RU

Yazıçı Vaqif Sultanlı haqqında “Dənizlə sahil arasında” kitabı çap olunub

Yazıçı

Bakı, 26 iyul, AZƏRTAC

Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitabı çap olunub.

AZƏRTAC xəbər verir ki, kitaba müəllifin həyat və yaradıcılıq yolundan bəhs edən müxtəlif səpkili araşdırmalar – yubiley yazıları, esselər, ədəbi portretlər, tanıtım məqalələri, xatirələr daxil edilib.

Yazıçının altmış beş illiyinə həsr olunmuş kitabın tərtibçisi və yayıma hazırlayanı gənc yazar Fidan Vahid, redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlidir.

“Dənizlə sahil arasında” kitabında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Misir, Böyük Britaniya, Koreya Respublikası, Rusiya və başqa ölkələrin alimlərinin Vaqif Sultanlı haqqında yazıları yer alıb. Bunların içərisində Azərbaycan alimlərindən Əli Şamilin “Vaqif Sultanlının həyatının bəzi anları”, Cavanşir Yusiflinin “Küldən təpəcik olmaz”, Bədirxan Əhmədlinin “Vaqif Sultanlı portretinin bəzi cizgiləri”, Elnarə Akimovanın “Ədəbi tənqid diskursu: bütöv Azərbaycan məramı ilə”, Salidə Şərifovanın “İnsan dənizi”nin problematikası və bədii üslub palitrası”, Ağaverdi Xəlilin “Vaqif Sultanlının “Kilidli dönüş” hekayəsində dönüş konsepti”, Samirə Məmmədlinin “Söz savaşı, səhra günəşi, yaxud axına qarşı”, Şahnaz Kamalın “Mənim elmdə atam”, Gülay Tahirlinin “Kölgə tənhalığı”, Cansel Cavidin “Fenomenal yaddaş tapıntısı”, Nəzrin Rəsulzadənin “Ölümsüz” yazıları diqqəti çəkir.

Kitaba daxil edilmiş Əhməd Sami Elaydinin (Misir) “Keçmiş və gələcək arasında zaman metaforası”, Pərvanə Bayramın (Türkiyə) “Tarixə işıqtutan bir hekayə: “Kulikovo savaşı”, Alsu Kamaliyevanın (Tatarıstan), “Azərbaycan postmodern romanında fəlsəfi bir arayış”, Salavat İshakovun (Rusiya) “Tarixçinin bir neçə sözü”, Min Can Kimin (Koreya Respublikası) “Vaqif Sultanlının sönmüş ulduzları”, Bakıtgül Kuljanovanın (Qazaxıstan) “Yaxşılığın özgələşməsi yoxdur”, Xurşidə Qədirovanın (Özbəkistan) “Həyat və xəyalların inikası”, Mixail Brannokun (Böyük Britaniya) “Tərs axın” kitabı ilə bağlı düşüncələr” və başqa yazılar müəllifin yaradıcılığına yanaşma tərzinin fərqliliyi ilə maraq doğurur.

Kitabdakı məqalələr yazıldığı dildə təqdim olunub.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olan Vaqif Sultanlı “İnsan dənizi”, “Səhra savaşı”, “Ölüm yuxusu” romanlarının, “Sönmüş ulduzlar”, “Qul bazarı”, “Heçlik vadisi”, “Tərs axın” adlı hekayələr toplusunun müəllifidir. Onun elmi-nəzəri araşdırmaları “Ağır yolun yolçusu”, “Azadlığın üfüqləri”, “Ədəbi-nəzəri illüstasiyalar”, “İstiqlal sevgisi”, “Ömrün nicat sahili”, “Azərbaycan mühacirət ədəbiyyatı”, “Azərbaycan ədəbi tənqidi”, “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” və başqa kitablarda əksini tapıb.

Vaqif Sultanlı, həmçinin tərcümə yaradıcılığı ilə də məşğul olub, Sergey Jitomirskinin “Surakuzlu alim” tarixi romanını, Rəşad Nuri Güntəkinin “Yarpaq tökümü” və “Dəyirman” romanlarını, Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabını, habelə bir sıra dünya yazıçılarının hekayələrini Azərbaycan türkcəsinə çevirib. Müəllifin bədii və elmi əsərləri dünyanın bir sıra dillərinə çevrilərək yayımlanıb.

Избранный
66
5
azertag.az

6Источники