İnsan haqları qrupları Fransa hökumətini Paris Olimpiadası ərəfəsində miqrantları, seks işçiləri və başqalarını paytaxtdan çıxararaq, “sosial təmizləmə” aparmaqla oyunların indiyə qədər ən əhatəli olacağı vədinə əməl etməməkdə günahlandırır. Hökumət isə sadəcə olaraq uzun müddətdir davam edən problemi həll etməyə çalışdığını deyir.
Səhər tezdən Parisin kənarındakı miqrant düşərgəsində təxliyə işləri aparılır. Oradakı sakinlər bundan sonra nə olacağına əmin deyillər. Qvineyadan miqrant Abdulay Sou: "Bizə dedilər ki, buraya gəlin, bizə yaşayış yeri tapacaqlar. Olimpiya Oyunlarına görə burada qala bilmərik. Bizi harasa köçürəcəklər".
Bu cür köçürmələr yeni deyil. Hüquq qrupları əvvəllər də onları tənqid edib. Lakin fəallar Paris Olimpiadası öncəsi bu son kampaniyanın ölçüsünü və vaxtını sorğulayır. Dünya Həkimləri Təşkilatı Milou Borsotti: "Bütün bunları necə təsvir edək? Cünki bu, təkcə bu həftə deyil, çoxdan başlayıb. Biz buna Parisin sosial təmizlənməsi deyirik. Beləliklə, əsasən Olimpiadaya görə, bu, küçələri bütün səfalət və yoxsulluqdan təmizləmək istəyidir."
Borsottinin xeyriyyə fondu “Medalın Digər Tərəfi” adlanan fəallar şəbəkəsinin bir hissəsidir. O iddia edir ki, Oyunlardan bir neçə ay əvvəl yüzlərlə insan başqa yerlərə köçürülüb. Onlar deyirlər ki, təkcə miqrantlar deyil, qaraçılar, seks işçiləri və başqaları da təzyiq altındadır.
Bəzi miqrantlar paytaxtdan uzaq yerlərə göndərildiyinə görə, stabil olmayan iş yerlərini və sosial xidmətlərə çıxış imkanlarını itirdikləri bildirilir.
Fransa rəsmiləri deyirlər ki, miqrantlar hara getmək istədiklərini özləri seçə bilər. İl de Frans prefekturasının rəhbəri Adelin Savi: "Biz bu əməliyyatları illərdir hər həftə edirik. Çətin və antisanitariya şəraitdə yaşayan insanlara İl de Frans bölgəsində sığınacaq təklif edilir. Biz mütəmadi olaraq insanları Fransanın digər bölgələrinə də göndərmişik. Çünki Parisdəki təcili sığınacaqlar doludur. Ona görə də Parisə heç bir bağlılığı olmayan, yeni gələn insanlara şanslarını başqa yerdə sınamağı təklif edirik".
Təxliyyələr Fransada immiqrasiya əleyhinə əhval-ruhiyyənin artması fonunda baş verir ki, bu da həddindən artıq sağçı "Milli Birlik" partiyasının populyarlığını artırır.
Parisin solçu meriyası ölkə rəsmilərini miqrantlara kifayət qədər seçim təqdim etməməkdə günahlandırır. Paris merinin müavini Lamia El Aaraxe: "Aylardır ki, biz hökumətdən bu vəziyyətə nəzarət etməyi xahiş etmişik. Bu, onların müstəsna səlahiyyətindədir. Biz miqrantlara sığınacaq və dəstək üçün yerlər təklif etməyə davam edirik, lakin dövlət öhdəliklərini öz üzərinə götürməlidir".
Hələlik bu miqrantlara Paris ətrafında qalmaq üçün yer təklif olunacaq. Ancaq Oyunlar bitdikdən sonra onlar yenidən küçələrə qayıda bilər.
visiontv.az