RU

Azərbaycanın Ermənistana sonuncu saziş təklifindən düz 1 ay keçdi- ermənilər susur...

Image

Tural İsmayılov: “Sülh sazişinə cavabla bağlı Ermənistanda müstəqil siyasi iradə mövcud deyil”

Məlum olduğu kimi, iyunun 26-da Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın yaydığı  məlumatda bildirilir ki, Ermənistanın sülh sazişi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir. Ermənistan artıq səsləndirilmiş və təqdim olunan fundamental müddəalara uyğun olaraq, mümkün qədər tez bir zamanda sazişi imzalamağa hazırdır.

Qeyd edək ki, bir aydan artıqdır Ermənistan Azərbaycandan sülh sazisi layihəsi ilə bağlı təkliflər paketi alıb. Bununla yanaşı, Ermənistan tərəfi görüşməyə də maraq göstərmir. Maraqlıdır, Ermənistan Azərbaycanın sülh sazisi layihəsi ilə bağlı təkliflər paketinə cavabı niyə gecikdirir? 

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin gecikməsi Ermənistan və onun havadarlarına daha çox sərf edir” 

Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan beynəlxalq ictimaiyyətə sülhlə bağlı təbliğat aparsa da, hər kəsə məlumdur ki, bu ölkə səmimi mövqe göstərmir: “Ermənistanın səmimi mövqe göstərməsi üçün dövlət sənədlərində dəyişiklik edilməlidir. Ermənistan başa düşür ki, bu gün Azərbaycanla sülh sazişi imzalansa belə, real sülh müqaviləsindən bəhs etmək üçün mütləqdir ki, adıçəkilən ölkə Azərbaycana qarşı ərazi iddialarını dövlət sənədlərindən çıxarsın. Hələ də Ermənistanın konstitusiya aktında Azərbaycana qarşı ərazi iddiaları var. Təbii ki, bu iddialar Ermənistanla Azərbaycan arasında real sülhün əldə edilməsinə əngəl törədəcək. Bu səbəbdən də Ermənistan daha çox vaxt qazanmağa çalışır. Bu gün Ermənistanın sistematik şəkildə silahlandırıldığı hər kəsə bəllidir. Həmçinin, Ermənistanın sülhlə bağlı verdiyi açıqlamaların səmimi niyyət qoya bilmədiyini müşahidə edirik. Bütün bunlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin şərtlərini blok edir”.

T.İsmayılov hesab edir ki, Azərbaycanla Ermənistan arasındakı sülh sazişinin gecikməsi Ermənistan və onun havadarlarına daha çox sərf edir: “Çünki Ermənistan başa düşür ki, Azərbaycanla sülh sazişi imzalasa mütləq şəkildə konstitusiyanı dəyişməlidir. Görünən odur ki, sülh sazişinə cavabla bağlı Ermənistanda müstəqil siyasi iradə mövcud deyil”.

Günel CƏLİLOVA





Избранный
22
baki-xeber.com

1Источники