, rəqs sənətini atmaq istəyib. Bunu eşidən Afaq xanım maşınına əyləşərək onun evinə gəlir və ona səhər həmişəki vaxtda işdə olmağı tapşırır. Bunu bacarmayacağını deyib ağlayan Təranə xanım ertəsi gün deyilən vaxtda işdə olur, rəqqasəliyə qaldığı yerdən davam edir.

Onlar ailə qurandan bir müddət sonra Ramiz bəy Təranədən səhnəni atmağı xahiş edir. Təranə xanım müsahibələrinin birində bu haqda danışır:

“Ona dedim ki, qoy, birinci uşağımız olsun, səhnəni atacam. Qızım dünyaya gəldi, o, yenə mənə dedi ki, bəsdir, ayıbdır, səhnəni qoy kənara. Dedim, and içirəm, ikinci uşaqdan sonra evdə oturacam. Dedi, əgər mən bir dəfə evə gəlsəm, görsəm, xörək hazır deyil, uşaqlar baxımsız, ev səliqəsizdir, sən səhnəni atacaqsan. Razılaşdıq. Mən hər gün işdən evə gələn kimi qazanlarla evin yaxınlığındakı restorandan qutab, düşbərə, cız-bız götürüb gəlirdim. Yoldaşım evə gec gəlirdi. Gələndə, elə bilirdi ki, bu yeməkləri mən hazırlamışam. Düz bir il yarım onu belə aldatdım. Çünki ev işlərini, xörək bişirməyi çatdırmırdım. Bir az sonra oğlum da dünyaya gəldi. Ramiz dedi, bəsdir, utan, otur evdə. Onda mən ona dedim ki, yox, mən səhnəni atmıram. Razılaşmırsansa, məni boşa. Onda mənə baxdı, dedi, yox, boşanmaq yoxdur, amma öldürmək var. Mən bilirdim ki, o məni boşamayacaq. Çünki bizim aramızda böyük məhəbbət var idi”.

***

Ancaq tale elə gətirir ki, Təranə xanımın həyat yoldaşı 9 il ailəsindən uzaq düşür. Buna səbəb isə Ramiz bəyin həbs olunaraq azadlıqdan məhrum edilməsi olur. Bundan sonra ailənin bütün qayğıları Təranə xanımın üzərinə düşür. Həyat yoldaşından, sevdiyi insandan nə qədər ayrı qalsa da, Təranə Muradova əzmini və ləyaqətini itirmir. O, təsəllini səhnədə və rəqsdə tapır.

Rəqqasə həmin günləri belə xatırlayır:

“Gecələr ağlayırdım, səhərlər yuxudan durub güzgü qarşısına keçir, üzümü yuyub öz-özümə deyirdim, heç kəs bilməməlidir ki, sənin dərdin var. Səhnəyə çıxanda da, heç kim inanmırdı ki, mən nələr çəkirəm. Əksinə hamı deyirdi ki, heç nə bunun vecinə deyil. Yoldaşım həbsdə olandan bir il sonra tamam dəyişdim, gücləndim. Buna səbəb elə yenə yoldaşım oldu. O, həbsdən sanki pultla məni idarə edirdi, məsləhətlər verirdi, yol göstərirdi. Özü həbsdə olsa da, məni sınmağa qoymadı, əksinə gücləndirdi”.

Qəribədir ki, həyat yoldaşı heç vaxt nə bacısı Roza Cəlilovanın, nə də Təranə Muradovanın konsertlərinə gəlməyib. Ramiz bəy Təranə xanımı yalnız bir dəfə bacısının yubiley konserti zamanı səhnədən izləyib. Həmin vaxt Təranə xanım o qədər həyəcanlı olub ki, səhnədəki ifasını güclə başa vurub.

***

2018-ci ildə rəqqasənin qızı Zeynəb Eldar adlı bəylə ailə qurur. Toy məclisi paytaxt restoranlarının birində baş tutur. Məclisdə ailənin yaxınları və sənət camiyəsi iştirak edir.

2021-ci ilin may ayında isə Xalq artistinin çox sevdiyi həyat yoldaşı Ramiz bəy 82 yaşında, səhər saatlarında dünyasını dəyişir. Rəqqasə onunla bağlı ürək sözlərini belə ifadə edir:

“Bu gün mənim ən yaxın və əziz insanım getdi – Ramizim… Ruhumu, ürəyimin yarısını əbədi olaraq özü ilə götürərək əbədiyyətə getdi. Ramiz, mənim sevimli və əzizim! Sən sadəcə mənim ərim deyildin, mənim ən sadiq dostum, məsləhətçim və yoldaşım idin. Uzun və çətin bir yol keçdik. Ancaq hər zaman mənim etibarlı və güclü dayağım olmusan. Həmişə güclü, ağıllı, maraqlı olmusan. Mənə o qədər sevgi, xoşbəxtlik və sevinc bəxş etdin ki, hər zaman yanımda olduğunu bilə-bilə bütün çətinliklərin öhdəsindən gəldim…

Mənim itkim nə qədər çətin olsa da, bilirəm ki, sən həmişə yanımda olacaqsan və məni hər şeydən xilas edəcəksən, çünki indi sən mənim qoruyucu mələyimsən”.

Mətbuatda yayılan xəbərlərə görə, Təranə Muradovanın bacısı Nailə Paşayeva dəfələrlə müxtəlif cinayətlərə görə həbs olunub. İlk dəfə 13 yaşında həbs olunan N. Paşayeva 20 yaşında azadlığa çıxsa da, yenidən oğurluq səbəbi ilə həbsə düşüb. 2008-ci ilin 20 aprelində 6 il müddətində azadlıqdan məhrumetmə cəzası ilə yenidən cəzaçəkmə müəssisəsinə göndərilir. Sonuncu dəfə isə narkotik üstündə həbs olunaraq 4 il, 6 ay müddətində azadlıqdan məhrum edilən N.Paşayeva qaraciyər serozundan dünyasını dəyişir.

***

Xalq artisti 1982-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblında ifaçı-rəqqasə, 1985-ci ildən solist, 1995-ci ildən 2016-cı ilə kimi isə həm də ansamblın baletmeysteri kimi çalışmışdır. 2000-2015-ci illərdə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 26 dekabr, 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyasına xarici əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. Hazırda həmin vəzifədə fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda uşaq, yeniyetmə və gənc rəqs ansambllarının yaranmasında, fəaliyyətində yaxından iştirak edib. Belə ki, “Səyyah” uşaq rəqs ansamblının və “Odlar Yurdu” rəqs ansamblının həm direktoru, həm də bədii rəhbəridir.

Azərbaycan xalq rəqsləri olan “Naz eləmə”, “Qavalla rəqs”, “Vağzalı”, “Mirzəyi”, ispan, qaraçı və digər xalqların rəqsləri repertuarında geniş yer tutur. Ə. Bədəlbəylinin “Qız qalası” baletində gürcü qızının partiyasını oynamışdır. Bir sıra xarici ölkələrdə çıxış etmişdir.

***

Təranə Muradova aktrisa, qiraətçi, Xalq artisti Əminə Yusifqızı ilə yaxın qohumdurlar. Əminə xanım rəqqasənin bibisi qızıdır.

Rəqqasə 1998-ci ildə Heydər Əliyev tərəfindən birbaşa Azərbaycan Respublikasının Xalq artisti fəxri adını alıb. 6 may, 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.Kulis.az

Избранный
8826
yerli.media

1Источники