RU

Vatikan qəzeti: Xudavəngdə, Gəncəsərdə və Xatirəvəngdə - buludların arasında monastırlar

Müqəddəs Taxt-Tacın yeganə rəsmi mətbuat orqanı olan "L"Osservatore Romano" qəzetində "Xudavəngdə, Gəncəsərdə və Xatirəvəngdə. Buludların arasında monastırlar" sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, qəzetin jurnalisti Rossella Fabianinin qələmə aldığı məqalədə Azərbaycanda Alban Apostol Kilsəsinin varisləri olan kilsələr, eləcə də Xudavəng, Gəncəsər və Xatirəvəng monastırlarının tarixindən, onlarla bağlı faktlardan və həqiqətlərdən söz açılır.

Məqalədə Rossella Fabiani bildirir ki, Azərbaycana səfəri zamanı ölkənin üç böyük regionundan keçib: Qəbələ, Şəki və Qarabağ. Diqqətə çatdırılır ki, onların hər biri qədim Alban Apostol Kilsəsinin zəngin mövcudluğu ilə səciyyələnir:

"Alban xristian icmasının birbaşa varisləri - xristian udi icmasının yaşadığı, Bakıdan sonra ilk dayanacağımız olan Nic qəsəbəsində üç kilsə var: Bulun (udi dilində "böyük, əsas" mənasını verir) adlanan və kafedral olan Müqəddəs Məryəm Ana məbədi, onun yaxınlığında yaşayan və bərpasında iştirak edən ailənin adını daşıyan Müqəddəs Yelisey adına Cotari kilsəsi və bərpaya ehtiyacı olan, kəndin böyük məktəb kompleksinin yanında yerləşən Müqəddəs Yelisey adına Tsilin kilsəsi (udi dilində "aşağı", "qonşu" mənasını verir). Cotari kilsəsi 1723-26-cı illər arasında yerli mesenat Yengibar Cotarinin səxavətli ianəsi sayəsində tikilib. Bu gün Cotari kilsəsində udilər şərqi pravoslav kanonlarına uyğun olaraq liturgiyalarını yerinə yetirir, vəftiz edir və dini bayramlarını qeyd edirlər. Müqəddəs Məryəm Ana kilsəsi isə XIII əsrə aiddir və eramızın IV-V əsrlərinə aid qədim ibadət yerinin yanında inşa edilib. Kilsə 1890-cı və 2020-ci illərdə iki zəlzələ yaşayıb. Daxili çox sadədir, üçneflidir. Hədiyyə kimi saxlanılanlardan başqa, heç bir freskası və ya ikonası yoxdur. İkonostas formasında olan və böyük qırmızı pərdə ilə qorunan qurbangahın qarşısında udi dilində "Afiri" adlanan "Atamız" duasının mətni var. Bu gün məbədə Alan keşikçilik edir, Sevan isə Cotari kilsəsinin keşiyində durur".

Müəllif bildirir ki, Nicdən otuz kilometr aralıda olan Oğuz rayonuna da yola düşüb:

"İstiqamət şərqdən qərbədir. Oğuzda yüzə yaxın udi icmasının nümayəndəsi və 12 yəhudi ailəsi yaşayır. Oğuzda biz divarla qorunan bağ ilə əhatə olunmuş kiçik bir alban kilsəsini ziyarət edirik. Bura sadə, spiritualizmlə dolu bir yerdir. Birdən bir ailə buraya şam yandırmaq üçün gəlir. "Biz bu kilsəni bərpa etmək və burada liturgiyamızı keçirmək istəyirik. Bu gün biz ibadət üçün Nicə getməliyik. Oğuzda bunun kimi kiçik kilsələrimiz çoxdur və biz öz torpağımızla çox fəxr edirik", - deyə yerli xristian udi icmasının rəhbəri Svetlana bildirir. Onun tezliklə Xudavəng və Gəncəsər monastırlarını ziyarət etmək arzusunu qəlbimizə həkk edərək sağollaşırıq".

