Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması üçün təkliflər paketlərinin mübadiləsi davam edir.
Maraqlıdır, Ermənistan rəhbərliyi İrəvanın Azərbaycanla tez bir zamanda sülh sazişi imzalamağa hazır olduğunu bəyan edir. Amma o biri tərəfən Hindistan və Fransadan müasir silah-sursat almaqla özünü silahlandırır və sülh prosesindən yayınmağa çalışır. Sözsüz ki, belə bir qeyri-müəyyən vəziyyət çox da davam edə bilməz. Nə zamansa, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün münasib şərait yetişməlidir.
Məsələ ilə bağlı politoloq Natiq Miri “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycan şərtlərini daha da sərtləşdirməlidir.
“Əslində bu gün sülh sazişinin imzalanması üçün münasib şərait var.
Problem budur ki, Ermənistan bu prosesi bilərəkdən uzatmaqla zaman qazanmağa çalışır. Doğrudur, Ermənistan rəsmiləri sözdə sülhə hazır olduqlarını bəyan edirlər. Amma burada əsas məsələ odur ki, iki ölkə arasında sülh sazişi müəyyən şərtlər çərçivəsində imzalanmalıdır. Bu şərtlər nədir? Bildiyimiz kimi, rəsmi Bakı Ermənistandan onun konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların ləvğ olunmasını tələb edir. İrəvan isə hələ bu istiqamətdə addım atmaq niyyəti güdmür. Ermənistanın davranışları onu deməyə əsas verir ki, İrəvan Konstitusiyada dəyişiklik üçün referendum keçirilmədən Azərbaycanla sülh sazişi imzalamaq istəyir. Bununla belə, İrəvan iki ölkə arasında sərhəd ərazilərin delimitasiyasının 1991-ci ildə postsovet ölkələri tərəfindən imzalanan Alma-Ata bəyannaməsinə əsasən aparılmasının tərəfdarıdır”.
Ekspert bildirib ki, bütün bunlar heç bir zaman Azərbaycan tərəfindən qəbul olunmayacaq:
“Azərbaycan Ermənistanın bu şərtlərinə razı olmayacaq. Ermənistan rəsmilərinin İrəvanın bir ay ərzində sülh sazişinə imza atmağa hazır olduğunu deməsi yalnız beynəlxalq ictimaiyyəti aldatmağa və Azərbaycanı sülhə hazır olmamaq ittihamı ilə qarşı-qarşıya qoymağa söykənib. Paralel olaraq, Ermənistan özünü intensiv şəkildə silahlandırır. Əgər bir işğalçı dövlət müharibədə məğlub olduqdan sonra özünü yenidən silahlandırırsa, bu, onun özünümüdafiəsinə xidmət edə bilməz. Ermənistan özünümüdafiə hüququnu o zaman həyata keçirə bilər ki, iki ölkə arasında sülh müqaviləsi imzalansın, regionda sülh bərqərar olunsun və ikitərəfli diplomatik-siyasi, iqtisadi-ticari münasibətlər qurulsun. Yalnız bundan sonra özünümüdafiə hüququndan danışmaq olar. Sülh sazişi imzalanmadan Ermənistanın özünü silahlandırması onun gizli niyyətlərinin olduğunu ortaya qoyur, revanşist planlarının əl çəkmədiyini göstərir. Ən narahatedici məqam odur ki, Qərb Ermənistanın silahlanması üçün əlindən köməyi əsirgəmir. Ona görə də Azərbaycan daha sərt və qətiyyətli şərtlər irəli sürməlidir. Masada siyasi ilə yanaşı, hərbi-siyasi variantlar da ortaya qoyulmalıdır. Ermənistan bunu hiss etməlidir. Hiss etmirsə, bu qeyri-müəyyən vəziyyət davam edəcək”.