Məqalədə daha sonra deyilir:

"Şəki rayonundakı Kiş kəndinə gedən yolda bizi Günəşin qızmar şüaları müşayiət edir. Biz burada Qafqazdakı bütün alban kilsələrinin anası hesab olunan, Müqəddəs Yeliseyə həsr olunmuş qədim kilsəni ziyarət etdik. Hazırda içində muzey də təsis olunmuş kilsənin həyətinin giriş qapısında direktor Əli Səmədovla qarşılaşırıq. O, bizi AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Etnoqrafiya bölməsinə rəhbərlik edən elmi işçi Rahim Həsənova tapşırır. R.Həsənov öz ölkəsinin tarixini mükəmməl bilir və bizə başqa məlumatlar verməklə yanaşı bildirir ki, Azərbaycanda çoxlu Nəqşibəndi sufiləri var. Sonra İrandan və Türkiyədən bu torpaqlara çox sayda erməni gətirildiyi və bu köçün bütün ərazinin simasını dəyişəcəyi qorxusunu xatırlayır. R.Həsənov məlumat verir ki, Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı aktlarda görünür ki, 1821-ci ildə pravoslav keşiş Çiçikov Çar tərəfindən təyin olunmuş Qafqaz canişini Aleksey Yermolova məktub yazaraq bildirir ki, Oğuz kəndində olan udilər buraya köçürülən erməni əhali tərəfindən zorla qriqoryanlaşdırılır. Rahim bizə başqa bir faktı da qeyd edir: "1852-ci ildə "Qafqaz" qəzetində rus tədqiqatçısının udilərlə bağlı məqaləsi dərc olunub". O əlavə edir ki, köhnə bazarda daha bir alban kilsəsi yerləşir ki, bu kilsə I Nikolayın istəyi ilə keçirilən sinoddan sonra ermənilərə verilib. Bu gün bu kilsə şəxsi mülkiyyətdir".

Qeyd olunur ki, Alban kilsəsi öz intibahını məhz Xudavəng (1214-cü il, Kəlbəcər rayonu), Gəncəsər (1216-38-ci illər, Ağdərə rayonu), Xatirəvəng (1204-cü il, Kəlbəcər rayonu) və başqa monastır kompleksləri ilə yaşayıb:

"Azərbaycanda alban memarlığı üzrə ən mühüm ekspertlərdən biri - professor David Axundovun tələbəsi, professor Səbinə Hacıyevanın müşayiəti ilə səyahətimizin son hissəsində istiqamətimiz məhz orayadır. Dağlara qalxdıqca avtomobilin açıq şüşələrindən tünd kəklikotu iyi gəlir və bizi duman bürüyür. "Bu duman deyil, buluddur", - Səbinə deyir. Kəlbəcər rayonunun Vəng kəndində yerləşən monastır kompleksinə çatanda bizə məlumat verir: "Həvari Faddey Xudavəngdə dəfn olunub və monastır XIII əsrdə "Albanların Vatikanı" sayılırdı".

Arxeoloji qazıntılar zamanı məlum olub ki, monastırın təməli VI-VII əsrlərdə qoyulub. XIII əsrdə Mehranilər sülaləsindən olan Böyük Həsənin (deyilənə görə, monastırda asketizmə çəkilib) oğlu, Şahzadə Xaçın Vaxtanqın (Bəhram) ailəsinin səyləri nəticəsində təmir edilib və yeni tikililərlə zənginləşdirilib. Kilsə 1214-cü ildə şahzadə Arzu xatun tərəfindən həyat yoldaşı Şahzadə Vaxtanq və uşaqlarının xatirəsini əbədiləşdirmək üçün inşa olunub. Burada qalereya formalı eyvan və kiçik bir keçid də tikilib. İbadət yerlərinin cənubunda yaşayış və kənd təsərrüfatı binaları yerləşirdi.

Səbinə Hacıyeva davam edir:

"1216-cı ildə Gəncəsər monastırı tikildi və əsas dini mərkəzə çevrildi. Sonra kilsə sənədləri Gəncəsərə keçdi və orada 1836-cı ilə qədər qorundu".

Gəncəsər monastırına çatmaq üçün dağın başına qalxırıq. Hündür divarla əhatə olunmuş ərazi Vəngli kəndinin yaxınlığında, Xaçınçayın sahilində, dağın yamacında yerləşir və buradan ətrafa gözəl mənzərə açılır. Buradakı Müqəddəs Vəftizçi İohann kilsəsi 1216-38-ci illər arasında tikilib. Altı əsr ərzində, 1836-cı ilə qədər, o, müstəqil Alban knyazlığının spiritizm mərkəzi və sonuncu Alban katolikosunun iqamətgahı olub. Monastır kompleksində rahiblərin hücrələrini və katolikosları yerləşdirmək üçün otaqları da görmək mümkündür".

Mənbə: oxu.az

Aqreqator
Избранный
241
4
oxu.az

10Источники